İngiltərədə yaşayan azərbaycanlı cərrah İlhamə Cəfərli Amerika Cərrahlar Kollecinin Təhsil Komitəsinə üzv seçilib.
Moderator.az xəbər verir ki, bu uğur onun tibb sahəsindəki nailiyyətlərinin və beynəlxalq miqyasda tanınmasının növbəti göstəricisidir.
Gənc yaşlarından tibbi sahədə fərqlənən İlhamə Cəfərli fədakar təhsili və fitri istedadı sayəsində Londonda cərrah kimi uğurlu karyera qurub. Üç beynəlxalq dərəcəsi, güclü akademik biliyi və yüksək peşəkarlığı ilə seçilən Cəfərli həm də humanist keyfiyyətləri ilə böyük hörmət qazanıb.
Cəfərli yalnız cərrahi fəaliyyətlə kifayətlənməyərək, tədqiqat və təhsil sahəsində də aktiv çalışır. Yeddi nüfuzlu tibb jurnalının beynəlxalq redaktoru olan İlhamə Cəfərli, tibb sahəsindəki yenilikləri qlobal auditoriya ilə bölüşərək dünya üzrə tanınıb. Onun araşdırmaları və təhsil sahəsindəki töhfələri tibb ictimaiyyətinə əhəmiyyətli təsir göstərib.
Peşəkar inkişafını davam etdirmək məqsədilə liderlik və idarəetmə sahəsində də təhsil alan İlhamə Cəfərlinin bu səyləri yüksək səviyyədə qiymətləndirilib. O, Kraliça II Elizabetin Kral nizamnaməsi ilə təsis edilən Yüksək Təhsil İnstitutunun sədri tərəfindən yüksək qiymətə layiq görülüb və liderlik keyfiyyətləri ilə fərqlənib.
İlhamə Cəfərlinin cərrahiyyə, tədqiqat, pedaqoji fəaliyyət və redaktorluq sahəsində keçdiyi yol, tibb və elmin inkişafına verdiyi əvəzsiz töhfələrlə yadda qalacaq. Onun nailiyyətləri gələcək nəsillər üçün bir meyar olaraq səhiyyə sahəsinə davamlı təsir göstərəcək.