RU

Ermənistanın mövqeyi sözsüz ki, etibarlı ola bilməz- ÖZƏL

"Ölkə başçısı İlham Əliyev  Rusiyanın "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla  verdiyi   müsahibədə   ölkənin  xarici siyasətinin əsas konturlarını bildirərək Azərbaycan xarici siyasətindəki vacib məqamları, prioritetləri qeyd etdi. İlk növbədə Azərbaycan-Rusiya münasibətlərinə toxunan Prezident iki ölkə arasındakı əlaqələrin ildən-ilə inkişaf etdiyini, istər ticari-iqtisadi, istər hərbi və s. sahədə münasibətlərin normal məcrada davam etdiyini söylədi. Bu baxımdan 2022-ci ildə Azərbaycan-Rusiya arasında imzalanmış müttəfiqlik, qarşılıqlı münasibətlər haqqında bəyannamənin əhəmiyyətini vurğuladı". 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, Prezident mümkün Rusiya-NATO münaqişəsi məsələsinə toxunaraq  Azərbaycanın həm Rusiya ilə  müttəfiqlik sazişi, həm də NATO üzvü olan Türkiyə ilə müttəfiqlik sazişi imzalayan yeganə ölkə olduğunu qeyd edərək Azərbaycanın xarici siyasətində balanslaşdırılmış yolun rəhbər tutulduğunu qarşı tərəfin diqqətinə çatdırmış oldu. Bu gün Azərbaycan həm Qərb, həm Şərq, həm Rusiya, həm də NATO ölkələri ilə normal münasibətlərə malikdir. Bu da Azərbaycan kimi əhəmiyyətli strateji coğrafi məkanda yerləşən ölkə üçün xüsusi önəm kəsb edir. Digər tərəfdən müsahibədə toxunulan vacib məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətləri oldu ki, bu baxımdan Prezident 17 maddədən 15-nin razılaşdırıldığını, 2 maddənin ətrafında hələ də narazılığın qaldığını vurğuladı. Həmin iki maddədən biri hər iki ölkənin qarşılıqlı şəkildə beynəlxalq məhkəmə iddialarından vaz keçməsi və Ermənistan-Azərbaycan şəxsi sərhədində hansısa üçüncü tərəfin nümayəndəsinin olmaması idi. Burda da əsas söhbət Avropa Birliyinin müşahidəçi missiyasının sərhəd zonadakı destruktiv fəaliyyətindən gedir. Müşahidə missiyası iki ildən çoxdur ki, şərti sərhəd zonada "binokl diplomatiyası"ilə  məşğul olaraq iki ölkə arasındakı normallaşma prosesinə mənfi təsir göstərir. Eyni zamanda müşahidə missiyası faktiki olaraq Kanadanın da qoşulması ilə NATO-nun qərargahına çevrilib. Bu da regional sülhə və təhlükəsizliyə müsbət heç nə vermir. Digər tərəfdən Fransanın Ermənistanı silahlandırması məsələsi gündəmdə oldu ki, sülh üçün Ermənistanın militarizm siyasətindən əl çəkməsi zəruridir. Bir tərəfdən sülhdən danışan, digər tərəfdən militarizmə baş qoyan Ermənistanın mövqeyi sözsüz ki, etibarlı ola bilməz. Bu baxımdan hərbi büdcənin artırılması, eyni zamanda hərbi cəhətdən daha da qüvvətlənməsi siyasəti davam etməkdədir. Bunun da əsas səbəbkarı Ermənistanın yürütdüyü militarizm siyasətidir. Bu siyasət nəticəsində Cənubi Qafqazda silah yarışı baş verməkdədir ki, bu yarış regional sülhə və təhlükəsizliyə mənfi təsir göstərir. Azərbaycanın enerji siyasətinə xüsusi önəm verildi. Eyni zamanda Azərbaycan-Türkiyə münasibətləri barədə vacib məqamlara toxunuldu. Bütün bunlar hamısı ölkənin  xarici siyasətinin əsas cizgiləridir. Əsas məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun çəkisinin hansı şərtlər altında yarandığını və bu çəki nəticəsində də Azərbaycanın regional və qlobal problemlərin həllində oynaya biləcəyi roldan danışdı. Bir daha vurğulandı ki, Azərbaycan heç bir halda NATO-Rusiya toqquşmasını istəməz. Hətta bunun baş verməməsi üçün NATO və Rusiya arasında yumşalmanın yaranması üçün Azərbaycan öz töhfəsini verməyə hazırdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники