"Təhsildə reytinqlərimizi yüksəltmək üçün nə etməliyik ?" (Emin Əmrullayev).
Bu suala biz 20 ildir ki, cavab veririk: "Universitetləri normal maliyyələşdirməliyik."
Ucuz ətin şorbası, maliyyəsiz universitetin bəhrəsi ola bilməz. Xüsusən də indiki sürətli texnoloji inkişaf mərhələsində. Heç olmasa universitetlərə, təhsil tədqiqatları üzrə müvəqqəti layihə komandalarına, təhsil yönümlü QHT-lərin təhsil yönümlü layihələrinə qrantlar vermək lazımdır. Bu gün inkişafın başqa yolu yoxdur. Biz çox qiymətli olan 30 il vaxt itirmişik. Təhsildəki indiki böhran halı təbiidir. Universitetləri iməcilik texnologiyaları, qabaqcıl müəllimlərin özfəaliyyəti hesabına, ictimai əsaslarla işlədərək inkişaf etdirmək mümkün deyil. Bu yolla yalnız Sabah qrupları yaratmaq olar. Bu gün yalnız intensiv və fasiləsiz maliyyələşməyə əsaslanan universitetlər real olaraq inkişaf edə bilər.Bu təcrübə çoxdan özünü lider universitetlərin fəaliyyətində təsdiq edib.ABŞ-ın eks prezidentlərindən birinin dediyi kimi: "Amerika universitetləri zəngindir, ona görə yox ki, Amerika zəngindir. Amerika zəngindir, ona görə ki, Amerika universitetləri zəngindir". Bu gün dövlətlər universitetləri inkişaf etdirərək inkişaf edə bilir. Biliklər cəmiyyətinin əsas xüsusiyyəti də budur.
"Nə çox ibrət alınmalı işlər, nə az ibrət alanlar" (HZ. ƏLİ).
İlham Əhmədov
Təhsil eksperti