RU

Əhalinin kənddən şəhərə gəlməsinin qarşısı alınacaq- AÇIQLAMA

Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxışı zamanı regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlandığını bildirib. Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur. 

Bəs yeni dövlət proqramı regionların iqtisadiyyatına, insanların sosial rifahına necə təsir edəcək?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, yaxın vaxtlarda paytaxtla regionlar arasındakı iqtisadi fərq minimumlaşdırılacaq.

"Regionların sosial-iqtisadi inkişafı Azərbaycan iqtisadiyyatında dayanıqlı və balanslı iqtisadi inkişafın möhkəmlənməsi baxımından prioritetdir. Sözsüz, əvvəlki dövrlərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı regionlarda infrastrukturun formalaşması və inkişafına zəmin yaratdı. Eyni zamanda nəzərə alaq ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən struktur islahatları da artıq regionun inkişafı ilə bağlı ayrıca dövlət proqramının reallaşmasına şərait yaradıb. Bu, eyni zamanda Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən ayrılan dotasiyaların həcminin də azalmasına gətirib çıxarıb. Bu baxımdan növbəti dövrlərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı əsas hədəf artıq formalaşmış infrastrukturun dəyərə çevrilməsi, bölgələrimizə daha çox sərmayənin cəlb edilməsi və bununla da regionlarda daha çox iş yerlərinin yaradılmasına nail olmaqdır. Ona görə də proqramların qəbul edilməsi bu sahədə daha sistemli tədbirlərin həyata keçirilməsinə, bütövlükdə dəstəyin sistemləşdirilməsinə və ünvanlılığının artmasına imkan yaradacaq. Bu baxımdan təbii ki, Bakı, yəni paytaxtla regionlar arasındakı iqtisadi fərqin minimumlaşdırılmasına gətirib çıxaracaq".

Keçmiş millət vəkili, iqtisadçı Vahid Əhmədovun sözlərinə görə, bu proqram görülməyən işlərin yerinə yetirilməsi üçün vacib amildir.

"Bu, çox vacibdir. Çünki bu vaxta qədər dörd proqram var idi. Həmin proqramlarla işlər yerinə yetirilirdi. Xüsusilə infrastruktur layihələri, yol çəkilişi, elektrik enerjisi təminatı, xəstəxana tikintiləri, məktəb tikintisi, digər sosial məsələlərdə kifayət qədər işlər görülüb. Amma görülməyən işlər də var ki, əhəmiyyətcə belə bir proqramın qəbul edilməsi vacibdir. Xüsusilə burada sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur. Çünki burada yol, işıq, qaz müəyyən qədər öz həllini tapsa da, əsas problem bu regionlarda iş yerlərinin olmamasıdır.

İş yerləri əsasən sahibkarlığın inkişafı daha sonra kənd yerlərində məşğulluğun artırılması və real səviyyədə həyata keçirilməsi ilə bağlıdır. Turizmlə əlaqədar Azərbaycanın imkanı çox yox idi. Son vaxtlar Qarabağ da işğaldan azad olunub, kifayət qədər imkan böyüyür. Bu sahələrdə investiya yatırmağın çox böyük əhəmiyyəti var və bunların hamısı əhalinin kənddən şəhərə gəlməsinin qarşısını ala bilər. Həm də kifayət qədər iş yerləri açılar ki, əhali üçün müəyyən qədər problemlər öz həllini tapmış olar. Bu müsbət bir addımdır və belə bir proqram qəbul edilməlidir. Çünki icra olunmayan hissələri sonrakı proqramlara əlavə edirlər. Bu, mən deyərdim ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir", - deyə Vahid Əhmədov bildirdi.

Избранный
24
3
avtosfer.az

4Источники