“Ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı müharibənin əsas təsdiqləyici və yeni imperativ amili üçüncü qüvvələr oldu. Yəni Rusiya və Ukrayna arasındakı münasibətlər əvvəllər daha balanslı idi; Ukrayna birbaşa Rusiyaya qarşı ciddi qarşıdurmaya getmir, daha çox Qərb və Rusiya arasında tarazlıq siyasəti yürüdürdü. Hətta separatçılar bir sıra bölgələrdə hakimiyyətə sahib olduqları halda belə, Ukraynanın rəhbərləri ruslarla açıq qarşıdurmaya girmirdi, çünki öz daxili potensiallarını və ölkənin strukturunu nəzərə alırdılar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlil Azər Hüseynov deyib.
Analitik dekabrın 17-də Moskvada Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi partlayış nəticəsində ölməsi məsələsinə və bunun müharibənin arealının daha genişlənməsi ehtimallarına toxunub.
A. Hüseynova görə, Ukraynada 2019-cu ildə hakimiyyətə yeni gələn qüvvələr diplomatik gərginliyi artıraraq, ruslarla Ukrayna arasındakı münasibətləri müharibəyə çevirdi:
“Müharibə başlayanda bəzi qurumlar iddia edirdilər ki, Rusiya ordusu tükənəcək və Ukrayna ərazisində bir bataqlığa düşəcək. Təbii ki, ruslar müəyyən mənada bataqlığa düşdü, lakin buna baxmayaraq, Rusiya Ukraynanın böyük bir ərazi hissəsini nəzarət altına aldı. Faktiki olaraq, Ukrayna böyük ərazi itkilərinə məruz qaldı. Bu müharibə Rusiya üçün də ciddi itkilərlə nəticələndi. İnsan itkisi Rusiyanın müasir hərb tarixində ən böyük itkisi kimi qiymətləndirilir və strateji məqsədlər baxımından böyük bir əhəmiyyət daşıyır. Rusiya Sovet ordusunun itkilərinə bərabər səviyyədə zərər gördü”.
Həmsöhbətimiz əlavə edib ki, Donald Trampın hakimiyyətə gəlmə ehtimalı da məsələyə maraqlı bir perspektiv gətirir:
“Trampın siyasi üslubu daha qeyri-formal və “məhəllə tərzi” düşüncə ilə xarakterizə olunur. Onun Putinlə şəxsi münasibətləri pis deyil, hətta normal hesab olunur. Bu səbəbdən, böyük ehtimalla, atəşkəs istiqamətində irəliləyişlər ola bilər, çünki Ukraynanın artıq müharibəni davam etdirmək üçün resursları tükənməkdədir. Rusiya isə iqtisadi cəhətdən gözlənildiyi qədər çökməyib, hətta bəzi dövrlərdə iqtisadi artımda müsbət dəyişikliklər də müşahidə olunub”.
“General Kirillovun öldürülməsi məsələsinə gəlincə, bu hadisə fərqli şəkildə qiymətləndirilə bilər. Yəni bu, ya daxili intriqaların, ya da üçüncü qüvvələrin işi ola bilər. Bildiyiniz kimi, müharibə gedişində Rusiyanın daxilində çoxlu problemlər yaşandı. Yevgeni Priqojinin qiyamı, Ukrayna qoşunlarının bəzi Rusiya ərazilərinə sızması kimi hadisələr ölkədə müəyyən mesajlar ötürürdü. Generalın öldürülməsi də bu daxili qarşıdurmaların bir nəticəsi ola bilər. Bu hadisə həmçinin atəşkəs istiqamətində gedən proseslərdə istifadə edilə bilər. Rusiyanın və Ukraynanın resurslarının tükənməsi ilə müharibənin sona yaxınlaşdığı ehtimalı isə güclənir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov