RU

Güclü iqtisadiyyat, dayanıqlı inkişaf

On bir ayda iqtisadi artım 4,1 faiz təşkil edib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci il üçün büdcəsinin təsdiqlənməsi ölkədə sosial rifahın gücləndirilməsi və əhalinin sosial ehtiyaclarının qarşılanması istiqamətində atılan mühüm addımlardan biridir. Dayanıqlı və şəffaf şəkildə hazırlanmış bu büdcə sosial müdafiə sisteminin fasiləsizliyini təmin etməklə yanaşı, vətəndaşların rifahını daha da yüksəltmək məqsədini daşıyır.

2025-ci il büdcəsinin əsas hədəfləri pensiya və sosial ödənişlərin optimallaşdırılması, aztəminatlı və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, elektron xidmətlərin inkişafı və sosial təminat sisteminin dayanıqlılığının artırılmasıdır. DSMF-nin gəlirləri əsasən icbari dövlət sosial sığorta haqlarından, dövlət büdcəsindən ayrılan transfertlərdən və digər mənbələrdən formalaşacaq. Sosial sığorta sistemində aparılan islahatlar qeyri-rəsmi məşğulluğun azalmasına və vətəndaşların bu sistemə fəal şəkildə qoşulmasına şərait yaradır. Bu addımlar isə gəlirlərin sabitliyinin təmin olunmasına və sosial sığorta sisteminin uzunmüddətli dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı bildirib ki, artıq 11 ayda iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektorumuz 6,4 faiz artıb. Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3 faizini təşkil edir. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.

Əli Əsədov diqqətə çatdırıb ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. 2025-ci ilin Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə isə 4,9 faiz real artım tempi proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini təşkil edir. 2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək. Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək. Səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21 faiz artım olub.

Azərbaycan son illərdə öz iqtisadi inkişaf templəri, həyata keçirilən genişmiqyaslı islahatlar və strateji layihələri ilə regionun aparıcı dövlətlərindən birinə çevrilib. Qlobal iqtisadi çağırışlara baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyur, yeni uğurlara imza atır və davamlı inkişafı təmin edir. Bu uğurların əldə olunmasında ölkənin məqsədyönlü inkişaf strategiyası və iqtisadi islahatlara əsaslanan ardıcıl siyasəti mühüm rol oynayır.

Azərbaycan iqtisadiyyatının inkişafı bir neçə əsas amil üzərində qurulub. Bu amillər arasında enerji sektoru xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resurslarının səmərəli istifadəsi və bu sahədə həyata keçirilən strateji layihələr ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsinə böyük töhfə verib. Xüsusilə “Əsrin müqaviləsi”nin imzalanması ilə neft və qaz sənayesində dönüş nöqtəsi yaranıb. Bu layihə Azərbaycanın iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasını təmin etməklə yanaşı, ölkənin enerji ixracatçısı kimi mövqeyini möhkəmləndirib. Cənub Qaz Dəhlizi layihəsi kimi strateji təşəbbüslər isə Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevirib. Enerji gəlirlərinin səmərəli idarə olunması nəticəsində iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritet istiqamətə çevrilib. Ələt Azad İqtisadi Zonası bu sahədə önəmli nümunədir. Bu zona investorlar üçün unikal mühit yaradaraq müasir enerji, nəqliyyat və logistika infrastrukturu ilə səciyyələnən bilik əsaslı, rəqabətli iqtisadiyyat qurmaq səylərinin mərkəzindədir.

İnfrastrukturun müasirləşdirilməsi və nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr Azərbaycanın regional və qlobal ticarət xəritəsindəki rolunu daha da gücləndirib. Azərbaycan regionda mühüm sənaye və logistika mərkəzinə çevrilməkdədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr ölkəni Şərqlə Qərb arasında əsas ticarət körpüsünə çevirib. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın iştirakçılığı ölkənin tranzit potensialını daha da artırıb.

Azərbaycan hökuməti iqtisadi güclənməni təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirir. Xüsusilə vergi və gömrük sistemində şəffaflığın artırılması, sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, elektron hökumət və rəqəmsal transformasiya kimi addımlar iqtisadi dayanıqlığı artırır. Eyni zamanda, xarici investisiyaların cəlb olunması üçün sabit və etibarlı investisiya mühiti yaradır. “Azərbaycan İnvestisiya Şirkəti” və digər təşviq mexanizmləri vasitəsilə ölkəyə daxili və xarici sərmayələrin həcmi artmaqdadır.

Ölkəmiz dayanıqlı inkişaf hədəflərinə sadiqliyini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan olunması bu istiqamətdə əhəmiyyətli addımdır. Günəş və külək enerjisi sahəsində nəhəng layihələrin həyata keçirilməsi ölkənin alternativ enerji potensialını genişləndirir. Bununla yanaşı, 2020-ci ildə əldə olunan tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı prioritetə çevrilib. Azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Yeni avtomobil yolları, dəmir yolları, hava limanları, sənaye parkları və kənd təsərrüfatı layihələri regionun iqtisadi potensialını gücləndirir və əhalinin geri dönüşünü təmin edir.

Nigar Orucova, “İki sahil”

Избранный
21
ikisahil.az

1Источники