RU

ADAU-da "Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib

Gəncə, 19 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə (ADAU) "Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin önündə yerləşən abidəsi önünə tər güllər düzüblər. Sonra Mərkəzin foyesində tələbələrin hazırladığı startaplar qonaqlara nümayiş olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, forumun keçirilməsində əsas məqsəd regionda startapların və innovativ sahibkarlıq potensialının inkişaf etdirilməsidir. Tələbələrə sahibkarlıq bacarıqlarının öyrədilməsi, onların innovativ ideyalarının dəstəklənməsi və biznes mühitinə inteqrasiyası üçün müasir dövrümüzdə universitetlərin üzərinə böyük məsuliyyət düşür.

Digər çıxış edənlər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, Asiya İnkişaf Bankının Azərbaycanda ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala Filialının direktoru Raqif Qasımov forumun işinə uğurlar arzu edərək, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, “Kapital Bank”ın Gəncə filialının rəhbəri Vüqar Paşayev, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

Daha sonra "Universitetlərin innovasiya ekosistemində rolu" və "Müasir sahibkarlıqda innovasiyaların rolu" mövzusunda iki panel müzakirə təşkil olunub.

Sonda qonaqlar Aqrar Universitetinin müasir laboratoriyaları, tələbə parkı, tələbə evləri, maşın traktor parkı, açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, vivarium və istixana komplekslərində maddi-texniki baza ilə yaxından tanış olublar.

Избранный
50
5
azertag.az

10Источники