RU

Zeynal Məmmədli: "Jurnalistin işi faktlara dayanmalıdır" (MÜSAHİBƏ)

Bəzən jurnalistikaya dördüncü hakimiyyət də deyilir. Bu, onun cəmiyyətə təsiretmə gücünün olmasından irəli gəlir. Çünki jurnalistika ictimai rəyin formalaşmasına təsir edir. Cəmiyyət üçün fikir formalaşdırmaq, maarifləndirici məlumat yaymaq, o məlumatları geniş ictimaiyyətə təqdim etmək jurnalistikanın vəzifəsidir. Bəzən peşəkarlıqdan uzaq, təsdiqlənməmiş məlumatı tez çatdırmaq bahasına jurnalistika peşəkarlıqdan uzaqlaşır. 

Bunun qarşısını necə almaq olar? Jurnalistika peşəkarlıqdan uzaqlaşmadan, düzgün, təhlil edilərək cəmiyyətə necə çatdıra bilər? 

Qaynarinfo bu və digər sualları tanınmış medai eksperti Zeynal Məmmədli ilə müzakirə edib. 

Müsahibəni təqdim edirik:

- Jurnalist kimdir? Onun cəmiyyət qarşısındakı vəzifəsi nədir?

- Jurnalist sosial informasiya daşıyıcısıdır. Çox təəssüf ki, sosial şəbəkələr çıxandan sonra media barəsində təsəvvürlər bir-birinə çox qarışıb. Jurnalist, media və vəzifələri haqqında danışarkən ilk olaraq "media insanların nəyinə lazımdır" və "insanların mediaya nə ehtiyacı var" sualları cavablandırılmalıdır. Bu sualları cavablandırarkən sözsüz ki, dövlət qurumlarının ilk növbədə hökumətin cəmiyyət üçün nə etdiyi, yaranan problemlərin həllini necə düşündüyü, bu problemlərə nə qədər maliyyə ayırdığı, bir sözlə büdcədən tutmuş, dövlət proqramının yerinə yetirilməsinə kimi burdakı çətinliklər və ya nailiyyətlərlə bağlı mübahisəli şəkildə (cəmiyyətin müxtəlif təbəqələrinin baxışlarının çatdırılması) məlumatlar verilməlidir. Jurnalist sosial informasiya daşıyıcısıdır və cəmiyyətin üzləşdiyi problemləri kütəvi diskussiyaya çıxartmağı bacarmalıdır. 
 
"Jurnalistin işi faktlara dayanmalıdır, əldə edilən bilgini təsdiqləmək lazımdır, həmin məlumat nüfuzlu mediada getməlidir..."


- Zeynal müəllim, söylədiniz ki, jurnalist kütləvi problemi ictimai müzakirəyə çıxartmağı bacarmalıdır. Bunun üçün jurnalist işini necə görməlidir?

- Jurnalistin işi faktlara dayanmalıdır. Nəzərə almalıdır ki, hər bilgi fakt deyil. Bilməlidir ki, əldə etdiyi bilgini təsdiqləmək lazımdır. Doğru məlumat çatdırmaq üçün də mütləq ən azı 2 müstəqil qaynaqdan bu məlumat təsdiqləməlidir. Bundan əlavə, həmin məlumat nüfuzlu mediada getməlidir. Cəmiyyət üçün çox mediatik, önəmli ictimai şəxsin dilindən bu məlumatlarla bağlı bilgilər səsləndirilməlidir. Bu üçü bir yerdə olanda həmin bilgi fakta çevrilir. Jurnalistikada bu belə qəbul olunur və fakt danılmaz məlumat sayılır. Bunların 3-ü bir yerdə deyilsə, xəbər qismən təsdiqlənmiş hesab olunur. 
 


- Müasir dövrdə sosial media ənənəvi media ilə sanki rəqabətə girib. İnsanlar tez-tez "filan sosial şəbəkədə filan kəs yazmışdı" deyə fikirlər səsləndirir, sanki bu məlumatlara inandığını göstərir. Bundan başqa ənənəvi media sosial mediaya zaman baxımından uduzmuş kimi də görünür.  Bəs ənənəvi media bu durumda sosial mediadan özünü necə fərqləndirməlidir? 

- Sosial informasiyalar artıb deyə, bu bilgilərin verilməsi üçün şərait xeyli mürəkkəbləşir. Ona görə də peşəkar media ilə sosial medianı, subyektiv informasiyaları bir-birindən ayırmaq lazımdır. Bunu etmək üçün isə çox böyük media savadlılığına ehtiyac var. Vətəndaş öncə düşünülməlidir ki, "mən medianın verdiyi informasiyaya necə yanaşım". Jurnalist isə düşünməlidir ki, bu informasiya ictimai rəyə necə təsir göstərəcək. Bunun üçün bilgilər verilməlidir, medianın nəyə lazım olduğu vətəndaşa, cəmiyyətə açıqlanmalıdır. Jurnalist bilməlidir ki, cəmiyyətdə müxtəlif təbəqələr var. Onlar da eyni olaya müxtəlif yanaşa bilərlər. Jurnalist informasiyada fərqləri göstərməklə seçim imkanı yaratmalıdır. Vətəndaş hər gördüyü bilgiyə, oxuduğu, eşitdiyi materiala inanmır. Jurnalistə deyilməlidir ki, sən bir cəmiyyətdə yaşayırsansa, o cəmiyyətin nəyə, niyə ora can atdığını hansı problemlərlə üzləşdiyini, hansı aktual məsələlərin çözümünü bu cəmiyyət üçün zəruri olduğunu  və s. özün üçün aydınlaşdırmalısan. Bununla da sənin yazında ictimai rəy yaranır. İctimai rəy də hökumətin, parlamentin də seçilməsinə, qurulmasında rol oynayır. 

- Hazırda media qurumları arasında informasiya savaşı gedir. Hər kəs məlumatı daha sürətli çatdırdı yarışına girir. Bəzən sürət yarışında həmin məlumatlar yalnış olur və yaxud xəbərin artıq bir neçə ay öncə hansısa media orqanında getdiyi məlum olur. Belə köhnə və ya "fake" xəbərlərdən qaçmaq üçün jurnalistin üzərinə hansı vəzifə düşür? Jurnalist həmin məlumatları verərkən nəyə diqqət etməlidir?

- Bunun üçün jurnalist peşəkar təhsil görməlidir. Jurnalist peşəkar təhsil görəndə bütün bu problemlərin qarşısını necə alacağını bilir. Mən mediaya oxucu auditoriayısının baxışı prizmasından yanaşıram. Jurnalisitin prizmasından yanaşanda burda peşəkar təlimlər, peşəkar təhsil rol oynayır. Jurnalistikanın cəmiyyətdəki yerini biləndən, əlindən hazırki informasiya, kommunikasiya imkanları olandan sonra hər bir məlumatı dəqiqləşdirmək yetərincə əsasdır. Amma cəmiyyətdə bir faktı dəqiqləşdirəndə jurnalist hansı problemlərlə üzləşir, bu ayrı məsələdir. Məlumatı material halına gətirmək kolektiv işidir. Jurnalist tək deyil, onun redaktoru var. Jurnalist informasiyanı verir. Daha sonra həmin informasiya redaktordan keçir. Redaktordan sonra isə baş redaktora gəlir, belə olan halda isə bütün redaksiya bu prosesdə birgə iştirak edir və məsuliyyət daşıyırlar. Onlar anlamalıdır ki, cəmiyyətə doğru bilgi verməldirlər. Doğru bilgi nə deməkdir? Yəni, məlumatı dəqiqləşdirmək üçün qaynaqları, virtual kitabxanaları, materialları olmalıdır, onları izləməlisən. İndi müxtəlif proqramlar da var. O proqramlar vasitəsi ilə jurnalist həmin xəbərin köhnə, təzə, yalnış olduğunu və s. dəqiqləşdirə bilir. Peşəkar jurnalistika budur. Dəqiqləşdirmədən, birtərəfli, subyektiv bilgiləri verirsənsə burda peşəkar jurnalistikadan söhbət getmir. 

Bizdə jurnalistikada bütün sahələr ümumiyyətlə qatılıb bir-birinə. Əyləncə mediası, maqazin mediası, bulvar mediasının sosial əhəmiyyətli mediaya elə bir dəxli yoxdur. Öncə bunları ayırd etmək lazımdır. Anlamaq lazımdır ki, sən hansı media ilə məşğul olmaq istəyirsən. Bu sahələrin arasındakı fərq nədir. Bilməlisən ki, bu materialı cəmiyyətə bilgiləndirmək üçün, bəlli bir ictimai rəy yaranmaq üçün, yoxsa onu əyləndirmək, ovundurmaq üçün verirsən. Bunlar fərqli şeylərdir. Əyləndirmək, ovundurmaq üçün verilən məlumatların bizim jurnalsitikaya dəxli yoxdur, bunları qarışdırmamalıyıq. Bütün bunlar bilmək, ayırd etmək isə peşəkar hazırlıq tələb edir. 
 
"Sosial şəbəkədə hansısa məlumatı paylaşan vətəndaş buna görə məsuliyyət daşımır, amma jurnalist informasiyanı toplayırsa, yayırsa, buna görə məsuliyyət daşıyır..."


- Hazırda Azərbaycan cəmiyyətinin, oxucusunun, dinləyicisinin sosial mediaya yox, ənənəvi mediaya inamını necə gücləndirmək olar? 

- Bütün hallarda sosial media peşəkar media üçün bir qaynaqdır. Ordakı məlumatlar həqiqət deyil. Jurnalistlər burda gedən məlumatlara baxır, öyrənir, mövzu üçün qaynaq kimi istifadə edir, amma onu təkrarlamır, dəqiqləşdirir, peşəkar jurnalistika normalarına uyğunlaşdırır. Çünki sosial şəbəkədə hansısa məlumatı paylaşan vətəndaş buna görə məsuliyyət daşımır. Amma jurnalist infiormasiyanı toplayırsa, yayırsa, buna görə məsuliyyət daşıyır. Üstəlik, o bilməlidir ki, həmin cəmiyyətdə, söz, məlumat azadlığının səviyyəsi nə qədərdir, mediaya münasibət necədir. Bütün bunlar inamın yaranmasına kompleks olaraq təsir göstərir. Ümumilikdə, dünyada informasiya, kommunikasiya texnologiyası jurnalistikanı çox çətin duruma salır. Hamı müəllif, hamı rejissor, hamı prodüser ola bilir. Bu, bir tərəfdən yaxşıdır, amma digər tərəfdən akopinya yaradır. Hansı informasiyaya inanım, hansı informasiyadan necə faydalanım və s. bilinməldir. Demokratiya bilikli xalqın hakimiyyətidir. Burda bilik, savad lazımdır. Sosial şəbəkə tapançaya bənzəyir. Tapança ilə adam öldürmək də olar, onunla adamı qorumaq da olar. 

- Zeynal müəllim, bir peşəkar kimi bizim cəmiyyətimizin hansı məlumatlara aclığını daha çox hiss edirsiniz?Jurnalistlər onlara daha çox hansı informasiyaları çatdırmalıdır?

- Birincisi, səmimi olaraq deyim ki, bizdə medianın durumu peşəkarlıqdan çox-çox uzaqdır. "Cəmiyyətin də bu mediaya nə qədər ehtiyacı varmı" sualını cavablamaq çox çətindir. Bununla bağlı sosioloji sorğular keçirilir. Elə televiziyaları götürək. Ən reytinqli televiziya proqramlarına nə qədər adam baxır? Nə qədər adam bu verilişlərə maraq göstərir? İndi tamaşaçının, oxucunun da seçimi, istədiyi başqadır. Amma bunların fonunda jurnalistlər yaydığı məlumata görə nə qədər məsuliyyət daşıdığı, onların nə qədər sərbəst fəaliyyət göstərdiyi, necə maliyyələşdiyi müəyyənləşdirilməlidir. 

Müstəqil media üçün ən zəruri məsələ onun müstəqil maliyyə qaynağının olmasıdır. Bu maliyyə qaynağı kimlərdənsə asılı olmamalıdır. Media üçün oxucusunun inamı, onların sayı pula çevrilməlidir. Belə olan halda həmin medianın reklamlardan gəlirləri olar. Bu mənada media reklamı çox böyük rol oynayır. Araşdırmaq lazımdır ki, Azərbaycanda reklam bazarı necədir? Media bu bazardan pul qazana bilirmi? Ölkəmizdəki media qurumları necə və hardan maliyyələşir? Bütün bu məsələlər çoxlu mübahisə doğurur. Xaricdən maliyələşmə başqa fikir yaradır, daxildən maliyyələşmə başqa fikir. Bu cür maliyyələşmələr medianın müstəqilliyi nə qədər mane olur? Bu məsələlər əsasdır. Bütün bunların prizmasından jurnalisitikaya qiymət vermək və bunu auditoriyaya da anlatmaq lazımdır. Ona görə də bir çox ölkədə orta məktəblərin yuxarı siniflərindən artıq media savadlılığı dərsləri keçirilir və bu çox zəruridir. İndi informasiya bolluğu, yalan bolluğu şəraitində savadlılıq çox ciddi məsələdir. 

Günay İlqarqızı
 
Yazı 16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirlən "Media Savadlılığı" həftəsi çərçivəsində hazırlanıb.


Избранный
12
1
qaynarinfo.az

2Источники