RU

BDU-nun 105 illiyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin təqdimatı: “Yaşıl düşüncə məkanı”

Bakı, 17 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin “Yaşıl düşüncə məkanı” adlı təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Ekologiya və torpaqşünaslıq fakültəsinin universitetin ən gənc fakültəsi olmasına baxmayaraq, fəaliyyəti ilə fərqləndiyini qeyd edib. O bildirib ki, fakültədə ekoloji problemlərin həlli, torpaqşünaslıq, qlobal iqlim dəyişiklikləri istiqamətində uğurlu elmi araşdırmalar aparılır. Bu gün dünyada aktual məsələlərdən biri ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı günü-gündən artırır. Bu baxımdan fakültənin yetişdirdiyi kadrlara çox böyük ehtiyac var.

Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı fakültənin tarixinə və keçdiyi inkişaf yoluna nəzər salıb. Bildirib ki, 2010-cu ilin Azərbaycanda “Ekologiya İli” elan edilməsi ilə əlaqədar olaraq BDU Elmi şurasının qərarı ilə Biologiya, Coğrafiya və Kimya fakültələrinin müvafiq kafedralarının bazasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradılıb. 2011-ci il mart ayının 3-də isə fakültənin rəsmi açılışı olub: “Ekologiya və torpaqşünaslıq fakültəsində təbii ehtiyatların və təbii şəraitin qorunması, daha səmərəli istifadə olunması problemləri, torpaq kadastrı, torpaqların bonitirovkası, ekoloji münbitlik modeli, ekoloji qiymətləndirilməsi və monitorinqi, neft-qaz və neft-kimya sənaye müəssisələrində formalaşan istehsalat tullantılarının ətraf mühitə ekoloji təsirlərinin qiymətləndirilməsi öyrənilir. Hazırda fakültədə 5 kafedra və 2 tədris laboratoriyası üzrə 45 nəfərdən ibarət professor-müəllim heyəti çalışır, 870 bakalavr, 85 magistrant, 9 doktorant, 4 dissertant təhsil alır. Fakültənin məzunları azad edilmiş ərazilərimizdəki yenidənqurma və bərpa prosesində yaxından iştirak edirlər”.

Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva Ekologiya və torpaqşünaslıq fakültəsinin ekoloji təhsil və tədqiqatlar sahəsində, peşəkar ekoloqların hazırlanmasında böyük rola sahib olduğunu bildirib. O vurğulayıb ki, hazırda ölkəmizdə ətraf mühitin qorunması, ona hərtərəfli nəzarətin gerçəkləşdirilməsi üçün çoxsaylı proqram və layihələr icra olunur. Ekologiya və torpaqşünaslıq fakültəsi bu proqram və layihələrin icrasında yaxından iştirak edir.

Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi dövrdən etibarən Azərbaycan ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması, bu istiqamətdə ixtisaslı kadrların hazırlanması ilə bağlı aparılan uzaqgörən siyasətin mahiyyətindən danışıb.

Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.

Избранный
13
1
azertag.az

2Источники