RU

Ermənistanın hərbi aktivliyi vəziyyəti gərginləşdirə bilər - Deputat

Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşüb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Papikyan əvvəlki razılaşmaların həyata keçirilməsinin və yenilərinin əldə edilməsinin əhəmiyyətini vurğulayıb. S.Lekornu isə Fransanın ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqliyini bildirib. Hər iki tərəf əməkdaşlığın uzunmüddətli institusional əsasda qurulduğunu bir daha təsdiqləyib. 

Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a bildirib ki, son zamanlar Ermənistan hərbi sahədə atdığı addımlarla gündəmə gəlir. Təbii olaraq bu rəsmi Bakının diqqətindən qaçmır:

"Ermənistan və Fransa müdafiə naziləri arasında əldə edilən razılaşmalar və ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri pərdəsi altında təqdim edilir. İrəvan Suriya hadisələrini bəhanə edərək təhlükənin yaxınlaşdığını, Türkiyənin Cənubi Qafqazda möhkəmlənərək Ermənistanın müstəqilliyinə təhdid yaradacağını ön plana çıxarır. Halbuki, bu bahənələrin arxasındakı məqsəd başqadır.

Fransa bu addımla Ermənistanı Qərb dairələri, o cümlədən Avropa İttifaqının təsiri altına salmaq istəyir. Qərb üçün Ermənistan Cənubi Qafqaza açılan ən asan qapıdır. Əlbəttə ki, Ermənistanın müdafiə, təhlükəsizlik sahəsində güclənməsi Azərbaycanın gözündən qaçmır. Mövcud geosiyasi reallıqda Azərbaycanın Ermənistandan gözləntiləri var. Ermənistanla Azərbaycan arasında 4 ildir həllini gözləyən sülh sazişi məsələsi ilə bağlı qarşı tərəfdən daha konkret və konstruktiv addımlar gözləyirik. Rəsmi İrəvan isə hər dəfə müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır".

Komitə sədri vurğulayıb ki, Ermənistanın hərbi sahədə güclənməsi, Qərbdən aldığı dəstək və hərbi büdcəsini artırması, bir sözlə hərbi sahədə aktivləşməsi Azərbaycanla vəziyyəti gərginləşdirə bilər. Bu gərginlik geosiyasi maraqları Cənubi Qafqazda toqquşanları da qarşı-qarşıya gətirə bilər:

"Qeyd edim ki, Azərbaycanın bugünkü xarici siyasətində dayanıqlı inkişaf, sülhün təmin edilməsi və balanslaşdırılmış xarici siyasət ön plana çıxır. Lakin istənilən təhdidə cavab vermək iqtidarındayıq".

Избранный
12
modern.az

1Источники