RU

Minimum istehlak səbəti dəyişdirilə bilər — İqtisadçıdan AÇIQLAMA

 Xəbər verdiyimiz kimi, 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib. Layihəyə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. 

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında son dəyişikliklərə münasibət bildirib. O bildirib ki, “Minimum istehlak səbəti haqqında” Qanunda təsdiqlənmiş minimum istehlak səbətinə bir çox məhsullar daxildir - ərzaq məhsulları, qeyri-ərzaq məhsulları və xidmətlər:

“Ərzaq məhsullarına çörək, kartof, tərəvəz-bostan, meyvə-giləmeyvə məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, şəkər, bitki və kərə yağı və digər məhsullar aiddir. Qeyri-ərzaq məhsullarına palto tipli üst geyimləri, kostyum tipli üst geyimləri, baş geyimləri, corab, məktəb ləvazimatları, mədəni-məişət əşyaları və digərləri daxildir. Xidmət dedikdə isə mənzilin qızdırılması, isti-soyuq su təchizatı, kanalizasiya təchizatı, enerji təchizatı, nəqliyyat, internet və rabitə xidmətləri və digərləri başa düşülür”. 

Ekspert qeyd edib ki, bunların hər biri üzrə normativlər müəyyənləşdirilir:

“Məsələn, çörək üzrə əmək qabiliyyətli əhalinin bir illik istehlak norması 136,8 kiloqramdır. Pensiyaçılarda 107,9, uşaqlarda 100,5 kiloqramdır. Ət məhsulları əmək qabiliyyətli şəxslərdə 32,9 kiloqramdır. Yəni, insan il ərzində hər məhsuldan nə qədər yeyə bilərsə, bu hesablanır və aylara bölünür. Beləliklə hər kateqoriya əhali üçün minimum yaşayış norması müəyyənləşdirilir”. 

X.Kərimlinin sözlərinə görə, hökumət burada iki iş görür:

“Birinci, normativlərə əsasən mal və xidmətin bazar qiymətini öyrənir və ortalama hesablama aparır. Əminəm ki, Statistika Komitəsi qiymətlər barədə doğru məlumat verib. Eyni zamanda, “Minimum istehlak səbəti haqqında” Qanuna əsasən hökumət hesab edir ki, bu normativlər normaldır. Nə qədər ət yeməliyik, nə qədər geyim almalıyıq və ya nə qədər su istifadə etməliyik – bütün bunları ayrı-ayrı qurumlar, səhiyyə, mədəniyyət, təhsil təsisatları müəyyən edir. Hesablama qaydası bu cürdür yəni. Minimum istehlak səbətinin dəyişdirilməsi də bu yaxınlarda müzakirəyə çıxarıla bilər. Qanuna bir neçə il əvvəl baxılıb, yenidən baxılmasına ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

Избранный
7
demokrat.az

1Источники