RU

Suriyaya getmiş 70 azərbaycanlı geri gətirilib - 54-ü uşaqdı - FOTO

Ombudsman tərəfindən xarici ölkədə çətin həyat şəraitində olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. 

Son illərdə Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsi ilə bağlı Ombudsmana ünvanlanlanan müraciətlər üzrə zəruri tədbirlər görülmüşdür. Həmin ərizəçiləri qəbul edən Ombudsman mövcud problemin araşdırılması, həlli, vətəndaşlarımızın ölkəyə qaytarılması, onlar barəsində məlumatların alınması və   dəqiqləşdirilməsi, təxirəsalınmaz humanitar dəstəyin və tibbi yardımın göstərilməsində köməklik göstərilməsi istiqamətində səlahiyyətli qurumlarla əməkdaşlığını davam etdirir. 

Müraciətlər üzrə aidiyyəti qurumlara göndərilmiş sorğular nəticəsində uşaqların Azərbaycana qayıtması üçün zəruri sənədlərin hazırlanması və digər məsələlər həll edilmişdir. 

Eyni zamanda, ümumilikdə Ombudsman Suriyada qalan vətəndaşlarımızın qaytarılması və onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görülməsi məqsədi ilə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər etmişdir.
Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə bu istiqamətdə müzakirələr aparılmışdır.

Məlum olduğu kimi, Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm olaraq Suriyada saxlanılan vətəndaşların ölkəyə repatriasiyası həyata keçirilir. 

Ombudsman və onun nümayəndələri müxtəlif vaxtlarda ölkəyə repatriasiya edilmiş həmin şəxslərlə görüşmüş, onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılmışdır.

Repatriantlarla görüş zamanı onların ümumi və psixoloji vəziyyəti qiymətləndirilir, problemləri və ehtiyacları öyrənilir, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilir.  Repatriantların yerləşdirildikləri müəssisəsi tərəfindən onların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunur. Görüş çərçivəsində, həmçinin repatriantlara Müvəkkilə müxtəlif vasitələrlə müraciət imkanları barədə məlumat verilir.

Qeyd edək ki, Ombudsman və onun nümayəndələri tərəfindən Suriya Ərəb Respublikasından repatriasiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarından 54-ü uşaq, 16-sı qadın olmaqla 70 nəfərlə görüş keçirilmiş, onların hüquqlarının təmini vəziyyəti öyrənilmişdir.

Eyni zamanda repatriantların hüquqlarının təmin olunmasına dair Ombudsmana ünvanlanan müraciətlər üzrə müvafiq qurumlarla əməkdaşlıqda lazımi tədbirlər görülmüşdür. Görülmüş tədbirlər nəticəsində müraciətlərdə qeyd olunan əsasən uşaqların doğum haqqında şəhadətnamələrinin, sosial yardımın verilməsi, psixoloji dəstək xidmətlərinin göstərilməsi və digər bu kimi məsələlər təmin edilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
21
milli.az

1Источники