RU

“Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimatı keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov açıb. O, sözügedən kitabın nəşr olunmasının 30 illik işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandallıq aktlarının, o cümlədən dağıdılmış, təhqir və ya təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prorektor Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin yeni baxış bucağı və reallıqlar əsasında tədqiq edilməsinin tariximizin öyrənilməsi baxımından önəmliyni diqqətə çatdırıb.

Daha sonra kitabın müəllifi Elnur Mustafayev çıxış edib. Müəllif kitabın yazılması prosesi, tədqiqat dövründə Şuşaya səfəri və orada gördükləri haqqında fikirlərini bölüşüb. Təqdim olunan kitabın, ümumilikdə, Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi, maddi-mədəni irsi ilə tanış olmaq istəyən şəxslərdə dolğun təsəvvür yaradacağını, aparılan tədqiqatın əsas nəticəsi, elmi-nəzəri əhəmiyyəti, eyni zamanda, araşdırmanın materialları, tarix, epiqrafika, filologiya, dinşünaslıq və ilahiyyat fənlərinin tədris olunduğu ali təhsil müəssisələrində mühazirə və seminarlar zamanı istifadə edilə biləcəyini söyləyib.

Məlumat üçün bildirək ki, kitabın elmi redaktoru və Ön sözün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.

Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Əsərin I fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısınadək bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrə qısa şəkildə nəzər salınıb.

Əsərin II fəslində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.

Избранный
25
1
xalqqazeti.az

2Источники