RU

Sülh müqaviləsində razılaşdırılmayan 2 maddə hansıdır? - Prezident açıqladı

“Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu halda...”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı jurnalistin “Əgər dəqiqləşdirsək, hansı maddələrdir?” sualına cavabında isə bildirib:
Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir.
Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq... Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.
Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir.
Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.
Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq”.
Избранный
39
8
yenilik.az

10Источники