2019-2024-cü illərdə Azərbaycan üzərindən tranzit daşımaların həcmi 2,5 dəfədən çox artıb. Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
O qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın tranzit ölkə mövqeyini möhkəmləndirir, biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradır: "Tranzit daşımalarının artımı Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz kimi dəhlizlərdəki mövqeyinin güclənməsi ilə əlaqədardır. Xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya yükdaşımaların səmərəliliyi artırılıb, tranzit müddəti 8-10 günə qədər azaldılıb. Bu nəticələr elektron xidmətlərin tətbiqində aparılan ardıcıl işlər hesabına əldə olunub. Elektron gömrük sisteminin istifadəsi nəticəsində əvvəllər günlərlə vaxt aparan əməliyyatlar indi bir neçə saat ərzində həyata keçirilir. Bu dəyişikliklər təkcə vaxt qazanmaq deyil, həm də iş mühitinin optimallaşdırılmasına və proseslərin daha şəffaf həyata keçirilməsinə töhfə verir. Həm tranzit müddətinin, həm də bəyannamələrin emalı müddətinin daha da azaldılması imkanları mövcuddur. Bu imkanları gömrük orqanları və biznes araşdırmalı və tətbiq etməlidir". Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Komitə onu da bildirir ki, bu ilin ilk 9 ayı ərzində Şərq-Qərb nəqliyyat dəhlizi ilə 12 milyon 765,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 279,3 min ton yük daşınıb. Hazırda ölkəmiz qlobal ticarət və logistikada əsas oyunçulardan biri statusunu daşıyır. Lakin Azərbaycan əldə olunan nailiyyətlərlə kifayətlənmir, yeni uğurlara zəmin yaradan genişmiqyaslı fəaliyyətini davam etdirir. Beynəlxalq nəqliyyat mərkəzinə çevrilməyin ən mühüm üstünlüklərindən biri onun iqtisadi inkişafa verdiyi təkandır. Hava, dəniz limanları, dəmir və avtomobil yolları kimi infrastrukturun inkişafı iş yerlərinin artımına səbəb olmaqla yanaşı, investisiyaları stimullaşdırır. Bunu dünya təcrübəsi də təsdiq edir. Misal üçün, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr dünya səviyyəli nəqliyyat şəbəkələri yaratmaqla iqtisadi güc mərkəzlərinə çevrilməyi bacarıblar. İndi bu yanaşma Azərbaycanda da uğurla tətbiq olunur. Beynəlxalq nəqliyyat qovşağı qlobal təchizat zəncirlərində kritik halqa rolunu oynayır. Effektiv, etibarlı tranzit variantları təklif etməklə Azərbaycan regional və qlobal ticarət üçün əvəzolunmaz rolun ifaçısına çevrilir. Bu hal təkcə ölkəmizin özünə fayda gətirmir, həm də ümumən regionda iqtisadi artıma təkan verir. Azərbaycanın yaratdığı tranzit imkanlarından qonşu Gürcüstanın əldə etdiyi dividendlər bunun real təzahürdür. Elə sözügedən kontekstdə belə hesab olunur ki, Ermənistan da artıq regionda digər istiqamətlərdə kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tezləşdirməlidir. Zəngəzur dəhlizinin artıq dünya üçün əhəmiyyəti artır. Gələcəkdə Zəngəzur-Naxçıvan, Balakən-Gürcüstan, Qazax-İcevan istiqamətində dəmir yollarının istifadəsi balaca bir regionda bir yox, bir neçə çıxışın təmin edilməsi deməkdir. Bu, Şərq-Qərb dəhlizinin səmərəliliyini artırır.
Hazırda hadisələrin inkişaf axarı onu göstərir ki, Avrasiyada baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində bundan sonra da davamlı artıma səbəb olacaq. Xüsusən də Rusiya və Ukrayna arasındakı savaş burada öz sözünü deyr. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tətbiq edilən sanksiyalar səbəbindən Moskva iqtisadi planda ixracını daha çox Çin və Hindistan hesabına həyata keçirir. Bu baxımdan Şimal-Cənub dəhlizi Rusiyanın həmin bazarlara çıxışını təmin edir. Rusiya Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu inşasının tezliklə başa çatdırılmasında maraqlıdır. Artıq yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edir. Şimal-Cənub nəqliyyat dəhlizinə daxil olan bu yolla yüklər Rusiyadan Fars körfəzi ölkələrinə, Hindistana və digər Cənub-Şərqi Asiya ölkələrinə daşınacaq. Şimal-Cənub dəhlizinin fəaliyyətə başlaması Çinin də marağındadır. Bu ölkə də ABŞ-la yaranan gərginlikdən, ola biləcək sanksiyalardan yayınmaq üçün yeni marşruta maraq göstərir. Ümumiyyətlə, Çin dünyanın ən böyük istehsalçısı kimi bütün istiqamətlərdə yeni ixrac marşrutlarının fəaliyyətə başlamasına dəstək verir. Qeyd edilənlərlə yanaşı, Cənub-Qərb marşrutuna da mara qartır. O, Fars körfəzi ilə Qara dəniz limanlarını əlaqələndirəcək. Bu baxımdan, İranın Azərbaycan üzərindən Gürcüstanın Qara dəniz limanlarına çıxışını təmin edəcək. Ermənistanla münasibətlərin normallaşması Fars körfəzindən gələn yüklərin qismən Naxçıvan, Ermənistan və Gürcüstan üzərindən daşınmasının təmini üçün şərait yaratmış olacaq. Bütün bunlar Azərbaycanın tranzit və logistka əhəmiyyətini yüksəldir. Elə o səbəbdən Azərbaycanla qeyd edilən istiqamətdə əməkdaşlığa maraq və diqqət artır.
Ramil QULİYEV