Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin möhkəmlənməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı press-relizində bildirilir.
Qeyd edilib ki. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank davamlı olaraq iqtisadi prosesləri təhlil edir və maliyyə bazarlarını izləyir. Mərkəzi Bank əsas mandatından irəli gələrək qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməkdə qərarlıdır.
Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2025-ci il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaqdır.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.
Qeyd olunub ki ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu daxilində qalıb. Belə ki, 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4.4% olub. İllik qiymət artımı ərzaq malları üzrə 4.4%, qeyri-ərzaq malları üzrə 2.2%, xidmətlər üzrə 6% təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub.