Bu ilin yanvar-noyabr aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb.
İndex.az bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
O cümlədən, 11 ay ərzində Orta Dəhlizlə konteyner daşımaları 1 il əvvələ nisbətən 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib.
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu davamlı artım göstərməyə davam edir. Bu da buraxılış qabiliyyətinin ildə 6 milyon tona qədər, o cümlədən 100 min TEU konteyner daşımalarına qədər artması ilə təsdiqlənir. Ötürücülük qabiliyyətinin artırılmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş infrastrukturun modernləşdirilməsinə xüsusi diqqət yetirilir”, – məlumatda qeyd olunub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.