RU

“Bəyaz gecələr”in müəllifi belə müğənni idi...

Image

Fərman Qarabağlı: “Səyyad Əlizadənin oxuduğu mahnılar içində “Bəyaz gecələr” xalq tərəfindən çox sevilirdi” 

Hər müğəni ifası ilə yadda qala bilmir. O qədər müğənnilər gəlib-gedib ki, özündən bir iz qoymayıb. Amma elə müğənnilər də var ki, ifa etdiyi bir mahnıya görə belə, yaddaşlarda qala bilib, tamaşaçı və dinləyicilər onun ifasını bu gün də sevgi ilə dinləyir. 

30 sentyabr 2021-ci ildə koronavirusdan dünyasını dəyişən tanınmış müğənni Səyyad Əlizadə sonunculardandır. Qalmaqaldan uzaq həyat  yaşamış müğənni yalnız ifaları və yüksək mədəniyyəti, səliqəli geyim tərzi ilə yadda qalıb. 

S.Əlizadə tamaşaçı, dinləyici məhəbbəti qazanan müğənni olduğu üçün onu hər zaman xatırlamaq, yada salmaq olar. 

Əslən Füzuli rayonunun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan “Bakı-Xəbər”in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bu günlərdə bizimlə əlaqə saxlayaraq S.Əlizadəni xatırlamaq istədiyini bildirdi. F.Qarabağlı dedi ki, gözəl, məlahətli səs sahibini indiki nəslin də tanıması çox gərəklidir. “Bəyaz gecələr”lə qəlblərdə yaşayan Səyyadın ipək kimi yumşaq, həlim səsi vardı. Hər bir xanəndənin, müğənnin xalq tərəfindən sevilən bir oxumağı olur. Yaqub Məmmədovun “Mənsuriyyə”si, Qədir Rüstəmovun “Sona bülbüllər”i, Süleyman Abdullayevin  (Dədə Süleyman) “Sarənc”i yadda qalıb. Dədə Süleyman “Sarənc”i  “Xaric seygah” yerində oxuyurdu.  Mən Səyyadı müğamat oxuyan xanəndələrlə müqayisə etmirəm. Səyyad mahnı oxuyan idi. Səyyad Əlizadənin oxuduğu mahnılar içində “Bəyaz gecələr” xalq tərəfindən çox sevilirdi. 1994-cü ildə hansı audio kaset satılan dükanın yanından keçirdimsə, hamısında “Bəyaz gecələr” səslənirdi. Bir dəfə satıcılardan birinə yaxınlaşıb soruşdum ki, nə üçün bütün satış köşkələrində “Bəyaz gecələr”i oxudurlar? Bu mənə  çox maraqlı idi. Satıcı mənə cavab verdi ki, bu mahnının yer aldığı kasetlər çox yaxşı satılır və pulu bu kasetin satışından qazanırıq. Yəni tələbat o qədər çox idi. Bu mahnını oxuyanın kimliyi ilə də maraqlandım. Satıcı dedi ki, oxuyan Səyyad Əlizadədir. Hansı rayondan olduğunu soruşduqda satıcı “Qarabağdandır, Füzuli rayonundandır” dedi. Mən Füzulidən olan yaxın adamlardan maraqlanıb soruşdum ki, Səyyad kimdir? Dedilər necə kimdir, tanıyırsan, bizim Şıxbaba kəndindəndir. Soruşdum ki, Əşrəf dayının oğlu Səyyaddır, dedilər hə. 

Təəssüflər olsun ki, Şıxbaba kəndinə Babı kəndi deyirlər. Qarabulaq rayonunun adını Füzuli qoyduqları kimi, Şıxbaba kəndinin də adına Babı deyirlər. Şıxbabanın yerli camaatı keçmiş müharibələr vaxtı köçüb Ağdam tərəfdə məskunlaşıb. Şıxbabanın 1000-dən artıq yaşı olan qəbiristanlığı, məscidi, minarəsi, Şıxbabanın məqbərəsi var. Şıxbabanın əzəmətli məqbərəsi hansısa İran şahı tərəfindən düzəltdirilib. Bizim kənddə Kamil kişi vardı, çoxları ona Kamil dayı deyirdi. Çox səliqəli geyinən ağayana bir kişi idi. Mənimlə yaxşı münasibəti vardı. Bir gün mənə dedi ki, niyə Səyyad başqa bir şey oxumur. Dedim ki, ay Kamil dayı, oxuyur, niyə oxumur, ancaq camaat “Bəyaz gecələr”i daha çox istəyir. 

2004-cü ildə televizorda Səyyad “Segah-Zabul” təsnifi oxuyurdu. Tez Kamil dayıya zəng edib dedim ki, televozoru aç bax, Səyyada qulaq as. Sonra Kamil dayıdan “Səyyad necə oxudu”-deyə soruşduqda “çox yaxşı oxudu” dedi”-deyə bildirən F.Qarabağlı qeyd etdi ki, Birinci Qarabağ müharibəsi dövründə S.Əlizadə əsgərlərə çoxlu konsertlər verib. 

Səyyad Əlizadənin əməkdar artist Mətanət İsgəndərli ilə ilk dəfə çox maraqlı klip çəkdirdiyini xatırladan F.Qarabağlı qeyd etdi ki, “Gözləyirəm  yolunu” mahnısına çəkilən klip indi də maraqla qarşılanır. Səyyad Əlizadənin çoxlu maraqlı klipləri olduğunu deyən F.Qarabağlı bildirdi ki, bu gün onlar hamısı maraq cəlb edir. “Mən neçə illərdir, ardıcıl olaraq Rusiyanın kurort şəhərlərinə - Kislovodsk, Yessentuki sanatoriyalarına istirahətə gedirəm. İndinin özündə axşamlar musiqi ifa edilən yerə gedib maraqla tamaşa edirəm. Musiqi cihazlarını idarə edən qızlara Azərbaycan musiqi sifariş verəndə yenə də Səyyad Əlizadənin manılarını oxudurlar, “Bəyaz gecələr”ə uzaq Rusiyada da qulaq asırlar. 

Səyyad Əlizadənin çox hörmətli jurnalist Telli Pənahqızı ilə yaxın dostluğu vardı. Hətta birgə bizim Şıxbaba kəndinə klip çəkilişinə də gəlmişdilər. Musiqisi Səyyad Əlizadənin olan “Dolanım başına” mahnısı da yaddan çıxmazdır. Bu mahnıya Səyyad Əlizadə Mənzurə Musayeva ilə birgə gözəl klip çəkdirib. Ümumiyyətlə, Səyyadın çox xanım müğənnilərlə gözəl klipləri var. 

1988-ci ildə ovaxtkı Respublika Sarayında (Heydər Əliyev Sarayı) “İstedadlar axtarırıq” müsabiqəsində Səyyad yuxarı yerlərdən birini tutdu. 1989-cu ildə isə filarmoniyada keçirilən müsabiqədə qalib oldu. Səyyad Əlizadənin oğlu Atabəy atasının sənət yolunu davam etdirir, o da gözəl oxuyur. Onu bu günlərdə televiziya kanallarından birində xalq tərəfindən sevilən, Azərbaycanın ilk “toylar kralı” titulunu qazanmış Manaf Ağayevlə bir verlişdə gördüm. Səsini çox bəyəndim. Atabəyə uğurlar arzulayıram!”-deyə F. Qarabağlı bildirdi. 

İradə SARIYEVA 





Избранный
29
baki-xeber.com

1Источники