RU

Rus qazından məhrum qalan Moldova Azərbaycana ÜZ TUTACAQ? - Moldovalı analitikdən ÖZƏL AÇIQLAMA

“Rusiya qazından imtina Moldova üçün məcburidir. 2021-ci il oktyabrın 29-da “Qazprom” və “Moldovaqaz” Moldovada istehlakçılara Rusiya qazının tədarükü müqaviləsini 5 il müddətinə uzadıb. Lakin bu sənədin imzalanması zamanı gözlənilməz hallar oldu. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan qısa müddət sonra Ukrayna hakimiyyəti Kremlin əlində siyasi alətə çevrilmiş Aİ ölkələrinin Rusiya qazından asılılığını azaltmaq üçün onun tranzitini dayandırmaq niyyətini açıqladı. Hazırda bu müqavilə 2025-ci il yanvarın 1-də başa çatır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko deyib.

Moldova hansı variantı seçəcək?

Moldovanın Rus qazından imtinasının yaradacağı çətinlikləri şərh edən analitik, rəsmi Kişinyovun başqa variantlar axtardığına diqqət çəkib:

“Rusiyadan qaz nəqli dayandırıldıqdan sonra Moldovanın qaz tədarükü üçün iki əsas marşrut var. Bu, bir neçə il əvvəl tamamlanan İaşi-Ungheni-Kişinyov qaz kəməridir. Yaxud da Trans-Balkan qaz kəməri. Düşünürəm ki, ikinci variant, Trans-Balkan qaz kəməri daha realdır. Bu qaz kəməri vasitəsilə Dnestr çayının sol sahilinə də qaz verilə bilər.

Ancaq bunun özünəməxsus və ciddi çatışmazlıqları var. Birincisi, qaz bu halda uzun müddətdir ki, bütün qış üçün tam müqavilə bağlanmış “Türk axını”ndan keçir. Biz əlavə imkanlar axtarmalıyıq. İkincisi, Türkiyə-Bolqarıstan sərhədində qazın nəqli imkanları məhduddur, bununla nə edəcəyinə qərar vermək lazımdır”, - deyə R.Şevçenko bildirib.

Ruslan Şevçenko hesab edir ki, bu məqamda Azərbaycan qazı da nəzərdən keçirilməlidir.

“2022-2023-cü illərdə keçmiş baş nazir Nataliya Qavrilitsa, sonra isə baş nazirin müavini Andrey Spinunun Bakıya bir neçə səfəri baş tutub. Bu səfərlərin əsas məqsədləri arasında Azərbaycan qazının Trans-Balkan qaz kəməri ilə Moldovaya nəqli imkanlarının nəzərdən keçirilməsi də yer alıb.

Lakin bu halda logistika marşrutu xeyli uzun olacaq. 2025-ci il yanvarın 1-dən sonra qaz təchizatı marşrutları ilə bağlı əsaslı dəyişikliklərin gündəmdə olmasına baxmayaraq, Azərbaycan qazının tədarükü məsələsi ilə bağlı Moldovanın rəsmi qurumları tərəfindən açıq fikir bildirilməyib”.

Tehran Orucoğlu, Bizim.Media

Избранный
7
bizim.media

1Источники