RU

İnsanlar doğru ilə yanlış məlumatı ayırd etməkdə çətinlik çəkirlər - Nə etməli?

“Media savadlılığı informasiyanı doğru-düzgün şəkildə axtarmaq, əldə etmək, təhlil etmək və lazım gələrsə, tənqid etmək deməkdir. Bu gün yalan və doğru xəbərləri ayırd edə bilmək media savadlılığından irəli gəlir”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında jurnalist, İqtisadiyyat.az saytının baş redaktoru Səid Qərib "Media savadlılığı" Həftəsində danışarkən deyib. Onun sözlərinə görə, sosial şəbəkələrin geniş istifadə olunduğu bir dövrdə media savadlılığına ehtiyac artıb.

“Media savadlılığı həm də jurnalistin peşəkarlığı deməkdir. Jurnalistin birinci işi xəbəri tapmaqdırsa, ikinci işi onu yaymaqdan ibarətdir. Başqa sözlə, əldə olunan hər bir informasiyanı yaymaq məsələsi bir qədər peşəkarlıq tələb edir. Çünki əldə olunan hər bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirmək zərurətdir. Əks halda, xəbər dezinformasiya çıxa bilər. Bu isə auditoriyaya əsassız xəbəri sırımaq anlamına gəlir.
Sosial şəbəkələrin geniş istifadə olunduğu bir dövrdə media savadlılığına ehtiyac artıb. Çünki hər bir sosial şəbəkə istifadəçisi əslində xəbərçi, qəzetçi, jurnalist rolunu oynayır. O, istəməsə belə, yazdığı və yaydığı informasiyalarla müəyyən təsir imkanlarına malikdir”.

Səid Qərib əlavə edib ki, bu gün sosial şəbəkələrdə çox sayda informasiya dolaşsa da, onun doğru olub-olmadığını üzə çıxarmaq məhz jurnalistin işidir:  

“Sosial şəbəkələrin sərhədsiz olduğu bir dövrdə dezinformasiya ilə mübarizə də intensivləşir. Bu gün sosial şəbəkələrin fəaliyyəti media subyektlərinin və jurnalistlərin işini bir qədər çoxaldıb. Bəzən sosial şəbəkələrdə əsası olmayan hansısa məlumat yayılır. Belə olan halda, həmin məlumatın dəqiq və ya yalan olduğunu üzə çıxarmaq media subyektinin - jurnalistin işidir”.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan jurnalist, Milli.az saytının baş redaktoru Asif Mehman isə "media savadlılığı" anlayışının son dövrlər aktuallıq qazanmasına diqqət çəkib. O bildirib ki, bu gün mediamızdakı problemlərdən biri də oxucuların informasiya aldığı mənbənin etibarlılığını sorğulamamasıdır:

“Media savadlılığı – fərdlərin və cəmiyyətin media vasitələri ilə yayılan məlumatları təhlil etmək, qiymətləndirmək və məsuliyyətlə istifadə etmək bacarığıdır. Bu anlayış son dövrlər informasiyanın sürətli yayılması və dezinformasiyanın artması fonunda aktuallıq qazandı.

Azərbaycan cəmiyyətində media savadlılığı hələ geniş yayılmış bir anlayış deyil. Əhalinin bir qismi media vasitələrini yalnız informasiya mənbəyi kimi qəbul edir, lakin bu mənbələrin nə dərəcədə etibarlı olduğunu araşdırmır.

Son dövrlərdə sosial media platformalarının geniş yayılması və saxta xəbərlərin ("fake news") artması media savadlılığına olan ehtiyacı daha da artırdı. İnformasiya bolluğu dövründə insanlar doğru ilə yanlış məlumatı ayırd etməkdə çətinlik çəkirlər. Hətta son dövrlər Azərbaycanda geniş yayılan kiberdələduzluqların kökündə də media savadlılığının aşağı olması dayanır.

Azərbaycanda, dezinformasiyanın təsirlərini minimuma endirmək üçün cəmiyyətin media savadlılığını artırmaq vacibdir.
Media savadlılığının artırılması və dezinformasiya ilə mübarizə üçün müxtəlif addımlar atmaq olar. Məsələn, məktəblərdə və ali təhsil müəssisələrində media savadlılığı ilə bağlı tədris proqramları həyata keçirilməlidir. Hökumət və QHT-lər tərəfindən faktların yoxlanması üzrə müstəqil platformalar yaradılmalıdır. Xüsusilə Azərbaycanda bu platformalara çox ciddi ehtiyac var”.

A.Mehman hesab edir ki, tənqidi yanaşma olmalı, səhv informasiya yayan qurum, şəxs ciddi şəkildə tənqid edilməlidir:

“Bəzən kiminsə səhv xəbər, məlumat yaydığını görürük, amma heç bir reaksiya vermirik.
Sosial mediada xüsusilə daha diqqətli olmaq lazımdır. Məsələn, sosial mediada yanlış məlumata rast gələn zaman əvvəlcə bu məlumatın mənbəsini yoxlamaq lazımdır. Əgər məlumatın dəqiqliyi şübhəlidirsə, onu paylaşmaqdan və ya şərh verməkdən çəkinmək lazımdır. 

Jurnalistlər isə əgər bir mənbədən məlumat götürürlərsə, məncə, bu sualları mütləq özlərinə verməlidirlər. Məlumatın yayımlandığı mənbə peşəkardırmı və daha əvvəl etibarlı xəbərlər yayıbmı? Məlumatda konkret faktlar varmı? Məlumat hansısa kontekstdən çıxarılıbmı?”

Süni intellektin media savadlılığına təsirinə gəldikdə isə jurnalist bunu böyük bir problem olaraq görür:

“Süni intellektin inkişafı müsbət cəhətləri ilə bərabər, “deepfake” texnologiyalarının və avtomatik kontent yaradıcılarının ortaya çıxması, media savadlılığı üçün yeni problemlər yaradır. İnsanlar artıq yalnız mətnləri deyil, həm də şəkil, video və səsləri tənqidi şəkildə təhlil etməyi öyrənməlidirlər. Buna görə də, süni intellekt tərəfindən yaradılan saxta məzmunu müəyyən etmək üçün yeni alətlərə və təlimlərə ehtiyac var.
Media savadlılığı cəmiyyətin inkişafı və sağlam informasiya mühiti üçün əvəzolunmaz bir bacarıqdır. Azərbaycanda bu sahədə maarifləndirmə işləri genişləndirilməli və fərdlər öz tənqidi düşüncə qabiliyyətlərini inkişaf etdirməlidirlər”.

Billurə Yunus
 

Избранный
13
olke.az

1Источники