Fikir və söz azadlığının açdığı yeni üfüqlər media subyektlərinə geniş meydan verib. Senzuranın ləğvi, istənilən mənbəyə əlçatanlıq və öz fikrini sərbəst ifadə etmək demokratik cəmiyyətlərə xas olan keyfiyyətlərdir. Azərbaycanda da bu prinsiplər təmin olunub və azad mətbuat fəaliyyət göstərir.
Məsələ təkcə jurnalistlərin öz işinə peşəkar yanaşmasında deyil, eyni zamanda oxucuların istehlak etdiyi informasiyaya münasibəti də önəmlidir. Burada ən əsas faktor informasiya savadlılığıdır. Ötürülən hər hansı informasiyaya obyektiv münasibət, xəbərin hansı mənbədən gəlməsi, istinad yeri də diqqətə alınmalıdır. Bəzən feyk xəbərlərin tirajlanması oxucuda fikir müxtəlifliyi yaradır və onda həmin informasiyanın həqiqiliyinə inam azalır. Bu məsələdə tənqidi düşünmək, xəbəri anlamaq da vacib şərtdir. Əgər ötürülən informasiyada hansısa şübhəli məqamlar varsa, onda onun analizi aparılmalı, belə bir hadisənin baş verə biləcəyi ehtimalının olub-olmaması götür-qoy edilməlidir. Eyni zamanda şübhə ilə yanaşılan informasiyalara alternativ mənbələrdən də nəzər salmaq vacibdir. Əksər hallarda sensasiya xatirinə yayılan dezinformasiyaları digər mətbuat orqanları özləri də bilməyərəkdən tirajlayır. Bu, ən çox düşmən tərəfin ötürdüyü informasiyalarla bağlıdır.
Ermənistan mətbuatında ölkəmiz əleyhinə yayılan dezinformasiyalar son illər daha çox yayılıb. Ermənilərin ölkəmizə qarşı apardığı kampaniyanın tərkib hissəsi olan informasiya müharibəsində hədəf Azərbaycandır. Əsas məqsəd müxtəlif növ yalan məlumatların qarşı tərəfə ötürülməsidir. Azərbaycan oxucusu belə məzmunlu xəbərlərlə tanış olanda dərhal anlamalıdır ki, bu, Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsinin bir hissəsidir. Məqsəd isə Azərbaycanda ictimai rəyi çaşdırmağa hesablanıb. Ermənistanın bu siyasəti 44 günlük Vətən müharibəsində özünü daha çox göstərdi. Onlar 44 gün ərzində qalib gəldikləri və Azərbaycan Ordusunun darmadağın edilməsi barədə saxta xəbərlər tirajlayırdılar. 2020-ci il noyabrın 10-na qədər ermənilər uydurduqları yalana özləri də inanmışdılar. Lakin eməni mətbuatı informasiya hücumlarını sonrakı vaxtlarda davam etdirsələr də, uğurlu nəticə əldə edə bilmirdilər. Çünki Azərbaycan mətbuatı Ermənistan tərəfinin yaydığı feyk xəbərlərə vaxtında reaksiya verərək, onun geniş təhlilini aparır və düşmənin məkrli planını dərhal ifşa edirdi. Təəssüf ki, Ermənistanın belə cəhdləri hələ də davam edir.
Deməli, informasiya savadlılığı prinsipinə həm jurnalistlər, həm də oxucular riayət etməlidir. Jurnalist həmkarlarımız “filtrdən keçirilməyən” informasiyaya xüsusi yanaşmalıdırlar. Eyni zamanda sosial media ilə rəsmi mediada yayılan xəbərlər ayırd edilməlidir. Bunları bir-birindən ayırmaq da informasiya savadlılığı tələb edir. Bunu təmin etmək üçünsə daha çox rəsmi və ciddi media subyektlərinə etibar edilməlidir.
Vəli Həsənoğlu,
KONKRET.az