RU

Azərbaycanda kredit ittifaqları son 7 ildə üç dəfə azalıb. Səbəblər...

Bugünlərdə Azərbaycanda üç kredit ittifaqı bazardan kənarlaşdırılıb. Mərkəzi Bank (AMB) "Abbas", "Amin" və "Azərmaliyyə" kredit ittifaqlarının lisenziyalarını ləğv edib. Bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya düşüb.

Son illər Azərbaycanda kredit ittifaqlarının sayının kəskin şəkildə azaldığı bildirilir. 2017-ci ildə ölkədə kredit ittifaqlarının sayının 109-dan 76-ya, 2018-ci ildə 76-dan 61-ə, 2019-cu ildə isə 61-dən 45-ə düşdüyü açıqlanıb. Buna qədər isə onların sayı 39-a qədər azalmışdı.

Hələlik, məsələ ilə bağlı lisenziyası yeni ləğv edilən qurumlarla danışmaq mümkün olmayıb. Amma ayrı-ayrı kredit ittifaqları buna qədər yerli mediada bir sıra şikayətlərini dilə gətiriblər.

Demələrinə görə, kredit ittifaqlarının ən ciddi problemi onların maliyyə resurslarına çıxış imkanlarının əvvəlki vaxtlarla müqayisədə azalmasıdır. Onlar bildirirdilər ki, son zamanlar İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə işləyə bilirdilər. Üstəlik, vurğulayırdılar ki, qanunvericilikdə kredit ittifaqları üçün heç bir dəyişiklik yoxdur: "Köhnə qanundur. Kredit ittifaqlarına bir növ ögey münasibət var".

Mərkəzi Bankın yarımillik hesabatına görə, bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit portfelindəki payı cəmi 1.6 faizdir.

Bu təşkilatlarda kredit məbləği 100 manatdan 150 min manatadək, faiz dərəcələri isə 15-dən 40 faizə qədər dəyişir.

Bəzi təhlilçilər hesab edir ki, BOKT-lar maliyyə bazarından sıxışdırılıb çıxarılır, onlar üçün əlverişli şərait yaradılmır.

Amma Mərkəzi Bankdan "Turan"a verilən məlumata görə, BOKT-ların ilin əvvəlindən cəmi aktivləri 13 faiz artaraq 854 milyon manata yüksəlib: "Bank olmayan kredit təşkilatları ilin ilk yarısında 129 milyon manat faiz gəliri, 43.9 milyon manat qeyri-faiz gəliri əldə edərkən, 16.9 milyon manat faiz xərci və 60.3 milyon manat da qeyri-faiz xərci çəkib. Beləliklə də onlar 95.7 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Keçən ilin eyni dövründə bu, 33.8 milyon manat olmuşdu".

Vurğulanıb ki, noyabrın 15-də "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" təsdiq edilib: "Həmin qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyən edilib. BOKT-larda... kredit risklərinin qiymətləndirilməsi,... kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydası ilə bağlı requlyativ tələblər gətirilib".

İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosuna bildirib ki, son dövr ərzində BOKT-lərin inkişafı istiqamətində ciddi yol qət edilə bilmədi: "Bu təşkilatlar, demək olar ki, çox qeyri-peşəkar fəaliyyət nümayiş etdirirlər və əksəriyyətinin kredit portfelində ciddi problemlər var. Burada zamanında nəzarətin zəif təşkil edilməsi portfelin əhəmiyyətli hissəsində problemlərə gətirib çıxarıb. Bəzi BOKT-larda problemli kreditlər 40-50 faizə çatır".

R.Həsənov hesab edir ki, bu sektorun sağlamlaşdırılması zəruri bir çağırışdır: "Kapital bazarları zəif inkişaf edib, alternativ maliyyə alətləri az qala yox səviyyəsindədir. Belə bir şəraitdə, kiçik də olsa, müəyyən maliyyə manevri yaradan bir seqmentin tam sıradan çıxarılması arzuolunan deyil. Daha yaxşı olar ki, növbəti mərhələdə bank olmayan kredit təşkilatlarının inkişafı ilə bağlı ciddi bir strategiya həyata keçirilsin. Müvafiq institutlar həm gücləndirilsin, həm də onların maliyyə dayanaqlığı artırılsın".

Избранный
49
turan.az

1Источники