RU

Suriyadan sonra növbə İranındır - İqor Korotçenko

"Suriyadakı hadisələrin benefisiarı ABŞ, Britaniya, Türkiyə və İsraildir. Suriya məsələsində açıq-aydın məğlub olan tərəf isə İrandır. İran yaxşı başa düşür ki, növbə onundur. Suriyada baş verənlər Rusiya üçün də mənfidir, amma ölümcül deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri APA-ya müsahibəsində Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi analitik İqor Korotçenko bildirib.

O, Suriyadakı hadisələrin xaricdən səhnələşdirildiyini vurğulayıb: “Burada Britaniya kəşfiyyatı Mi6-nın peşəkar işi hiss olunur. Yaxın Şərq regionunda ənənəvi olaraq Britaniya hər zaman güclü olub. Əlbəttə ki, Amerika kəşfiyyatı Suriyadakı hadisələrdə aktiv iştirak edib. Biz Əsəd hakimiyyətinin devrilməsindən sonra vahid Suriya dövləti əvəzinə dörd nəzarət zonası yarandığını görürük. Birinci İsrailin nəzarət zonası... İsrail yaranmış vəziyyətdən istifadə edərək, beynəlxalq hüququ pozaraq ordusu ilə Suriyanın dərinliklərinə daxil olub, bütün Colan təpələri ərazisini ələ keçirib. Faktiki olaraq İsrail Müdafiə Qüvvələri Suriyanın bir hissəsini işğal edib. Suriyada ikinci nüfuz zonası isə Türkiyənindir. İdlib və ona bitişik ərazilərdə Türkiyəyönümlü qüvvələr vəziyyətə nəzarət edəcəklər. Bundan başqa Amerika hərbi kontingentinin olduğu neft hasil olunan ərazilər və silahlı müxalifətin bir vaxtlar Əsədin nəzarətində olan əraziləridir. Ona görə də, Suriyadakı hadisələrin benefisiarı birmənalı olaraq Suriya xalqı deyil. Çünki hakimiyyəti ələ keçirən silahlı müxalifətin ac Suriya xalqına gün ağlayacağına inanmaq çox çətindir. Buna görə də ehtimal var ki, Suriya bu hadisələrdən sonra ikinci Əfqanıstana çevriləcək. Paytaxt Dəməşqə silahlı müxalifət, digər ərazilərə isə müxtəlif qruplaşmalar nəzarət edəcək. Ya da Suriya İraq kimi olacaq, harada ki, qərbli kuratorların arxasında dayandığı regionlar formal olaraq respublikanın tərkibində, lakin faktiki olaraq müstəqil idarə olunacaq. Mən vahid Suriyanın qorunub saxlanılacağına çətinliklə inanıram. Hər şey hakimiyyəti ələ keçirən silahlı müxalifətin liderlərindən, onların qabiliyyətindən asılı olacaq. Bütün hallarda onlar dövlət idarəçiliyi bacarıqlarına malik deyillər. Onların hələ də Bəşər Əsədin nazirlər kabinetində yer almış məmurlara ehtiyacı olacaq”.

Rusiyalı hərbi analitik hesab edir ki, Suriyada baş verənlərin əsas benefisiarı Amerika Birləşmiş Ştatlarıdır, hansı ki, Trampın inaqurasiyası ərəfəsində belə fors-major vəziyyət yaradıb. Nəticədə isə Yaxın Şərqdə yeni geosiyasi vəziyyət yaranıb: “Əlbəttə ki, Türkiyə də benefisiardır. Əvvəla Ərdoğan Suriyaya hazırda Türkiyədə olan milyondan çox qaçqını geri göndərəcək. Bu, Türkiyə iqtisadiyyatının üzərindən böyük yükün götürülməsi deməkdir. Aydındır ki, Türkiyə Suriya ərazisində iqtisadi-ticari fəallığın dirçəldilməsinə yardım edəcək. Bütün bunlar onu göstərir ki, Suriyada hakimiyyət çevrilişi Britaniya kəşfiyyatının Türkiyə kəşfiyyatı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə həyata keçirdiyi əməliyyatdır".

"Bütün hallarda İran məğlub olan tərəfdir"

Korotçenkonun sözlərinə görə, Suriya məsələsində açıq-aydın məğlub olan tərəf İrandır. Baş verənlər İrana və onun regiondakı proksisinə güclü zərbədir: “İran birmənalı olaraq uduzub. İranda əsas problem hakimiyyətin transferi məsələsidir. İranın Ali Rəhbəri elə yaşdadır ki, artıq hakimiyyəti kiməsə ötürməlidir. Bundan başqa biz İranın hazırkı prezidentinin simasında yeni Qorbaçovu görürük. O da İranda yenidənqurmaya getsə, mövcud rejimin sonunu gətirəcək. Əlbəttə ki, hər şey İranın Ali Rəhbərliyinin fəaliyyətindən asılı olacaq. Əgər İran Ali Rəhbərliyi hakimiyyət transferini uğurlu, yəni ayətullahların və hərbçilərin nəzarəti altında sakit həyata keçirməsə, bu İslam Respublikası üçün pis nəticələnəcək”.

Rusiyalı ekspert vurğulayıb ki, əvvəla Suriyada baş verənlər həzm olunmalıdır: “Lakin əsas geosiyasi aktorların, yəni İsrail və ABŞ-nin nöqteyi-nəzərindən İranda hakimiyyət piramidasını yıxmaq üçün böyük oyun oynanılacaq. Ona görə də Suriyadan sonra növbədə İranındır. Lakin İranda vəziyyətin destabilləşməsi həm regional, həm də qlobal risklər daşıyır. Bu mənada İrana Rusiya ilə strateji əməkdaşlıq və tərəfdaşlıq haqqında Sazişi tez bir zamanda imzalamaq lazımdır. Lakin İranın yeni Prezidenti bunu nədənsə gecikdirir. Sözsüz ki, Suriyada baş verənlər İran üçün fövqəladə dərəcədə ağrılıdır. İran yaxşı başa düşür ki, növbə onundur".

"Suriyada baş verənlər Rusiya üçün də mənfidir, amma ölümcül deyil"

Rusiyalı analitik hesab edir ki, Suriyadakı hadisələr Bəşər Əsəd hakimiyyətinin çöküşü, bir neçə gün ərzində Suriya dövlətçiliyinin dağılmasıdır: “Əvvəla baş verənlər Əsəd rejiminin keyfiyyətinin, ordunun və güc strukturlarının motivə olunmamasının göstəricisidir. Ən başlıcası isə, bu Əsədin siyasətçi və Ali Baş Komandan kimi şəxsi keyfiyyətlərinin göstəricisidir. Dövləti idarə etmək üçün əlində hər cür imkanın, xarici hərbi siyasi dəstəyin olmasına baxmayaraq, Əsəd elə addımlar atdı ki, onun vəziyyəti çətinləşdi və nəticədə belə biabırçı final oldu.

Rusiya Suriyadakı hadisələrə sakit reaksiya verdi nə deməkdir? Suriya ordusu Ali Baş Komandanı atıb gedəndə Rusiya necə reaksiya verməli idi ki? Suriya ordusunun bütün bölmələri silahı və texnikanı atıb qaçdılar. Bu şərtlərlə Rusiya nə edə bilərdi ki? Moskva üçün ilk növbədə milli maraqlardır. Sözsüz ki, beynəlxalq təşkilatlarda biz Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını dəstəkləyəcəyik. Lakin yerdəki reallıqlar var. Bu reallıqlar ondan ibarətdir ki, Əsəd cinayətkarcasına hakimiyyətini itirib. Bu onun öz siyasi səhvləri ucbatından baş verib. Bu, onun problemidir. Ona qarşı iddia sürülə bilinərmi? Düşünürəm ki, iddia irəli sürülməlidir. Mən diplomat deyiləm, amma ekspert kimi deyə bilərəm ki, Əsəd əlində olan hər şeyi israf etdi".

Korotçenkonun əlavə edib ki, Əsəd rəsmi Moskvanın ümidlərini doğrultmayıb, onun üçün Rusiyanın yaratdığı hərbi və xarici siyasi şəraitdən Suriya dövlətinin mənafeyi üçün istifadə etməyib, ancaq şəxsi və hakimiyyətinin mənafeyini güdüb:

"Mən Suriyada dəfələrlə olmuşam. Sonuncu dəfə 2015-ci ildə, Rusiya ordusu ora təzə girəndə olmuşdum. O zaman vəziyyət indikindən daha əlverişli idi. Əgər əsgərlərə dörd ay əmək haqqı verməsən, hansı motivasiyadan söhbət gedə bilər?! Əgər generallar görsə ki, ölkə başçısı dövləti möhkəmləndirmək əvəzinə aktivlərini ölkədən çıxarır, o zaman hakimiyyəti necə müdafiə edə bilərlər?! Ona görə də Əsədin taleyi onun özünün şəxsi problemidir. Çili prezidenti Alyende əlinə avtomat alıb sona qədər vuruşmuşdu. Əsəd ailəsini təxliyə etmişdi. Rusiya ona belə şərait yaratmışdı. Rusiya heç vaxt keçmiş müttəfiqlərini belə yarı yolda qoymur. Əsəd mənəvi cəhətdən özünü layiqli dövlət başçısı kimi aparmadı. O, əlində silah sona qədər vuruşmalı, sonda da özünü güllələməli idi. Belə etsəydi, o zaman tarixə düşərdi. O isə tarixə milyonlarını, milyardlarını ölkədən qaçıran dövlət başçısı kimi düşdü".

Rusiyalı analitik hesab edir ki, Suriyada baş verənlər Moskva üçün də mənfidir, amma ölümcül deyil: "Ona görə ki, regionda dörd əsas oyunçu olan Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Misirin Qərblə yanaşı, Rusiya ilə də yaxşı münasibətləri mövcuddur. Bütün hallarda Rusiya regionda təsir dairəsini qoruyub saxlayır. O ki qaldı Rusiyanın Suriyadakı hərbi bazalarına, düşünürəm ki, bu bazaların taleyinə yaxın həftələr ərzində aydınlıq gələcək. Bununla yanaşı, biz Dəməşqdəki Rusiya səfirliyinin işlədiyini, silahlı müxalifətin Rusiyanın ölkədəki diplomatik personalının təhlükəsizliyinə zəmanət verdiyini görürük. Rusiya bazalarına qarşı hücumlar yoxdur. Ola bilsin ki, aralıq konsensus əldə olunacaq. Bu konsensus hansı formada, Rusiyanın hərbi obyektləri hansı statusda olacaq, bunu hələlik dəqiq proqnozlaşdırmaq çətindir. Bütün bunları yaxın vaxtlarda baş verəcək hadisələr göstərəcək".

Korotçenko Suriyadakı Rusiya hərbi bazalar ilə bağlı bu gün heç kəsin dəqiq proqnoz verə bilməyəcəyini diqqətə çatdırıb. Onun fikrincə, bu məsələnin hər cür variantı mümkündür. Bütün hallarda hər şey Moskva ilə Suriyada hakimiyyəti ələ keçirən silahlı müxalifətin danışıqlarının nəticəsindən asılı olacaq.

Избранный
1
2
redaktor.az

3Источники