RU

Tibbi Xidmət İdarəsi yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq

Bakı, 18 dekabr, AZƏRTAC

Ölkə əhalisinin sağlamlığının qorunmasında tibbi xidmətlərin xüsusi rolu var. Tibbi Xidmət İdarəsinin fəaliyyət istiqamətləri təkcə bu xidmətlərlə məhdudlaşmır, həmçinin qurumlararası əməkdaşlıq, tibbi təhsil və ölkə sərhədlərinin sanitariya mühafizəsi sahələrini də əhatə edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədr müavini Şahlar Mirqasım söyləyib. O bildirib ki, ölkənin sanitariya mühafizəsi Səhiyyə Nazirliyinin, sərhədlərin sanitariya mühafizəsi isə Dövlət Gömrük Komitəsinin səlahiyyətindədir: “Bu işin daha səmərəli təşkili məqsədilə 2008-ci ildən etibarən “Bir pəncərə” prinsipi tətbiq olunur. Bu prinsip çərçivəsində Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq daha da gücləndirilib. Belə yanaşma ölkəyə daxil olan malların və yüklərin gigiyenik və sanitariya tələblərinə uyğunluğunu təmin etmək məqsədi daşıyır”.

Ş.Mirqasım sərhəd sanitariya nəzarətinin ölkə ərazisinə daxil olan malların təhlükəsizliyini təmin etməklə yanaşı, həm də əhalinin sağlamlığına təsir göstərə biləcək risklərin qarşısının alınması baxımından mühüm olduğunu bildirib: “Bu kontekstdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir”.

Sədr müavini qeyd edib ki, diqqətçəkən məqamlardan biri də tibbi təhsil sahəsinə Dövlət Gömrük Komitəsinin verdiyi töhfələr olub: “Tibbi Xidmət İdarəsi tibb təhsilinin təkmilləşdirilməsinə, xüsusilə də rezidentura proqramlarının inkişafına mühüm töhfələr verir. Gənc həkimlərin ixtisaslaşması və praktik bacarıqlarının artırılması məqsədilə elmi-təcrübi proqramların təşkilinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də önəmli prioritetlərdən biridir”.

O, tibb işçilərinin peşəkarlığının artırılmasının tibbi xidmətin keyfiyyətinin yüksəlməsində mühüm rol oynadığını vurğulayıb: “Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin tibbi təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr davamlı xarakter daşıyır”.

Ş.Mirqasım idarənin regionlarda keçirdiyi tibbi-sosial aksiyalar haqqında da məlumat verib: “Regionlarda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi, tibbi maarifləndirmə və xəstəliklərin profilaktikası istiqamətində tədbirlər keçirilir. Bu aksiyalar əsasən kənd və ucqar bölgələrdə reallaşır və əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır”.

“Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi əhalinin sosial cəhətdən həssas təbəqələrinə, xüsusilə aztəminatlı ailələrə, yaşlılara və uşaqlara tibbi xidmətin göstərilməsinə xüsusi diqqət yetirir. Bu fəaliyyətlər çərçivəsində əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, profilaktik tədbirlərin görülməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə müxtəlif sosial layihələr həyata keçirilir. Yaxın gələcəkdə idarə tibbi xidmətlərin rəqəmsallaşdırılması, tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və sərhədlərin sanitar-gigiyenik mühafizəsi sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq”, - deyə Ş.Mirqasım əlavə edib.

Избранный
21
azertag.az

1Источники