RU

Sakinlər vahimədə: Həyətlərini QANLI SU basıb - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi sakinləri kanalizasiya problemindən əziyyət çəkirlər.

Sitat.info xəbər verir ki, onlar Oxu.az-a şikayət ünvanlayaraq bildiriblər ki, kanalizasiyadan axan su həyətlərə dolur, suyun qanlı olması isə insanlarda vahimə yaradır.

"Keçən qış da qanlı su küçəyə dolmuşdu. İşçilər gəlib kanalizasiyadan nəsə çıxardılar, düzəldi. Yay boyunca isə demək olar ki, kanalizasiya ilə bağlı hər hansı problemimiz olmayıb. Yerli icra və bələdiyyə nümayəndəliyinə, Meliorasiya və Su Təsərrüfatına müraciət etmişik. Qırğınla bir işçi gəldi, yalandan baxdı, getdi. Meliorasiya da nasos işləmir deyib, yenisi ilə əvəzlədi, amma yenisi də eyni vəziyyətdədir. Digər gələn işçi də kanalizasiyaya girib baxmır ki, bu su ilə bərabər axan qan nədir. İcra deyir ki, əvvəl qəssab malın başını kəsib kanalizasiyaya atırmış, o da cərimələnib, hazırda bu problem yoxdur. Evlərimiz də sənədsiz deyil, hamının yaşayışa dair icazəsi, çıxarışı var. Həyət-bacaya dolan suyun qanlı olması bizi narahat edir".

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda Masazır qəsəbəsinin sözügedən ərazisində əlavə kanalizasiya xəttinin çəkilməsi ilə bağlı işlər gedir:

"Masazırın sözügedən ərazisində su yığıntısı müşahidə olunan kimi dərhal Abşeron Rayon İcra Hakimiyyətinin və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Ərazidə olan nasoslar yeniləri ilə əvəz olunub, eyni zamanda, həmin nasosxanada əlavə olaraq yeni nasoslar quraşdırılıb. Hazırda Masazırın sözügedən ərazisində əlavə kanalizasiya xəttinin çəkilməsi ilə bağlı işlər gedir".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq qeyd olunub ki, kanalizasiya suları qəsəbənin kənarında yerləşən gölə axıdılır:

"Ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məxsus tullantı suların axıdılması üçün mərkəzləşdirilmiş şəbəkə olmadığı üçün əhali qeyri-qanuni olaraq primitiv üsulla xətlər çəkib. Kanalizasiya suları qəsəbənin kənarında yerləşən gölə axıdılır. Müvafiq Sukanal İdarəsi quraşdırılmış nasoslar vasitəsilə tullantı sularını göldən kənarlaşdırır. Ərazidəki gölün ətrafında qurulmuş nasosxana 24 saat ərzində fəaliyyət göstərir. Nasosxana qrunt sularını çəkərək 2,5 km məsafədə olan qəbul kamerasına ötürür. Buna baxmayaraq, məskunlaşma artdığı üçün gölə tökülən tullantı suların həcmi artır. Müvafiq tədbirlər üzrə işlər davam etdirilir".

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qurumun regional bölməsi tərəfindən ərazi nəzarətə götürülüb:

"Agentliyin əməkdaşları tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək".

Избранный
38
2
sitat.info

2Источники