“2025-ci il bütün dünyada iqtisadi çətinliklərlə yadda qalacaq”.

İndex.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Oruc bildirib.

İndex.az-a danışan ekspertin sözlərinə görə, 2025-ci il üçün Azərbaycanın əsas prioriteti yaşıl iqtisadiyyatdır:

“Azərbaycanın büdcəsi hər zaman sosial yönümlü büdcə olub. Növbəti il ölkənin əsas prioriteti yaşıl iqtisadiyyatdır. Bu baxımdan növbəti il üçün ölkə büdcəsindən bu sahəyə 1 milyard 300 milyon manat dəyərində vəsait ayrılıb. Beləliklə, 2025-ci ildə sosial təyinatlı büdcəmiz həm də yaşıl iqtisadiyyat olaraq çıxış edəcək. Azərbaycan hökuməti həm humanitar siyasət baxımından, həm də inflyasiyanın tənzimlənməsi, o cümlədən Azərbaycan manatının mövqelərinin stabil saxlanması baxımından müvafiq strategiyalar həyata keçirir”.

Vüqar Oruc növbəti ilin iqtisadi cəhətdən çətin keçəcəyini qeyd edib:

“2025-ci il bütün dünyada iqtisadi çətinliklərlə yadda qalacaq. Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə dünyada baş verən iqtisadi çətinliklərə rəğmən ölkə iqtisadiyyatını stabil saxlamaqdır”.

Ekspertin sözlərinə görə, 2025-ci ildə inflyasiyanın artacağı gözlənilir:

“Proqnozlara görə, inflyasiyanın artacağı gözlənilir. Bununla yanaşı, 2024-cü ildə əhalinin banklardakı əmanəti son 5 ilə nəzərən ciddi şəkildə artıb. Bu isə banklara olan inamın yenidən yüksəldiyini göstərir”.

Vüqar Oruc bildirir ki, büdcənin əsas hissəsi Qarabağa yönəldiləcək:

“Növbəti ildə də büdcənin əsas hissəsi işğaldan azad olunan ərazilərin bərpasına yönəldiləcək. Həmin ərazilərdə infrastrukturun bərpası və müvafiq inkişaf lahiyələrinin aparılması istiqamətində işlər görüləcək. Çünki Azərbaycan hökumətinin əsas prioritetlərindən biri də məcburi köçkünlərin doğma yurdlarına  qaytarılmasıdır”.

Ekspert qeyd edib ki, 2025-ci ildə 169 yeni lahiyə maliyyələşdiriləcək:

“Növbəti ildə dövlət hesabına ümumi dəyəri 25.5 milyard manat olan 169 yeni lahiyə maliyyələşdiriləcək. Bu lahiyələrdən 14-ü çox ciddi və böyük lahiyədir. Digərləri isə keçid lahiyələrdir. Sözü gedən lahiyələr qeyri-neft sektorunun inkişafı üçün nəzərdə tutulub. Bu lahiyələr çərçivəsində ölkəyə xarici investisiyaların cəlb olunması üçün addımlar atılacaq. Cəlb olunan investisiyalar daha çox işğaldan azad olunmuş ərazilərə yönəldiləcək. Bu investisiyalar həm yeni iş yerlərinin açılmasına, həm də iqtisadi inkişafa təkan verəcək”.

Vüqar Orucun sözlərinə görə, növbəti ildə ölkə büdcəsi artacaq:

“2025-ci ildə dövlət büdcəsi artacaq. Bu isə ölkə iqtisadiyyatının da böyüməsindən xəbər verir. Növbəti ildə dövlət büdcəsindən ayrılacaq xərclər 41 milyard manat təşkil edəcək. Bu rəqəm cari ilin xərclərinə nəzərən 4% daha çoxdur. Növbəti ildə büdcənin gəlirləri isə bu ilki gəlirlərə nəzərən 5,3% daha çox olacaq”.