RU

Şamil Ayrım: Qərbi Azərbaycanda tarixi ədalət bərpa olunmalıdır

Ankara, 19 dekabr, AZƏRTAC

Ümid edirik ki, Qərbi Azərbaycanda tarixi ədalət tezliklə bərpa olunacaq. Bizim qardaşlarımız öz tarixi torpaqlarına layiqli və təhlükəsiz qayıtmaq hüququna malik olmalıdır. Əminəm ki, bu gün gələcək.

Bu fikirləri AZƏRTAC -a müsahibəsində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım söyləyib. O vurğulayıb ki, Türkiyə Qərbi azərbaycanlıların tarixi hüquqlarının bərpası məsələsində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir.

Türkiyəli parlamentari daha sonra müasir Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib və Türkiyə-Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə fəal inkişaf etdiyini vurğulayıb.

“Bizim Azərbaycana hər bir səfərimiz qardaş ölkənin yeni nailiyyətlərinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası işlərinin şahidi olmaq fürsətidir”, - deyə o qeyd edib.

Şamil Ayrım, həmçinin deyib ki, Azərbaycanın uğurları Türkiyəni ürəkdən sevindirir. Müsahibimiz COP29-un nəticələrini nümunə kimi göstərərək qeyd edib ki, Azərbaycanda keçirilən iqlim sammiti qarşıya qoyulan bütün məqsədlərə nail olub. O bildirib ki, Prezident İlham Əliyevin COP29 çərçivəsində səsləndirdiyi bəyanatlar qlobal ekoloji gündəm üçün xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda, Ayrım, nümayəndələri COP29-da iştirak etməyən Aİ ölkələrinin və bir sıra digər dövlətlərin mövqeyini pisləyib.

“Azərbaycan Qafqazın parlaq ulduzudur. Ümid edirəm ki, Qərb tezliklə öz qərəzli siyasətinə yenidən baxacaq və diqqətini Azərbaycanla əməkdaşlığa, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə yönəldəcək”, - deyə türkiyəli parlamentari davam edib.

O, Azərbaycan rəhbərliyinin Türk dünyası, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərə xüsusi önəm verdiyini alqışlayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
16
azertag.az

1Источники