RU

“Uşaq olanda anama deyirdim ki, sən get, İlhamə xala oxusun” - Xalq artistinin qızından AÇIQLAMA

“Londonda yaşasam da ruhən, qəlbən Azərbaycandayam. Rahatlığım yaşadığım ölkəyə, ürəyimin sevgisi isə vətənimə bağlıdır. Təbii ki, insan bilmir taleyi necə gətirəcək. Məndə istisna etmirəm ki, nə zamansa vətənimə qayıdacağam. Həyat yoldaşım da həmçinin. Əvvəldən tale belə gətirdi ki, xarici ölkəyə köçdüm. Heç vaxt ağlıma gəlmədiyi, arzusunda olmadığım bir şey oldu həyatımda. Peşman deyiləm əlbəttə, amma vətən başqa bir varlıqdır. Vətənin ayrı bir dəyəri var. Çox insan tanıyıram ki, uzun müddət xarici ölkədə yaşayırdı, amma ömrünün məcazi mənada desək, “qış çağlarına” yaxın vətənə köçdü”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva bildirib.

O anasının mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərinə də toxunub: “Anamızın kiminlə münasibətinin yaxşı, yaxud pis olmasından asılı olmayaraq, biz hamıya ürəkdən və səmimi olaraq hörmətlə yanaşmışıq. Bu, tərbiyə naminə səmimiyyət deyildi. Bu, bizim içimizdən gələn sayğı və hörmət idi. Bu, həm öz təbiətimizdə var idi, həm də bir çox faizi anamızın tərbiyəsindən gəlirdi. Bəli, İlhamə xanımı uşaqlıqda çox sevirdim. O hər zaman rəngli, parıltılı libaslar geyinirdi. Mən də balaca bir qız olaraq onun parıltılı libaslarından zövq alırdım. Hətta, belə bir əhvalat olmuşdu. Çox kiçik yaşlarımda olardım. Anam səhnəyə çıxanda mən tamaşaçı zalından ona səsləndim ki, sən get, İlhamə xala gəlib oxusun. Hətta bunu bütün zal eşitdi və gülməyə başladılar. Anamı heç müğənni kimi anlamırdım, qəbul etmirdim. Uşaq idim, necə anlaya bilərdim?! O mənim üçün böyük bir varlıq idi, amma onu yalnız ana kimi qəbul edirdim. Mənim yetkinlik vaxtlarımda, İlhamə xanımla çox məclislərdə bir yerdə olsaq da, ünsiyyətdə olmamışıq. Amma onun mənə qarşı olan pozitiv münasibəti haqqında eşitmişdim. Onun da yəqin mənim ona münasibətimdən xəbəri olub. Uşaqlıq vaxtlarımda bircə dəfə ünsiyyətimiz olub. Təbii ki, yetkin bir insan kiçicik bir uşaqla necə söhbət edərsə, elə bir qısa söhbətimiz oldu. Hətta əlindəki kiçik hədiyyəni də mənə bağışlamışdı. Allah ona rəhmət eləsin. İlhamə xanımın “Unut məni” mahnısını çox sevirəm. Hər zaman söyləyirəm, Flora xanımın böyüklüyüdür ki, biz övladları olaraq, insanlar arasında ayrı-seçkilik salmamışıq. Bu tərbiyəyə görə də anamızın əllərindən öpürük”.

Zümrüd Şəfiyeva qardaşı Oqtayın da xaricdə yaşadığını bildirib: “Qardaşım mənim həyatda ən çox sevdiyim insandır. Bunu hamı bilir, özünə də az qala hər gün bunu  söyləyirəm. Ayrı-ayrı ölkələrdə yaşasaq da bir-birimizə olduqca bağlıyıq. Bacı-qardaş münasibəti nə qədər isti ola bilirsə, bizim də münasibətimiz o qədər doğma və istidir. Qardaşım Oqtay mənim qədər tez-tez vətənə gəlməsə də, Bakını çox sevir. Gəlib anamızı, Yaqut xanımı ziyarət edir. Biz görüşsək də, görüşməsək də, bir-birimizə qəlbən, ruhən olduqca yaxınıq və eyni zamanda, vətənimizə də çox bağlıyıq”.

Избранный
30
5
yenigundem.az

6Источники