RU

Beyində hüceyrələrarası qarşılıqlı təsirlər qocalma prosesini necə formalaşdırır? - TƏDQİQAT

Bakı, 20 dekabr, AZƏRTAC

“Nature” jurnalında dərc olunan yeni tədqiqat beyində hüceyrələrarası qarşılıqlı təsirlərin qocalma prosesinə təsirini aşkara çıxarıb.

AZƏRTAC “Medical Press”ə istinadla xəbər verir ki, Stenford Universitetinin Genetika Departamentinin professoru Ann Brunetin rəhbərlik etdiyi tədqiqatda beyin hüceyrələrinin “məkan qonşuluğu” nəzərdən keçirilib. Məlum olub ki, bəzi hüceyrələr ətrafdakılara cavanlaşdırıcı təsir göstərdiyi halda, digərləri iltihabı və qocalmanı sürətləndirir. Xüsusilə, T-hüceyrələri iltihab əleyhinə təsir göstərərək, qocalmış beyin hüceyrələrinin qorunmasına kömək edir. Digər tərəfdən, sinir kök hüceyrələri yaxınlıqdakı hüceyrələrə cavanlaşdırıcı təsir edir. Bu hüceyrələrin rolunu daha dərindən anlamaq gələcəkdə beyin qocalmasının ləngidilməsi üçün yeni strategiyalar ortaya qoya bilər.

Tədqiqatda siçan beyninin həyat boyu gen ifadəsini əhatə edən “məkan təkhüceyrəli transkriptomik atlası” yaradılıb. Bu yanaşma hüceyrələrarası əlaqələri qoruyaraq, onların yaşlanma prosesinə necə təsir etdiyini araşdırmağa imkan verib.

Tədqiqatda Stenford Universitetindən biotibbi məlumat üzrə dosenti Ceyms Zou və doktorant Erik Sun qabaqcıl süni intellekt və qrafik neyron şəbəkələrindən istifadə edərək hüceyrələrarası qarşılıqlı təsirləri modelləşdiriblər. Bu metodika beyin hüceyrələrinin virtual simulyasiyasını həyata keçirməyə və fərqli hüceyrə növlərinin təsirlərini öyrənməyə imkan verib.

Alimlər bu tapıntıların Alzheimer və digər neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni imkanlar açacağını düşünürlər. A.Brunet gələcəkdə qocalma prosesini ləngidəcək və ya hətta geri qaytara biləcək cavanlaşdırıcı amillərin kəşfini hədəflədiklərini bildirib.

Избранный
37
azertag.az

1Источники