RU

Qayıqda lider qıtlığında Azərbaycan Lideri qızıl kimi parıldayır- ÖZƏL

"Cənab Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və "RİA Novosti" agentliyinə verdiyi müsahibə daxili və xarici  siyasətin mövcud durumunda labüd və zamanında atılmış addım idi. Necə deyərlər zərurətdən doğan reallıq, reallığın diktəsi kimi. Hələ onu da nəzərə alaq ki, bütün bu amillər sərhədimizi, regionumuzu aşaraq okeanın o tayına gedir, ordan da geridönüş edir... Axı xarici siyasət qədər, daxilə də nüfuz cəhdlərinin son zamanlarda sərtləşdirilən küləyi yenə o yanlardan gəlir.
İlk öncə ondan başlayaq ki, çoxşaxəli kimi xarakterizə olunan müsahibənin əvvəlində cənab Prezident İlham Əliyev dünyada gedən dəyişikliyə baxmayaraq bunun Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyini bildirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib:

"Rusiya və Azərbaycan müxtəlif çətin vəziyyətlərdə bir-birini sınayıb, formatın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başlanılıb. Kölgədə qalan, işıqda görünən bütün bu amillər isə Qərbin Cənubi Qafqazda nəinki siyasəti, ənənəvi, oturuşmuş adətləri yerindən tərpətməyə cəhdi fonunda vurğulanır. Bəzi məsələlər qırmızı xətdir, qlobal apokalipsisə bərabərdir ki, o həddi də müsahibəsində dövlət başçımız bir daha müəyyənləşdirdi. Dövlət başçımız neft və qazı "Allahın bəxş etdiyi lütf" adlandırması kimi siyasi dövriyyəyə yeni terminlər daxil etmək ənənəsinə bu dəfə də sadiq qaldı. Beynəlxalq leksikonda tələbat duyulan gərginliyin azaldılması - "detente" sözünü işlək vəziyyətə gətirdi. Deməli, bir daha sübut olunur ki, cənab Prezident İlham Əliyev siyasətin nəbzini tutur, onun istiqamətini müəyyənləşdirir, reaktiv deyil, proaktiv siyasət yürüdür, siyasətdən uzaq kəsləri cəngəllikdə boğmaqla siyasi terminologiyanı və leksikonu da zənginləşdirir.
Dövlət başçımızın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana yayda reallaşdırılan səfərini xüsusi vurğulaması məhz o periodda cərəyan edən hadisələr fonunda Azərbaycanın təhlükəsizlik və sözünün bütövlüyü baxımından güvənilməli tərəf olduğunu bir daha sübut etdi. Dövlət başçımız "siyasi müdriklik" ifadəsinə isə təsadüfən toxunmadı. Təsadüf olmayan bir digər mühüm məsələ jurnalistin sualların ardıcıllığını öncədən müəyyənləşdirməsi idisə, dövlət başçımızın da onlara məntiqi ardıcıllığı pozmadan verdiyi cavablar idi. Həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə Azərbaycandır. Eyni zamanda, dövlət başçımız Türkiyənin hərbi bazasına Azərbaycanda ehtiyacın olmadığını bildirməklə Azərbaycanın Qərbdə, Rusiyada, Şərqdə etibar edilən ölkələr arasında olduğunu və ən əsas da hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmadığını bildirməsi məsələsinə müsahibənin növbəti dəqiqələrində daha da aydınlıq gətirsə də, bu, ona işarə idi ki, Qərbin əli ilə dondurulmuş münaqişəni yaratmağa çalışan Ermənistan indi də dondurulmuş üzvlük hiylələrinə əl atır... Bu hiylənin əmələ çevrilməmə səbəbini isə Prezidentimiz müsahibənin növbəti dəqiqələrində dəqiqliklə bildirir. 
Türkiyə bazası məsələsinin vaxtaşırı media vasitəsilə hallandırılması isə aşağıdan Rusiya Azərbaycan münasibətlərinə vurulmağa cəhd edilən zərbə kimi görülməli, bilinməlidir. Birinə zərbə, digərinə təkan verməyə çalışan, informasiya müdaxilələrinə baş vuran siyasi möhtəkirlər isə xaricdə olduğu qədər, daxildə də nə qədərdir... Habelə, axı həm də hər bir tərəf yaxşı bilməlidir ki, Azərbaycan Rusiya ilə Bəyannamə imzalamadan bir il əvvəl Türkiyə ilə Müttəfiqlik haqqında Bəyannamə imzalayıb. Deməli, sıra da, prioritet də önəmli amil olduğu qədər, bəllidir...
Ermənistan, onun havadarları regiona birbaşa təhlükə gətirir. Dövlət başçımız açıq şəkildə Makron hökumətinin Ermənistana tədarük etdiyi hücum silahlarının öldürücü olduğunu və Azərbaycan üçün praktiki təhlükə yaratdığını bildirdi. Nəinki üçüncü yerdə dayanmasını, hətta bu məsələdə mövcudluğunu belə ABŞ etiraf etməsə də Fransa bu məsələdə liderlik kürsüsündə, Hindistan isə ikinci sırada qərarlaşıb. Fransız mədəniyyətinin, filosoflarının liderlik kürsüsü anlayışını fundametindən dəyişən Makrona mesajları isə hələ müsahibənin sonrasındadır. İndi onu deyək ki, Azərbaycan Prezidenti açıq şəkildə Ermənistan ərazisinin dərinliyini də, texniki baxımdan ona nəzarət etməyimizin çətin məsələ olmadığını da bir daha bildirdi. Yəni, Azərbaycan yerin altından okeanın o tayına qədər yeraltı və yerüstü oyunlardan yaxşı xəbərdardır.
Müzəffər Ali Baş Komandan növbəti hərbi büdcənin beş milyard dollarlıq məbləğini, 60 faizinin məcburi olaraq xərclənəcəyini də bir daha bildirdi. Dövlət başçımız Fransa prezidentinin 2020-ci və ya 2023-cü ildə olduğu kimi əlindən başqa heç bir bədən üzvünün Ermənistana köməyə çatmayacağının mesajını da aydın verdi ki, hələ üstəlik sorosçuların əli və əlaltıları vasitəsilə cəmiyyətimizə nüfuz etməyə çalışan, bir tərəfdən sosial müavinətlər məsələsi ilə boşqabı murdarlamağa çalışanların da, digər yandan Ermənistanı silahlandırmaqlarına kor olduqlarını, Azərbaycana qənim kəsildiklərini yerində dedi. "Haqqın" yolunu yaxşı tutublar, bir yandan sosial müavinətlə təzyiq, digər yandan silahlanmaya kor olmaq... Sülh sazişinə gəldikdə isə dövlət başçımız Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşün nəticəsini belə bildirdi ki, Paşinyana qalsa razılaşdırılmamış iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər. Deməli, Paşinyan "Fatı otur, fatı dur" xalq deyimi kimi müasir dövrdə Cənubi Qafqazda Qərbin pultudur. Hər halda KTMT-dən de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamaqdırsa, görünən kəndə nə bələdçi... 
Müsahibədə 150 milyard dollardan çox zərərin konkret bildirilməsi isə Ermənistana edilən güzəşt qədər, həm də boynundan asılan ipdir ki, xətdən çıxan kimi o ip öz boynuna dolanacaq. Odur ki, dövlət başçımız qarşılıqlı iddiaları kənara qoymağı hər iki tərəf üçün qəbuledilən kimi xarakterizə etdi. Konstitusiyanın dəyişdirilməsini bir tərəfin istəyi yox, obyektiv şərt, ATƏT-in Minsk qrupunun ləğvinin isə konsensusla həll edilmə səbəbinə görə formal qaydada Ermənistanın razılığı olmadan etməyin mümkünsüzlüyü kimi bir daha izah etdi. 
Müsahibə zamanı dövlət başşımız "petrostate" adlandırılmağımıza isə bir daha prinsip etibarilə pis baxmadığını dilə gətirdi ki, feyk xəbərlər qrupunun, "yalançı dördlük" - "Washington Post", "New York Times", "Figaro" və "Le Monde" kimi media agentliklərinin adını da Prezident Trampdan əxz edərək çəkdi ki, Kanada ilə bağlı son zamanlar Trampın səsləndirdiyi fikirlər fonunda dövlət başçımızın məhz bu fikirlərinin həqiqətən də çox hərtərəfli və olduqca ünvanlı olması lap yerinə düşdü. Həqiqət bir daha özünü onda göstərdi və müsahibənin bu yerində bir daha sübut olundu ki, dövlət başçımız qlobal siyasətə hakim siyasətçidir. 
Ölkəmizin təqdimatı olan COP29 zamanı göstərilən paxıllıq isə hərəkətlərimizdə staqnasiya deyil, hisslərimizdə ikrah yaratdı. Zəncirli köpəklərinin Azərbaycan xalqında yaratdığı ikrah kimi... Zəncirlərini ələ verdikləri, ayaqlarını Makronun ayaqlarına bağladıqları köpəklər bizi deyil, diktatura rejimi Makronu sorğulasınlar. Azərbaycana ədalət öyrətmək, dərs keçmək lazım deyil. Müsahibə bir daha sübut etdi ki, nə itaət, nə sitayiş, hətta məsləhətləşmə belə edilməyəcək. Dövlət başçımız bir daha ona toxundu ki, Prezident kimi özü də, zamanında Ümummmilli Liderimiz Heydər Əliyev də ilk səfərini Fransaya reallaşdırıb. At görəndə atlanıb, su görəndə susuzlayan tərəf isə Makron idi. Yəni, münasibətləri açıq korlamaq addımı Fransadan yox, Makrondan gəldi. Dövlət başçımız bir zamanlar böyük mütəfəkkirlər yetişdirən Fransa torpağını murdarlayan Makron rejiminə, Korsikada, Yeni Kaledoniyada pozulan insan hüquqlarına, Gürcüstan və Azərbaycanda daxili siyasətə nüfuz cəhdlərinə, dırnaqarası demokratiyaya, pozğunluğun bir hissəsi kimi ənənəvi münasibət və dəyərlərin pozulmasına da açıqca diqqət çəkdi. Makronun və onun kimilərinin isə Azərbaycana batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, mənliklərini qorumaq üçün qalanlarını qoruyub saxlasınlar. Burda isə Makronun dişi də, əli də əldən gedib. Əldə qalanından da olmaması üçün siyasətinə bir daha nəzər yetirməlidir. Co Baydenin Gürcüstana yardımlarını vurğulaması isə dövlət başçımızın Azərbaycanın "Loxma, boğma deməkdir"  el məsəlini xatırlatdı.  Bizə USAID-in elə loxması da, boğması da lazım deyil...
Ümidverici odur ki, ənənəvi dəyərlərə münasibətdə bir qayıqda olan liderlər var. Bu liderlər isə Cozef Borrel kimi hansısa dönəm idarəçilikdə bəxti gətirməyərək şansı əldən qaçırmışlar deyil, mövcud zamanda və geniş məkanda dünyaya yön verən kəslərdir. Azlığa qarşı savaşda, hərislik çoxluğunda və lider qıtlığında Azərbaycan Lideri qızıl kimi parıldayır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
41
olaylar.az

1Источники