RU

Sahibkarların kartdan-karta pul atmaları necə ifşa olunur…

Image

Xalid Kərimli: “Davamlı olaraq bir karta vəsaitlərin köçürülməsi şühbəyə səbəb olur və aidiyyəti qurum həmin obyekti nəzarətə götürür”

Son zamanlar pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur. Pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları ilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. 

Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır.

Bu problemin qarşısını almaq üçün “Kartdan karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib. Həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib. Maraqlıdır, kartdan-karta pulköçürmə sistemi necə müəyyən olunur ki, filan sahibkar ödənişi qeyd edilən qaydada həyata keçirir? 

“Sahibkar ödənişi öz adına qəbul etmək əvəzinə, başqa şəxsin adına kart açdırıb həmin hesaba ödənişin edilməsini tələb edirsə bu düzgün deyil”

Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kartdan-karta ödənişin müəyyən olunması iki formada olur: “Birinci forma odur ki, vergi nəzarət işçiləri prosesin canlı  şahidi olur. Onlar vətəndaş kimi obyektə daxil olur və prosesin canlı şahidi olurlar. Ümumiyyətlə, hansısa obyektdə ödənişin kartdan-karta edildiyini öyrənmək elə də çətin iş deyil. Həmçinin, bu əməliyyat edilərkən bank sistemində qeydiyyata düşür. Banklardan məlumatı alıb, rahat şəkildə risqlər müəyyən olunur. Davamlı olaraq bir karta vəsaitlərin köçürülməsi şühbəyə səbəb olur və aidiyyəti qurum həmin obyekti nəzarətə götürür”.

Həmsöhbətimizin sözlərinə görə, kartdan karta ödənişin edilməsi biznesin ödənişi kimi qəbul edilə bilməz: “Sahibkar ödənişi öz adına qəbul etmək əvəzinə, başqa şəxsin adına kart açdırıb həmin hesaba ödənişin edilməsini tələb edirsə bu düzgün deyil. Bu da qanunvericiliklə məsuliyyətə səbəb olur”.

Günel CƏLİLOVA





Избранный
7
baki-xeber.com

1Источники