RU

Nikbin yanaşma və KONSEPTUAL BAXIŞ – TƏHLİL

Ölkə rəhbərinin, Azərbaycan Prezidentinin verdiyi müsahibələr hər zaman böyük marağa səbəb olub və bu dəfə də cənab İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi nikbin yanaşmalar fonunda diqqəti cəlb edib. Xüsusən də, dövlət başçımızın öz müsahibəsində səsləndirdiyi tezislərin məhz regionda və dünyada mövcud vəziyyətə konseptual baxışı, eləcə də gələcək dəyişikliklərin perspektivlərini əks etdirdiyi üçün böyük maraq doğurması, eləcə də rəğbətlə qarşılanması əlbəttə ki, başadüşüləndir və məntiqidir.

Azərbaycana eyni zamanda həm Qərbdə, həm Şərqdə, həm də Rusiyada güvənildiyini ölkə rəhbərimiz tam zamanında və yerində xatırladıb

Ölkələrimiz arasında, daha dəqiq desək, Rusiya və Azərbaycan arasında münasibətlərin vəziyyətini yüksək qiymətləndirən dövlət başçımızın, məhz liderlərin müdrik yanaşması sayəsində NATO ilə Rusiya arasında müharibə riskinin olmayacağına da əminlik ifadə etməsi nikbin, eləcə də ən doğru yanaşma olaraq yüksək qiymətləndirilib. İstər Qərbdə, istərsə də Şərqdə ölkəmizin tamamilə müstəqil oyunçu kimi qəbul edildiyinə, yəni, özünəməxsus statusuna əmin olan ölkə rəhbərimizin gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə biləcəyinə də əminliyi əlbəttə ki, ancaq rəğbətlə qarşılanmalı idi və belə də oldu.

“Həm Qərbdə, həm Rusiyada və həm də Şərqdə güvənilən ölkələr heç də çox deyil”, deyə bildirən cənab Prezidentin öz müsahibəsində çox maraqlı və lazımlı məqamlar barədə xatırlamalar etməsi tamamilə yerinə düşüb. Daha dəqiq desək, ölkə rəhbərimiz Azərbaycana eyni zamanda həm Qərbdə, həm Şərqdə, həm də Rusiyada güvənildiyini tam zamanında xatırladıb və heç şübhəsiz ki, bunun nə demək olduğunu nəinki Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov, eləcə də Rusiya ictimaiyyəti də, ABŞ cəmiyyəti də, ümumiyyətlə, bütövlükdə dünya ictimaiyyəti də çox yaxşı başa düşüb. “Bakı əvvəllər də Rusiya və ABŞ hərbi rəhbərliyinin, eləcə də NATO nümayəndələri ilə görüşlərin keçirildiyi məkan olub”, deyə ölkə rəhbərimizin xatırlatması dövlətimizin, dövlət rəhbərimizin konseptual baxışını, məsələyə nikbin yanaşıldığını təsdiqləyən məqam olaraq, heç də diqqətdən yayına bilməz.

Təkcə bizim üçün deyil, elə məhz Türkiyə ictimaiyyəti, bütövlükdə türk dünyası üçün qürurverici cavab

Dövlət başçımızın məhz Rusiya ictimaiyyəti üçün maraqlı olan və Dmitri Kiselyov tərəfindən səsləndirlən suala da çox lakonik bir cavab verməsi həqiqətən də hər birimiz üçün qururvericidir. Ölkə rəhbərimizin, “Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsində məhz təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd olduğundan Azərbaycanda türk hərbi bazasına ehtiyac yoxdur”, deyərək, ən məntiqi şəkildə fikrini ifadə etməsi təkcə bizim üçün deyil, elə məhz Türkiyə ictimaiyyəti, bütövlükdə türk dünyası üçün də qürurverici hesab olunur. Əvvəla ona görə ki, belə bir dəqiq, lakonik, həm də əhatəli cavab iki qardaş ölkə, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin mahiyyətini bildirir. Digər tərəfdən də, ölkə rəhbəri həmin cavabla iki qardaş ölkənin məhz xarici təcavüz zamanı bir-birinin köməyinə gəlməyi öhdəsinə götürdüyünü diqqətə çatdırır, xatırladır və həm də bildirir ki, Türkiyə və Azərbaycanın birliyi, müttəfiqliyi üçüncü ölkələrin təhlükəsizliyini qətiyyən təhdid etmir.

Məhz Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq münasibətlərini xüsusilə diqqətə çatdıran ölkə rəhbərimizin fikirləri əlbəttə ki, rəğbətlə qarşılanmaya bilməzdi və təkcə Azərbaycan deyil, həm də qardaş ölkə, Türkiyə vətəndaşlarının dövlət başçımızın ifadələrini yüksək qiymətləndirmələri tamamilə məntiqidir. Ölkə rəhbərimizin bu fikirlərinin hazırda Türkiyəyə məxsus mətbuat səhifələrində böyük rəğbətlə qeyd olunmasını görmək, sözsüz ki, hər bir vətəndaşımız, hər bir Azərbaycan vətəndaşı üçün çox dəyərlidir, həm də çox vacibdir. Çünki bütün bunlar dövlətlərimiz, vətəndaşlarımız arasında olan birliyin, ölkə rəhbərimizə olan sayqının, ehtiramın bariz nümunəsidir.

Ermənistanla bağlı məsələyə aydınlıq gətirilməsi, əslində, çox ciddi mesaj sayılır

Cənab Prezidentin bu dəfə də öz müsahibəsində Ermənistanla bağlı məsələyə aydınlıq gətirməsi, konseptual baxışı bütövlükdə erməni cəmiyyəti üçün, eləcə də dünya ictimaiyyəti üçün bir mesaj da sayılır. Fransa, Hindistan və ABŞ-dan Ermənistana hücum silahlarının verilməsinin məhz Azərbaycanın təhlükəsizliyini təhdid etdiyini və İrəvanda revanşist əhval-ruhiyyədən xəbər verdiyini bildirən cənab Prezident İlham Əliyev həqiqətən də çox ciddi mesajlar ünvanlayıb. Əslində, bu mesajların arxasında hansı məqamların olduğunu elə ermənilər özləri də, onlara silah verənlər də yaxşı başa düşüblər. Bu baxımdan da ölkə rəhbərimizin Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində məhz Ermənistanla bağlı dedikləri tamamilə yerinə düşüb.

Azərbaycanın 2025-ci il üçün müdafiə büdcəsində rekord artım olduğunu ölkə rəhbərimizin xatırlatması əlbəttə ki, Ermənistanın militarist kursuna əsl doğru cavab sayılır. Silahlı təxribat olacağı təqdirdə, Ermənistana heç kimin kömək etməyəcəyini bildirən cənab İlham Əliyev nə 2020-ci ildə, nə də 2023-cü ildə onlara kömək edilmədiyini revanşist qüvvələrə xatırlatmaqla, ən ciddi mesajlar vermiş olub. Əslində, bu fikirlərlə onlara xəbərdarlıq edilib ki, təxribatlara əl atacaqları təqdirdə yenə də eyni ilə 2020-ci ildə və 2023-cü ildə olduğu kimi, heç bir köməklik görməyəcəklər və böyük fəlakətlərlə qarşılaşmalı olacaqlar. Yəni, diplomatik ustalıqla bir daha nəzərə çatdırılıb ki, ölkəmizə qarşı hərhansı qəbulolunmaz hərəkətə görə revanşistlər özləri cavab verməli olacaqlar. Bu həm də Rusiyanın özü üçün bir xatırlatma hesab olunur və heç şübhəsiz ki, ruslar özləri də nəyə eyham vurulduğunu yaxşı başa düşürlər. Başa düşürlər ki, cənab Prezident İlham Əliyev elə indidən bir çoxlarına xəbərdarlıq edir.

Qarabağ erməniləri ilə bağlı sualı cavablandıran cənab İlham Əliyev qısaca olaraq, Bakının 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından əvvəl reinteqrasiya planını ictimaiyyətə necə təqdim etməsindən danışmaqla və buna erməni ictimaiyyəti tərəfindən heç bir reaksiya verilmədiyini diqqətə çatdırmaqla, həm məsələnin mahiyyətini bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmış olub, həm də “erməni dəyirmanına su tökmək” niyyətində olanlara da bir mesaj verib. Ermənistandan deportasiya edilmiş 300 minə yaxın azərbaycanlının probleminin müzakirə edilməsinin vacibliyini vurğulayan ölkə rəhbərimiz qarşı tərəfin hələ də cavab vermədiyini də əbəs yerə vurğulamayıb. “Biz hələ də Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiya prosesinə necə baxdıqları ilə bağlı cavab almamışıq. Düşünürəm ki, bu iki proses paralel getsə, bu, dünya üçün daha da yaxşı sosial atmosfer yaradacaq. Çünki sülh təkcə sülh müqaviləsinin imzalanması deyil, həm də ictimai konsensusdur”, deyərək, yenə də siyasi iradə nümayiş etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev bütövlükdə dünya ictimaiyyətinə tam zamanında və yerində mesajlar verib.

Güclü siyasi iradəyə sahib olduğunu, dövlətimizin doğru yolda olduğuna əminliyini açıqlayan ölkə rəhbərimiz daha bir diplomatik uğura imza atıb

COP29 iqlim konfransı ilə bağlı digər mühüm söhbət mövzusu həqiqətən də haqlı olaraq, ölkə rəhbərimizin konseptual baxışı kimi qiymətləndirilib. Əldə olunmuş tarixi razılaşmaları, eləcə də bu sammitin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edən dövlət başçımızın, iqlim konfransı kontekstində Amerika və Fransanın aparıcı nəşrləri tərəfindən ölkəmizə qarşı həyata keçirilən kampaniyadan da bəhs etməsi daha bir diplomatik qələbədir. “Çətinlik yaratmadı, sadəcə olaraq, ikrah hissi yaratdı”, deyə bəyan edən Azərbaycan Prezidenti elə məhz bu lakonik ifadə ilə, cəmi bir cümlə ilə bu kampaniyanın təsirsizliyini, daha doğrusu, mahiyyətsizliyini və cılızlığını açıq-aşkar şəkildə bildirməklə, daha bir diplomatik gediş edib və bunu ölkəmizin əleyhində olanlar daha “yaxşı” başa düşüblər. Ümumiyyətlə, ölkəmizin məhz beynəlxalq müstəvidə rolunu, eləcə də dövlətimizə mane olmaq istəyənlərin mahiyyətini çox aydın şəkildə ortaya qoyan cənab İlham Əliyev bu dəfə də öz müsahibəsində güclü siyasi iradəyə sahib olduğunu, dövlətimizin doğru yolda olduğuna əminliyini və anti-Azərbaycan qüvvələrin rəzil vəziyyətini cəsarətlə açıqlamaqla daha bir diplomatok uğura imza atmış olub.

Bakının anti-müstəmləkəçilik gündəmi barədə danışan cənab İlham Əliyev bunun sadəcə Fransanın anti-Azərbaycan siyasətinə cavab olmadığını və bunun daha dərin xarakter daşıdığını vurğulamaqla, rəqiblərinin əsl simasını, daha doğrusu, simasızlığını göstərmiş olub. Makronun prezidentliyi dövründə Beşinci Respublikanın xarici siyasət fiaskosunun xoşagəlməz mənzərəsini təqdim edən Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Afrikadan tutmuş Gürcüstana qədər müxtəlif regionlarda bir-birinin ardınca Fransanın uğursuzluqlarını qeyd etməklə, əslində, çox böyük ismarıclar verib və rəsmi Parisə bir növ yerini göstərib. Ümumiyyətlə, cənab Prezidentin bu dəfəki müsahibəsi də çox təsirli olub desək, yanılmarıq və haqlı olduğumuza da əminik. Əminik ki, ölkə rəhbərimizin cavabları regionun gələcək inkişafı ilə bağlı nikbin əhval-ruhiyyə doğurub, dövlətimizin və dövlət başçımızın məhz regionda və dünyada mövcud vəziyyətə konseptual baxışı maraqla qarşılanıbdır.

Müəllif: İnam Hacıyev
Избранный
14
sia.az

1Источники