RU

Sevgisi Vətən olan qəhrəman Vüsal

Vüsal Kazımov. İndi bu adla bütün Azərbaycan xalqı qürur duyur, fəxr edir. 30 il düşmən əsarətində qalan Qarabağımızı 44 günə qanı bahasına azadlığa qovuşduran igiddir Vüsalımız. Özü cismən getsə də, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönərək milyonların ürəyində yaşayır. Belə də olmalı idi. Çünki, ağlı kəsəndən Vüsal bütün eşqini, məhəbbətini Vətəninə, xalqına vermişdi. Orta məktəbi bitirib vətənpərvər, humanist, mərd, bütöv xarakterli bir gənc olaraq el-obada sevilir. İnsanlara təmənnasiz xidməti həyat amalına çevirən Vüsal iki ali təhsil də alır. Bircə qalırdı yurdunun canına dadanmış yağını məhv etmək. Arzusuna çatmaqla ən parlaq ulduz oldu bizim Vüsal .

Bəli, Vüsal torpağa gömülmədi, əlçatmaz, ünyetməz göylərə ucaldı. Elə məkan tutduğu yerdən bizə Vətən sevgisini öyrədə- öyrədə 34 yaşına çatdı. Adəti üzrə yenidən milyonların ona olan sonsuz ehtiramını, sevgisini, məhəbbətini gördü. Lənkəranda- doğma Yuxarı Nüvədi kəndində uyuduğu müqəddəs məzar ziyarətçilər tərəfindən təzə güllərə büründü. Daha sonra ölümsüzlüyə qovuşan qəhrəman haqqında danışanlar oldu.

Xədicə Əliyeva (Astara şəhər M. Ə. Sabir adına 1 nömrəli tam orta məktəbinin direktoru):- Baş leytenant Vüsal Kazımov sinəsini Ana Vətənimizə sipər edərək bizim xoşbəxt gələcəyimiz naminə şəhid olub. Onun keçdiyi şərəfli həyat yolu bütün gənclər üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsidir. Qərinələr boyunca Vüsal əbədi olaraq qəlblərdə yaşayacaq və hər an ehtiramla xatırlanar.

Ramiz Ramazanov (Lənkəran rayonu, Yuxarı Nüvədi kənd məktəbinin direktoru):- Vüsal Kazımov Vətən müharibəsində baş leytenant kimi şərəfli döyüş yolu keçib. Qana susamış düşməni qanda boğmaqla tarix yazıb. Şəhid Vüsal vətənpərvərliyin, cəsarətin və əxlaqın nümunəsidir. Gənclər belə oğulların göstərdikləri şücaəti, qəhrəmanlığı özlərinə örnək olaraq götürməyi müqəddəs borc bilməlidir.

Şəhidimizin məzarı önündə atası Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor K. Kazımov çıxışında ilk öncə mərasim iştirakçılarına təşəkkürlərini bildirərək bu cür tədbirlərin şəhidlərin xatirəsinə göstərilən dərin ehtiramın və hörmətin əlaməti olduğunu vurğuladı. 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasının şəhid və müharibə iştirakçıların, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu qeyd etdi.

Bir daha bildirək ki, Vüsal Kamran oğlu Kazımov Lənkəranın Yuxarı Nüvədi kəndində dünyaya göz açıb. İkinci Qarabağ müharibəsinə könüllü qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə böyük şücaət göstərib. Şuşanın azadlığı uğrunda ölüm-dirim savaşında şəhadətə qovuşub. Ölümündən sonra ölkə başçısı tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "İgidliyə görə", "Vətən uğrunda", Xocavəndin, Füzulinin azadlığına görə medalları ilə təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
55
ikisahil.az

1Источники