RU

Baş redaktor: "Media savadlılığı şəxsi və rəqəmsal təhlükəsizlik baxımından vacib məsələdir"

"Sosial mediadan istifadənin kütləviləşməsi feyk və dəqiqləşdirilməmiş məlumatların daha geniş yayılmasına imkan yaradıb. Bu isə bir çox hallarda cəmiyyətin yanlış informasiyalar əldə etməsi ilə nəticələnir. Bu cür saxta məlumatların qarşısını almaq üçün media savadlılığının artırılması vacibdir. Çünki media savadlılığı insanların yalan məlumatı həqiqətdən ayırmasına, dezinformasiyadan qorunmasına və kritik düşünmə bacarıqlarını inkişaf etdirməsinə kömək edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında “Bizim.media” xəbər portalının baş redaktoru Anar Tahirov deyib. 

Onun sözlərinə görə, media resurslarının çoxluğu oxucuların lazımi məlumatları doğru mənbələrdən əldə etməsində də problemlərə yol açır:

"Çünki media savadlılığı yetərli səviyyədə olmadıqda, insanlar hansı mənbədən lazımi məlumatı ala biləcəklərini müəyyənləşdirməkdə çətinlik çəkə bilərlər. Media savadlılığı insanlara ehtiyaclarına uyğun faydalı mənbələr tapmağa və zamanlarını daha səmərəli idarə etməyə də kömək edir.

Media savadlılığı sosial aspektlərdən də mühüm əhəmiyyətə malikdir. Media savadlılığının artması sosial problemləri daha yaxşı anlamaq, doğru məlumatlara əsaslanaraq qərarlar qəbul etmək və ictimai-siyasi proseslərdə iştirak üçün əhəmiyyətlidir.

Media savadlılığı şəxsi və rəqəmsal təhlükəsizlik baxımından da vacibdir. Çünki media savadlılığı istifadəçiləri internetdə şəxsi məlumatların qorunması, onlayn təhlükəsizlik və özəl məlumatların üçüncü şəxslərə sızdırılmasından qorunma mövzusunda məlumatlandırır.

“Bizim.Media” informasiya portalı yarandığı ilk gündən media savadlılığı prinsiplərinə xüsusi diqqət yetirib. Yayımladığımız materialların maarifləndirici xarakterli olması, o cümlədən sosial problemlərin həllinə töhfə verməsi işimizin əsas istiqamətlərini təşkil edir. Bundan əlavə, Bizim.Media-da dərc olunan araşdırma məqalələrində, xəbərlərdə mənbələrin hiperlinklər vasitəsilə göstərilməsi təcrübəsi də media savadlılığına xidmət edən addımlarımızdan biridir.

Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Media Savadlılığı” həftəsi media savadlılığının artırılması istiqamətində mühüm rol oynayacaq".
 

Əfsanə Kamal
Demokrat.az
Избранный
14
1
demokrat.az

1Источники