İspaniyada baş vermiş və uzun müddətdir həllini gözləyən itkin düşmüş şəxs “Google Maps” – “Street View” tərəfindən çəkilmiş şəkil sayəsində irəliləyiş əldə edib.

İndex.az xəbər verir ki, Soria əyalətində avtomobilinin baqajına ağ çanta yükləyən şəxsin fotosu ötən il yoxa çıxan şəxsi tapmaq üçün aparılan istintaqın ipucularından birinə çevrilib.

2023-cü ilin noyabr ayında bir kişinin əmisi oğlu tərəfindən itkin düşdüyü bildirildi. Polisə edilən hesabatda itkin düşən şəxslə mütəmadi olaraq telefonla əlaqə saxlandığı, lakin bir müddət sonra alınan mesajların şübhə doğurduğu bildirilib. Mesajlarda itkin düşən şəxsin başqa yerə köçdüyü iddia edilsə də, mesajların tonu və məzmunu əmisi oğlunu şübhələndirib. Bunun üzərinə polis itkin düşən şəxsi axtarmağa başlayıb.

Polis araşdırmaları zamanı “Google Maps”dən əldə edilən görüntü hadisənin həllinə öz töhfəsini verib. Fotoda qırmızı maşının arxasında dayanan və baqajın içinə böyük ağ bağlama yerləşdirən bir kişi əks olunub.

Araşdırmalar nəticəsində hadisədə itkin düşmüş kişinin romantik münasibətdə olduğu qadın və onun digər partnyorunun əli olduğu müəyyən edilib. Polis hər iki şübhəlini saxlayıb və evlərində axtarış aparıb. Araşdırmalar zamanı qəbiristanlıqda basdırılmış insan qalıqları aşkar edilib. Bu qalıqların itkin düşən şəxsə aid olduğu güman edilir və ətraflı məhkəmə-tibbi ekspertizaları davam edir.

İspaniya polisinin verdiyi açıqlamaya görə, “Google Street View”dən çəkilmiş görüntü hadisənin həllində əsas rol oynamasa da, istintaqı dəstəkləyən mühüm elementlərdən biri olub. “Google Maps” əvvəllər bəzi hallarda, məsələn, İtaliyada təhlükəli cinayətkarın yerinin müəyyən edilməsində mühüm ipuçları vermişdi.