RU

Media savadlılığı: Niyə bu qədər aktualdır?

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Media Savadlılığı” Həftəsinə start verilib. Tədbir dekabrın 16-da başlayıb və dekabrın 22-dək davam edəcək.

“Media Savadlılığı” Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Qeyd edək ki, hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər öz fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcəkdir.

Məsələ ilə bağlı tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, "Media Savadlılığı" Həftəsinin keçirilməsi müsbət bir hadisədir:

"Bunun dalğası nə qədər geniş və çoxtəkanlı olarsa, bir o qədər də yaxşı olar. Əsas məqsəd cəmiyyətdə media savadlılığını artırmaqdır.

Çünki böyük informasiya axını içindəyik və fərqli mənbələrdən müxtəlf informasiya seli axır.

İnformasiyanın xarakterini bilmək, verilən məlumatı təhlil etmək və dəyərləndirmək qabiliyyətinin olması media savadlılığıdır. Buna görə də bu tədbirin keçirilməsini müsbət hadisə kimi dəyərləndirirəm.

Lakin bunun üçün praktik addımlar da atılmalıdır. Çünki günümüzdə 10 yaşlı uşaq belə sosial şəbəkələrdən istifadə edir. Buna görə də informasiyanı təhlil etmək, dəyərləndirmək məsələsi cəmiyyətdə çox vacibdir. Bu həftənin məqsədi budur ki, biz bu vərdişləri cəmiyyətimizə aşılayaq".

Избранный
9
cebheinfo.az

1Источники