RU

Abxaziya "parlament"ində atışma: Ölən və yaralanan var

Abxaziyada qeyri-qanuni "parlament" binasının yaxınlığında silahlı insident baş verib. Hadisə nəticəsində bir "deputat" həlak olub, biri isə yaralanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Abxaziyanın AMRA-life teleqram kanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, separatçılar "respublika" ərazisində kriptovalyuta mədənçiliyinin qadağan edilməsini nəzərdə tutan "qanun layihəsi"ni müzakirə edirmiş. Müzakirə zamanı iştirakçılar arasında münaqişə yaranıb.

"Müzakirə zamanı Adqur Xaraziya və Kan Kvarçiya arasında mübahisə baş verib. Nəticədə, Adqur silah çıxararaq Kana atəş açıb. Həlak olan Vaxtanq Qolandziya onları sakitləşdirməyə çalışıb", - deyə məlumatda qeyd olunur.  

Hər iki yaralı xəstəxanaya çatdırılıb, lakin deputat Vaxtanq Qolandziya başından aldığı güllə yarasından xəstəxanada keçinib. Digər deputat isə əlindən yaralanıb və vəziyyəti ağır qiymətləndirilir.

Abxaziyanın qeyri-qanuni "Daxili İşlər Nazirliyi"nin rəhbəri Robert Kiut bildirir ki, hadisədən sonra atəş açan Adqur Xaraziya naməlum istiqamətdə qaçıb.
Adqur Xaraziya iki dəfə separatçıların nəzarətində olan Suxumi şəhərinin "mer"i olub. 2020-ci ildə o, bir insana ağır xəsarət yetirmək və qanunsuz silah saxlamaq ittihamları ilə həbs edilmişdi.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Abxaziyada yerli miqyasda geniş etiraz aksiyaları keçirilib. İnsanlar Rusiya ilə Abxaziya arasında imzalanmış "İnvestisiya fəaliyyəti haqqında saziş"dən narazılıqlarını ifadə ediblər. Bu saziş rus şirkətlərinə Abxaziya əmlakına sərmayə qoymağa imkan verirdi.

Etirazlar zamanı vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmalar baş verib. Etirazçılar "parlament" binasına daxil olub və "respublika"nın "prezidenti"nin istefasını tələb ediblər.

Alpər
Избранный
25
qaynarinfo.az

1Источники