RU

Bir çox mühüm məsələlərə aydınlıq gətirən müsahibə  

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1″ televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Jurnalistin Rusiya ilə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni xatırladaraq, “İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir” sualına cavabında Prezident deyib ki, belə bir bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır: “Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.

Dövlət başçısı “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq”, – deyə bildirib.

“Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualına Azərbaycan Prezidentinin cavabı belə olub: “Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Azərbaycanla Rusiya arasındakı bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.

Gürcüstanda baş verənləri necə qiymətləndirməsinə dair suala cənab Əliyev cavabında deyib: “Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin.

Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əmək haqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.

Geniş müsahibəsində ölkə başçısı bir çox mühüm əhəmiyyət kəsb edən digər məsələlərə də aydınlıq gətirib.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Избранный
11
1
moderator.az

2Источники