RU

İrəvan Zori Balayan, Köçəryan, Sərkisyanı...– Əsrin məhkəməsində onlar da ifşa olunacaq!

Bakı daha bir tarixi prosesə evsahibliyi edəcək. Amma bu, indiyədək Azərbaycanın təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən beynəlxalq idman yarışması, mədəni tədbir, yaxud elə bu günlərdə tarixə həkk olunmuş COP29-a bənzər hadisə deyil, 21-ci ƏSRİN MƏHKƏMƏSİdir. Bu məhkəmənin 20-ci əsrdə, İkinci Dünya müharibəsindən sonra qurulmuş, III Reyxin rəhbərləri üzərində baş verənlərlə bağlı keçirilmiş Nürnberq beynəlxalq məhkəmə prosesinə çox bənzərliyi var.

Nürnberqdə cinayətkarlar sülhə qarşı sui-qəsddə, sülhə qarşı cinayətlərdə, müharibə cinayətlərində, insanlığa qarşı cinayətlərdə ittiham olunurdular.

NURNBERQ.jpg

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilmiş qanunsuz əməllərə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər cani Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq) və digər çoxsaylı maddələri ilə ittiham edilir.

Nürnberqdə, faşistləri mühakimə prosesində ittiham tərəfi ABŞ, İngiltərə, Fransa və Rusiya idi. Onlar müharibə cinayətləri törədənlərin cəzalandırılmasını tələb edirdilər. Amma Bakı prosesində müttəhimlər kürsüsünə çıxarılacaq şəxsləri ittiham edən yalnız Azərbaycan dövlətidir. ABŞ, Fransa və digər dövlətlər isə sonadək cəhd göstərdilər ki, bu ədalət məhkəməsi baş tutmasın, qandallanmış erməni separatçıları, uşaq, qadın qatilləri, terrorçuların başçıları “hərbi əsir” statusunda sərbəst buraxılsınlar.

Bunun üçün Azərbaycan Prezidentinə, dövlətinə nə qədər təzyiqlər edildi, şantajların ardı-arası kəsilmədi, ən müxtəlif cinahlardan hücumlar hazırlandı. Lakin erməni canilərin himayədarları istəklərinə çata bilmədilər.

İLHAMİ

Nürnberqdəki birinci məhkəmə prosesində Martin Borman, Rudolf Hess Yoahim von Ribbentrop kimi 22 nasist lider mühakimə olunurdu. Bakıdakı Ədalət Məhkəməsində mühakimə olunacaq canilərin sayı 15-dir.  Arkadi Qukasyan Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan kimi on illərlə Azərbaycan ərazisində at oynadan, insanlarımıza qarşı cinayətlər törədən, sərvətlərimizi talayan separatçılar. Düzdür, Azərbaycanda ölüm cəzası ləğv edilib, odur ki, Nürnberqdə keçirilən 12 məhkəmə prosesində ümumilikdə 24 nəfərin layiq bilindiyi ölüm cəzası erməni separatçılarına nəsib olmayacaq. Amma şübhəmiz yoxdur ki, əbədi dəmir barmaqlıqla arasında çürüyəcək bu cinayətlərin başında dayananlar.

Azərbaycan dövləti uzun illər gözlədi ki, Beynəlxalq Ədalət Məhkəməsi, Haaqa Tribunalı azərbaycanlılara qarşı soyqırımlar törədənləri, müharibə cinayətlərinə əl atanları, torpaqlarımızı 30 ilədək işğalda saxlayanları mühakimə edəcək. Amma bu, baş vermədi, hətta separatçılar himayə olundular, “həmsədrlər” və digərləri tərəfindən.

 EMEK

Baş Prokurorluğun yaydığı məlumata görə, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Təqsirləndirilənlərin hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib, onlara vəkil ayrılıb. Azərbaycana şər atan, erməni canilərə qahmar çıxan qüvvələr hüquqi prosedurlara diqqət etsinlər və eyni zamanda 4 min azərbaycanlının – onların içərisində qadınlar və uşaqlar da var – məhkəməsiz, vəkilsiz qətlə yetirilməsi faktını xatırlayıb, vicdanları qarşısında cavab versinlər! Bu, Azərbaycan ədalətidir! Torpaqlarını işğaldan azad edərkən mülki ermənilərin burnunun qanamasına belə, yol verməyən dövlətimiz separatçıların başçılarına münasibətdə də qeyri-hüquqi mövqe tutmadı və bununla növbəti dəfə nümunə göstərdi, anlayanlar üçün.

Yeri gəlmişkən, məhkəmə prosesi bununla bitmir, Nürnberq prosesi kimi, Bakı prosesinin də davamı var. Rəsmi məlumatda bildirilir: “Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir”.

Və…Daha bir mühüm məqam: Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir. Olduqca vacib məsələdir. Ermənistan rəhbərliyi sülh istəyirsə, təkcə ərazi bütövlüyümüzə iddiaların əksini tapdığı maddələri konstitusiyadan çıxarmaqla, yaxud erməni separatizmini himayə etmiş Minsk Qrupundan imtina ilə işini bitmiş saymamalı, 1987-ci ildən bəri Xankəndi, Xocavənd, Hadrut, Əsgəranı “qan çanağı”na döndərən, dinc sakinləri qətlə yetirən, mülkiyyət hüquqlarını pozan, ölkəmizə yüz milyardlarla zərər vurulmasına səbəb olan proseslərin başında dayananları – Zori Balayanı, Serj Sərkisyanı, Robert Köçəryanı, Vitali Balasanyanı və digərlərini Azərbaycana təhvil verməlidir! Birinci istisna, digərləri həm də sovet Azərbaycanının vətəndaşları olublar, ölkəmizdə mühakimə edilməlidirlər. Həm də əks təqdirdə Bakı prosesi yarımçıq qala bilər, yarımçıq ədalət olmur. Üstəlik, bununla Nikol Paşinyan da onu qarabaqara izləyən, təhdid edən “Qarabağ klanı”ndan canını qurtarmış olar. Həm özünün, həm də Ermənistanın qurtuluşu üçün Qarabağda cinayətlər törətmiş və sağ olan bütün şəxslər Bakı prosesində müttəhimlər kürsüsündə dayanmalıdır.

Sirlər açılacaq Bakı prosesində, adlar çəkiləcək! Makron Fransası və digərləri həm də buna görə işin məhkəməyədək uzanmasını istəmirdilər. İfşa olunacaqlar, verdikləri dəstəyə, pul-paraya, silahlara, yanacağa görə, taladıqları Azərbaycan sərvətlərinə görə!

makron

Bakıdakı diplomatik korpusun təmsilçiləri isə Bakıdakı əsrin məhkəməsinə getsələr, yaxşıdır. Şəxsən eşitsinlər, onların bəzilərinin ölkələri tərəfindən himayə olunanlar hansı cinayətləri törədiblər…

Избранный
22
1
paytaxt.org

2Источники