RU

Qonşu ölkə QARIŞIR - Onu da Saakaşvilinin yanına göndərə bilərlər

Gürcüstanın dekabrın sonu qarışacağı, prezident postunu tərk etməyən xanım liderlə bağlı sərt addımlar atılacağı gözlənilir

Gürcüstanda siyasi anarxiya yaranıb. Salome Zurabişvili 29 dekabrdan sonra Gürcüstanın prezidenti mandatını təhvil verməyəcəyini bəyan edib. “Yeni Müsavat” xəbər verir ki, siyasətçi bir daha yeni parlament seçkiləri keçirilmədən bunu etmək niyyətində olmadığını deyib və Avropa İttifaqını etirazçılara dəstək verməyə çağırıb. 

Hazırda sanki Gürcüstanın iki prezidenti var və ölkə istənilən an qarışa bilər. Avropa Parlamentində çıxışında isə xanım prezident deyib ki, Gürcüstandakı etirazlar mahiyyəti etibarilə inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur. “Gürcüstanda sosial məsələlərlə bağlı heç vaxt kütləvi etirazlar olmayıb, bunun bir çox səbəbi var, lakin hər halda, bu baxımdan vəziyyət də qənaətbəxş deyil. İnsanlar yalnız ekzistensial bir problem, təhlükə hiss edildiyi zaman kütləvi şəkildə küçələrə çıxırlar. Bu gün də bu baş verir. Bu, çox dinc hərəkatdır, kütləvi vətəndaş itaətsizliyi hərəkatıdır. Bu, öz mahiyyətinə görə inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur”, - Zurabişvili deyib.

Ancaq kreslosundan getməyən Zurabişvili postundan necə uzaqlaşdırılacaq? Bu sualın cavabı parlamentin qanuna etdiyi dəyişiklikdədir. Belə ki, Zurabişvili dövlət mühafizəsindən məhrum ediləcək və toxunulmazlıq statusunu itirəcək. Görünür, bundan sonra kabinetindən kənarlaşdırılacaq. Gürcüstanın yeni prezidenti isə Mixeil Kelaşvilidir. Bəs bu gərginlik meydan hərəkatını yenidən qızışdıra və qanlı hadisələrə gətirib çıxara bilərmi? Hətta xanım prezidentin həbsi belə istisna edilmir.

Salome

Qeyd edək ki, ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda 20-yə yaxın vəzifəli şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib. Brüsseldə isə Gürcüstana qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, yekdil qərar qəbul etmək mümkün olmayıb.

Elxan

Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğluna görə, məsələ burasındadır ki, Avropa Birliyinin 27 ölkəsinin tamamı Gürcüstanla bağlı eyni fikirdə deyil: “Misal üçün, Macarıstan və Slovakiya sanksiyaların əleyhinədir, hətta Lüksemburqun xarici işlər naziri Ksavye Bettel də Brüsseldəki çıxışında "Gürcüstan hökumətinin etirazçılara qarşı davranışını tənqid etməklə yanaşı, "Gürcü Arzusu" Partiyasının parlament seçkisində yaxşı nəticə göstərdiyinə görə cəzalandırılmasını doğru hesab etmirik" cümləsini işlədib. Beləliklə, Avropa Birliyi Gürcüstanla bağlı gözləmə mövqeyinə keçib. Görünür, anlayırlar ki, Gürcüstan hökumətinə qarşı sərt qərarlar rəsmi Tiflisi Rusiyaya daha çox yaxınlaşdıra bilər".

Ramiyə

Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova isə Zurabişviliyə görə şiddətli qarşıdurmalar gözləmir. Onun fikrincə, etirazların səbəbi Avrointeqrasiyanın dayandırılması qərarıdır: “Nə parlament, nə prezident seçkilərinin nəticələri gürcü xalqını o dərəcədə ayağa qaldırmadı. Gürcüstanın vətəndaş cəmiyyətini silkələyən baş nazir Kobaxidzenin bəyanatı oldu. O dedi ki, 2028-ci ilədək Avroatlantik məkana inteqrasiya dayandırılır. Bu da böyük qəzəbə səbəb oldu. Çünki Gürcüstan uzun bir yol keçib, vizasız gediş-gəliş haqqı qazanıb, Avropa Birliyinə üzvlük üçün namizədlik statusu əldə edib, indi Kobaxidze deyir ki, proses dayanır. Bu da gürcüləri hiddətləndirdi. Sonra sözünə düzəliş etdi, lakin bu etirazların davamı gözlənilir. Ancaq inanmıram ki, Zurabişvilinin postunda qalması üçün böyük müqavimət və dəstək göstərilsin”. Təhlilçi hesab edir ki, burada fiqurlar üzərində mübarizə aparılmır, Aİ-yə doğru hədəf var və liberallar dirəniş göstərməkdədirlər: “Dekabrın 29-dan sonra müəyyən gərginliyin olması mümkündür, amma Zurabişvilinin nəticə əldə edəcəyini gözləmirəm. Seçki olub, prezident seçilib, hansı əsasla etiraz edə bilər ki, vəzifəsini təhvil vermir?! Ümumiyyətlə, gürcü cəmiyyətində ona münasibət birmənalı deyil. Hətta Saakaşvili ilə əlaqələri də o səviyyədə olmayıb. O ki qaldı həbsinə, düşünmürəm ki, xanım prezidentlə bağlı bu addım atılsın”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 





Избранный
17
1
musavat.com

2Источники