RU

Gürcüstan yol ayrıcında: Avropa inteqrasiyası, yoxsa “maraqlar balansı” siyasəti?..

Gürcüstanda 26 oktyabr 2024-cü ildə keçirilən parlament seçkisi iqtidarla müxalifət arasında kəskin rəqabət və qarşıdurma, cəmiyyətdə isə dərin qütbləşmə yaratdı. Seçkiöncəsi siyasi ab-havanın təhlili göstərirdi ki, tərəflər güzəştə meyilli deyillər. Qlobal və regional geosiyasi güclərin bölgədə getdikcə daha da kəskinləşən mübarizəsinin nəticəsində cəmiyyətin iki hissəyə bölünməsi asanlıqla ortadan qalxmayacaq.   
 
Ümumiyyətlə, Tbilisidə siyasi gərginliyk qismən səngiyə bilər, amma tərəflər arasında yumşalma gözlənilmir. Proseslərin bir mərhələdən sonra yenidən alovlanmasının ehtimalı da istisna deyil. Baxmayaraq ki, prezident seçkilərindən sonra da qarşıdurma davam edir, amma əvvəlki etiraz coşğusu hər gün azalmaqdadır.
 
Hakim “Gürcü arzusu” 10 il öncə iqtidara gələndə əsas şüarı ölkədə sosial liberalizmin dərinləşməsi, mərkəzçilik və Avropaya inteqrasiya idi. İqtidarda olduğu müddətdə bu ideologiyasına əsasən sadiq qaldı. Moskva ilə rəsmi diplomatik münasibətlər qurmasa da münasibətlərdə müəyyən balansı qoruyub saxlamağa çalışırdı.  
 
Baltikyanı ölkələri nəzərə almasaq, Gürcüstan Moldovadan sonra sovet ölkələri arasında öz vətəndaşları üçün Avropa İttifaqi ilə vizasız rejim əldə etmək imkanı qazanan ikinci ölkə oldu. 2017-ci il, martın 28-dən biometrik pasportu olan Gürcüstan vətəndaşları viza almadan Avropanın 30 ölkəsinə 90-180 gün ərzində səyahət hüququ əldə etdi. Bu addım müstəqillik əldə etdikdən sonra gürcü xalqının, xüsusilə də  “Gürcü arzusu”nun ən ciddi siyasi uğurlarından biri oldu. 
 
Hətta 2022-ci il, martın 3-də “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstan hökumətinin Aİ-yə üzvlük üçün rəsmi müraciət ünvanladığını bəyan etdi. Eyni zamanda Baş nazir İrakli Qaribaşvili “Bu gün Gürcüstan üçün tarixi bir gündür. Biz rəsmi şəkildə Aİ-yə üzvlük üçün müraciət etmişik. Biz sübut etmişik ki, Avropa ailəsinin bir üzvüyük və Avropa yolu Gürcüstan xalqının geridönülməz bir yoludur” bəyanatını verdi. 
 
Gürcüstan hökumətinin mövqe dəyişməsinə hansı amillər səbəb oldu? 
 
Burada bir sıra obyektiv və subyektiv məqamlar nəzərdən keçirilməlidir.
 
Gürcüstan hökumətinin Qərblə müsbət münasibətləri ilə yanaşı zaman-zaman bir sıra məsələlərdə problemlər də özünü göstərirdi. Münasibətlərin soyumasında səbəb olaraq Qərbin növbəti mərhələdə Saakaşvili komandasını yenidən hakimiyyətə gətirmək planları barədə“Gürcü arzusu”nun məlumatlara malik olması göstərilir. 
 
Yeri gəlmişkən, müxalifət və Qərb Gürcüstan hakimiyyətinin Rusiyaya yaxınlaşmaqda ittiham etsə də, dərində belə bir yaxınlaşma real görünmür. İki ölkə arasında diplomatik əlaqələr hələ də bərpa olunmayıb. Məşhur 3+3 platformasında isə Gürcüstan məhz Rusiyaya görə iştirak etmir. Yəni, ən azı bu səbəblər göstərir ki, “Gürcü arzusu” heç də deyilən kimi Qərbdən imtina edərək Rusiyanı seçməyib. Avropa Şurasının Baş katibi Alen Bersenin bu günlərdə Tbilisiyə səfəri də göstərir ki, Qərb heç də əlini mövcud hakimiyyətdən üzməyib.
 
Subyektiv amillər sırasında hökumətin özünəməxsus maraqları da nəzərdən keçirilməlidir. 
 
“Gürcü arzusu” iqtidara gəldikdən sonra həm Rusiyada, həm də Avropa və Çində böyük biznesə sahib olan hakim partiyanın lideri, partiyanın mənəvi atası sayılan İvanişvili Rusiya və Çinlə münasibətləri yaxşılaşdırmaq xəttini seçdi. Yeri gəlmişkən eks baş nazir İrakli Qaribaşvili və indiki baş nazir Kobaxidzenin də Çində biznesinin olması barədə məlumatlar yayılıb.
 
Son vaxtlar “Gürcü arzusu” Avropaya inteqrasiyanı prioritet hesab etmədiyini gizlətmədi. Sanki hökumət bilərəkdən Qərblə münasibətləri gərginləşdirəcək qərarlara imza atmağa başladı. Avropa ilə münasibətləri pisləşdirəcəyini və cəmiyyətdə etirazlar doğuracağını bildiyi halda “xarici agentlər” haqqında qanunu qəbul etdi. 
 
Gürcüstan Qərblə münasibətlərin pisləşməsi fonunda Çinlə strateji tərəfdaşlıq qurur. İyul ayında iki ölkə strateji tərəfdaşlıq qurduqlarını elan etdilər. Bunun ardınca rəsmi Tiflis Çin vətəndaşları üçün viza rejimini ləğv edib və bu il mayın 28-dən Gürcüstan pasportu olanlar da Çinə daxil olarkən vizaya ehtiyac duymurlar. Bu yaxınlarda məlum olub ki, Çin konsorsiumu Anaklia limanının tikintisi üçün irimiqyaslı strateji layihəni həyata keçirəcək. 
 
Gürcüstanla Çin arasında strateji tərəfdaşlıq nədir və burada daha çox nə var, iqtisadi praqmatizm, yoxsa geosiyasət? 
 
Keçən il, iyulun sonunda keçmiş baş nazir İrakli Qaribaşvili Çində səfərdə ikən Strateji tərəfdaşlıqla bağlı ötən il iyulun 31-də bu barədə ilk açıqlama verdi və tərəflər sənəd imzaladılar. Viza siyasətinin dəyişdirilməsi isə ilk addımlardan biri idi - artıq sentyabr ayında Çinin Tbilisidəki səfirliyi bəyanat vermişdi ki, Çin Gürcüstan vətəndaşları üçün vizaları ləğv etməyə hazırdır, ona görə də Gürcüstan tərəfi Çin vətəndaşları üçün də vizaları dərhal ləğv etdi. Bundan sonra yanvarda qarşı tərəf, yəni Çin də belə etdi və indi Çinlə vizasız münasibətlər mövcuddur. Eyni zamanda məktəblərdə xüsusi proqram, pulsuz Çin dili öyrənmə və bu layihədə iştirak etmək üçün Çindən könüllülər Gürcüstana gələcəklər.
 
Gürcüstan Çinlə Anaklia limanında işləməyə, Tbilisidə yeni beynəlxalq hava limanı layihəsində və yaxın iki-üç ildə Gürcüstanda həyata keçiriləcək o qədər də kiçik olmayan bir neçə başqa layihələrdə, o cümlədən yeni aeroportun tikilməsində  Çin şirkətləri ilə işləməyə hazırdır.
 
Çin burada Qərblə necə rəqabət aparacaq? 
 
Yəni Qərbin “nou-hau”su məhz demokratiyadır, Çin isə dominantlıq edəcəyi yerdə təkcə Gürcüstanın deyil, həm bölgə dövlətlərinin, həm də Rusiyanın, müəyyən dərəcədə Avropanın maraqlarına tam uyğun olduğunu düşünür. Eyni zamanda bu bölgədə Türkiyənin və ümumilikdə türk dünyasının Qara dənizdə maraqları var. Türkiyə üçün Çinin burada xüsusi aparıcı rol oynamağa başlaması o qədər də xoş hal deyil. Onu da qeyd edək ki, xarici sərmayədə Çinin payı çox cüzidir - o, həm Azərbaycandan, həm də Maltadan, bir çox digər Avropa ölkələrindən də aşağıdır - 2023-cü ildə 47,3 milyon dollar olub. Amma, ticarət dövriyyəsi 2 milyarddan çoxdur. Çin seçkilərdən sonra həm sərmayəni həm də ticarət dövriyyəsini artırmağı hədəfləyib. 
 
Çin Gürcüstanın müəyyən dərəcədə Rusiya ilə münasibətlərini yaxşılaşdırdığını nəzərə alıb Cənubi Qafqazın bu ölkəsi ilə əlaqələri inkişaf etdirməyi hədəfə alıb. 
Son olaraq, Gürcüstanda proseslərin məntiqi sonluğunu yalnız ölkə daxilindəki indiqatorlarla müəyyən etmək olmaz. Rusiya-Ukrayna müharibəsinin aqibəti, İran-ABŞ və İsrail gərginliyinin sonucu, Türkiyənin regiondakı iştirakı, ABŞ-Avropa münasibətləri və Avropanın qonşuluq siyasətinin davamlılığı yalnız Gürcüstanda deyil, digər Cənubi Qafqaz respublikalarında da diqqətlə izlənir. Siyasi proseslərin növbəti fazası bu amillərdən asılı olacaq. 
 
İlkin qiymətləndirmə etsək, yaxın vaxtlarda Gürcüstandakı etirazların tədricən səngiyəcəyı istisna deyil. Müxalifət etiraz potensialını daha əlverişli vaxtadək qoruyub saxlamağa çalışacaq. Çünki Qərb hazırda Cənubi Qafqazda maraqlarını təmin etmək məqsədilə hələ açıq həmlələrə risk etmir. ABŞ-ın dəstəyi olmadan geosiyasi rəqabətdə uğur qazanması da çətindir. Rusiya Gürcüstanla Avropa İttifaqı arasında yaranan gərginlikdən məmnundur və mövcud vəziyyətin dəyişməməsi üçün istənilən addımları ata bilər. Gürcüstan hökuməti ritorikada Qərblə münasibətləri gərginləşdirsə də real addımlarla uzlaşmaya çalışacaq.
 
İlham İsmayıl
Избранный
6
3
moderator.az

4Источники