RU

35 yaşı tamam olmayan və gələn il möhlət hüququ bitən şəxslər hərbi xidmətə aparılacaq?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini ArzuxanƏlizadə “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna edilən dəyişikliklərlə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

Pravda.az-ın suallarını cavablandıran A.Əlizadə deyib ki, qanun layihələri bir sıra mütərəqqi müddəaları ehtiva edir:

"Seçicilərimizin bu qanunun qəbulu ilə bağlı məsələyə diqqəti təbiidir. Təklif olunan layihəyə müvafiq olaraq, hərbi çağırış yaşının son həddi 35-dən 30-a endirilir. Bu da kifayət qədər ciddi, eyni zamanda müsbət dəyişiklikdir. Bunu xüsusi qeyd edirəm. Qanuna dəyişiklik ikinci və üçüncü oxunuşda qəbul edilib, Azərbaycan Prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək və hər kəsə şamil olunacaq”.

Deputat möhlət hüququ gələn il bitən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmayacaqları ilə bağlı suallara da aydınlıq gətirib: “Məlumdur ki, Azərbaycan Konstitusiyasının müddəasına görə, qanunun yüngülləşdirici halda geriyə qüvvəsi vardır. Buna görə də yeni qanun layihəsi möhlət hüququ gələn il bitən şəxslərə də şamil olunacaq. 30 yaşdan yuxarı artıq hərbi xidmətə çağırış reallaşdırılmayacaq”.

A.Əlizadə hərbi xidmət müddətinin 1 ilə endirilməsi məsələsinə də cavab verib: “Sual doğuran digər məsələlərdən biri hərbi xidmət müddətinin ali təhsili olmayanlar üçün 1 il yarımdan 1 ilə endirilməsidir. Gələcəkdə reallıqlar nəzərə alınmaqla bununla bağlı müvafiq addımlar atıla bilər, gözləntilərdən biri budur, lakin hazırkı qanun dəyişikliyində isə əksini tapmayıb. Bütövlükdə, qanuna edilən dəyişiklikləri mütərəqqi hesab edirəm. Bu istiqamətdə gələcəkdə insanımızın gözlədiyi müsbət müvafiq addımlar növbəti dəfə də atılacaq”.

Избранный
5
2
sportinfo.az

3Источники