Usta aktyor Denzel Vaşinqton bu yaxınlarda verdiyi açıqlamadan peşman görünür.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, “Oskar” mükafatı alan aktyor yeni “Gladiator 2” filminin təqdimatı zamanı Avstraliyada yayımlanan “Today” proqramına müsahibəsində karyerası və gələcək layihələri barədə danışıb.
Karyerasının bu nöqtəsində Vaşinqton "yalnız ən yaxşılarla işləməkdə maraqlı olduğunu" söyləyib və Şekspirin "Otello"sunda baş qəhrəmanı oynayacağı Broadway turundan sonra nə edəcəyi barədə söz açıb.
Məşhur aktyor "Daha neçə film çəkəcəyimi bilmirəm" deyərək, "Yəqin ki, çox deyil. Əvvəllər etmədiyim işləri görmək istəyirəm" deyib.
Ustad aktyor 2025-ci ilin fevralında “Broadway”də yayımlanacaq Cek Qillenhal ilə birlikdə rol aldığı Şekspir əsərinə istinad edərək, “Mən 70 yaşında yenidən Otello oynamaq üzrəyəm. Bundan sonra Hannibal oynayacağam. Daha sonra Stiv Makkuinlə bir film haqqında danışıram. Ondan da sonra Ryan Kugler mənim üçün növbəti “Black Panther”da rol yazır” deyib.
Problem ondadır ki, Marvel hələ rəsmi olaraq “Black Panther” seriyasındakı üçüncü filmi elan etməyib.
69 yaşlı Vaşinqton “Varietys Awards Circuit Podcast”ın qonağı olub. Problemə toxunan “Black Panther” rejissoru Kuqleri “dahi” adlandırıb.
"Mən ona zəng etdim və film haqqında danışdığım üçün üzr istədim" deyən amerikalı aktyor əlavə edib: "O, hələ də Rayandır, təvazökar və fikirlərlə doludur. Nə yazırsa, oxuyacağam".
2018-ci ildə Çadvik Boseman, Lupita Nyongo və Maykl B.Cordanın rol aldığı “Black Panther” yalnız tənqidi bəyənmə qazanmaqla yanaşı, kassada 1,3 milyard dollardan çox gəlir əldə edərək Marvel Sinematik Kainatının imza seriyalarından biri olub.
Boseman 2020-ci ildə, 43 yaşında, kolon xərçəngi ilə əlaqəli ağırlaşmalar səbəbiylə ölüb.