RU

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlərin hər biri mühüm çağırışdır

Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi ölkədə və dünyada baş verən hadisələr, onlara Azərbaycan dövlətinin münasibəti barədə  məlumatların  daha dolğun şəkildə əldə olunmasında zəngin mənbədir. Bu baxımdan Prezident İlham Əliyevin dekabrın 17-də  Ümumrusiya Dövlət Televiziya və  Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq  İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı  Dmitri Kiselyova müsahibəsi  də xüsusi əhəmiyyət kəsb edir. Həmin müsahibədə Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün  təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs etdi. Bu fikri xüsusi qeyd etdi ki, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə  müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. O da qeyd edildi ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Ölkələrimiz üçün çətin vaxtlarda  Azərbaycan və Rusiya  həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirib,  həm də özünü  dostcasına aparıb. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində 2022-ci ildə Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinin, 2021-ci ildə isə  Azərbaycanla Türkiyə arasında Müttəfiqlik sənədinin  imzalandığını xatırlatdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin  müsahibəsində xüsusi diqqət yetirilən məsələlərdən biri sülh müqaviləsinin imzalanması üçün mühüm şəraitin mövcud olduğu bir zamanda  Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması oldu. Azərbaycan dövlətinin başçısı bildirdi ki,  Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür.  Bu silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Dəfələrlə Azərbaycan  Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına buna son qoymağı çatdırıb. Amma təəssüf ki,  səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.

Təbii ki, Azərbaycan  adekvat tədbirlər görməyə məcburdur.  Tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən daim  hərbi  qüdrətimizin artırılmasının vacibliyini xüsusi qeyd edir. Dövlət büdcəsindən ayırmalarda  müdafiə xərclərində nəzərəçarpan artım da bunun bariz nümunəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra  bu çağırış xüsusi qeyd edildi ki,  Ermənistanda revanşist qüvvələrin baş qaldıracağı istisna deyil. Buna hər zaman hazır olmalıyıq.  Ötən ilin sentyabr ayında bir günlük lokal antiterror tədbirlərinə qədər Ermənistanın törətdiyi hərbi təxribatlar, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan  irəli gələn öhdəliklərini yerinə yetirməkdən yayınması bu məsələnin aktuallığını bir daha sübut edir. Ermənistanın bütün bu cəhdləri sonda Azərbaycan Ordusunun  lokal antiterror tədbirlərini həyata keçirməsini qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə gücünü, qüdrətini nümayiş etdirdi, yeni Zəfərə imza atdı. Ordu quruculuğu istiqamətində  addımların davamlılığı yeni dövrün hədəfləri sırasında da xüsusi yer tutur. Bu günlərdə Milli Məclisdə qəbul olunan 2025-ci ilin dövlət büdcəsindən ayırmalarda da müdafiə xərclərinin artırılması diqqətdən kənarda qalmır. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki,  2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq. Təhdidlər olmasaydı, xərcləməzdik. Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik: “Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər.” Prezident İlham Əliyev bu çağırışı da etdi ki,  həm danışıqlar prosesi, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.

Vüqar Rəhimzadə müsahibədə jurnalistin “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualına dövlətimizin başçısı İlham Əliyevin cavabına da diqqəti yönəldib. Ölkə Prezidenti cavabında qeyd etdi ki, xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. 

Azərbaycan və Türkiyə bir-biri ilə sıx tellərlə bağlı iki dost, qardaş, müttəfiq ölkələrdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Həmin vaxtdan iki dost ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlıq mövcuddur. Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. İki ölkə arasında imzalanan Müttəfiqlik Bəyannaməsinə əsasən  həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyi var ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Dövlətimizin başçısı İlham Əliyev bu sənədə istinadən bildirdi ki,  Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Türkiyə ilə Azərbaycan hər il 10-dan çox birgə təlim keçirir. Bu təlimlərin yarısı Azərbaycanda, yarısı Türkiyədə keçirilir.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müsahibədə söylədiyi fikirlərin hər biri mühüm çağırışdır. Ölkə Prezidenti regionda dayanıqlı sülhün  təmin olunmasında vacib amillərdən biri kimi sülh müqaviləsinin imzalanmasını önə çəkərək onu da vurğuladı ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə edilib.  Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqamdan birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. Burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə obyektiv şərtdir. İkinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir.

Vüqar Rəhimzadə ATƏT-in Minsk qrupunun artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradıldığını, 28 illik fəaliyyəti dövründə  heç bir nəticə əldə etmədiyini,   neytrallığı qorumayaraq daim Ermənistana dəstək missiyasını yerinə yetirdiyini önə çəkərək belə bir qurumun fəaliyyətinin yenidən canlandırılmasının Ermənistanın və ona havadarlıq edən dövlətlərin marağında olduğunu  bildirib. O, dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində yer alan “Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?” fikirlərinə xüsusi   diqqət yönəldib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı İlham Əliyev müsahibəsində  ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ilə bağlı da fikirlərini açıqlayıb. Həmçinin hazırkı dövrün əsas hədəflərindən olan Qərbi Azərbaycana qayıdış məsələsindən geniş bəhs edib. Ümumiyyətlə, müsahibədə yer alan hər bir məsələ  müasir dövrün çağırışlarını özündə əks etdirərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin  təqdimatı kimi qiymətləndirilməlidir. Reallıq budur ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır,  müstəqil siyasəti ilə davamlı uğurlara imza atır.

Избранный
5
12
ikisahil.az

10Источники