RU

"Davamlı şəkildə media savadlılığına diqqət ayrılmalıdır"—Azər Həsrət

“Media Savadlılığı Həftəsi Azərbaycanda media sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına töhfə verəcək. Söhbət məqsədli şəkildə yanıldıcı informasiyaların yayılmasından, dezinformasiyadan və yanlış informasiyaların tirajlanmasından gedir. Dezinformasiya məqsədli şəkildə cəmiyyəti yanıltmağa xidmət edən sui-istifadə halıdır. Yanlış informasiya isə bəzən insanların bilməyərəkdən yaydıqları informasiyalardır. Yəni, doğruluğu şübhə doğuran, əsasları olmayan, lakin pis niyyətlərlə yayılmadığı halda pis nəticələrə səbəb olan infomasiya. Media Savadlılığı Həftəsi çərçivəsində görülən tədbirlər bu cür məsələlərin ayırd edilməsini asanlaşdırmağa xidmət edir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib. O qeyd edib ki, media peşəkarlığı, media savadı, təcrübəsi olmayan insanlar bu həftə ərzində və bundan sonrakı dönəmlərdə də doğru-dürüst, yanlış informasiyaları bir-birindən ayırd etməyi öyrənmiş olacaqlar: 
“Əlbəttə, söhbət hamıdan getmir, bir anda bütün ölkəni savadlandırmaq mümkün deyil. Bu, sadəcə olaraq başlanğıcdır, problemə diqqət çəkmək, həyəcan təbilidir. Bundan sonrakı dönəmdə də təkcə bu kampaniya çərçivəsində deyil, düşünürəm ki, ümumiyyətlə davamlı bir şəkildə media savadlılığına diqqət ayrılmalıdır. Media savadlılığı elə bir şeydir ki, bir kampaniya çərçivəsində həllini tapa bilməz. Bu, davamlı bir prosesdir və bu sahədən başı çıxan, bu məsələləri ayırd edə bilən hər kəs prosesə öz töhfəsinin verməkdən çəkinməməlidir”. 

Ekspert bildirib ki, cəmiyyət yanlış informasiyalarla yanlış istiqamətə sürüklənir:

“Biz bunun nümunələrini görmüşük. Məsələn, 2009-cu ilin dekabrında Tunisdə başlayan və “ərəb baharı”na çevrilən ərəb inqilablarını xatırlayaq. Adi bir hadisə bir neçə ölkəni təlatümə saldı. Bu, dezinformasiyaların tirajlanması hesabına oldu. Və yaxud qardaş Türkiyədə Gezi parkı olayları vardı, bu olaylar zamanı yenə də dezinformasiyaların tirajlanması cəmiyyəti ayağa qaldırmışdı. Amma Türkiyə dövləti onların dezinformasiya olmasını vaxtında ictimailəşdirib cəmiyyəti ayılda bildi. Bu o deməkdir ki, biz oturub gözləməməliyik ki, nəsə baş versin və onun qarşısını alaq. Media savadlılığı məhz ona xidmət edir ki, insanlar artıq dövlətin ayrı-ayrı qurumlarının müdaxiləsi olmadan qarşılaşdıqları informasiyaya şübhəçi yanaşmağı öyrənsinlər. İstənilən informasiya qarşımıza çıxa bilər. Biz onun dəqiqliyini öyrənməyi, araşdırmağa bacarmalıyıq. Media savadlılığı tədbirləri davamlı olacağı təqdirdə cəmiyyət bundan uduşlu çıxacaq”.

https://demokrat.az/az/news/216514/cemiyyet-ozu-ucun-etibarli-xeber-menbeleri-secmelidir-dezinformasiya-ile-mubarize-guclenir

https://demokrat.az/az/news/216465/indi-media-savadliligindan-behs-etmek-cox-onemlidir-qulu-meherremli

https://demokrat.az/az/news/216587/insanlar-yalan-xeberin-tesirine-dusmekden-yayinmalidirlar-media-savadliligi-niye-vacibdir


Törə Zeynallı
Demokrat.az

Избранный
17
demokrat.az

1Источники