RU

Balans qorunur: Bizim gücümüz müstəqil xarici siyasətimizdədir  - RƏY

Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. 


Politoloq Turan Rzayevin “Sherg.az”a açıqlamasına görə, ölkə başçısının müsahibəsində  əsas diqqətçəkən məqam  Bakının prioritetləridir:

 “Prezident İlham Əliyevin son çıxışlarına, müsahibələrinə diqqət yetirdikdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamazdan öncə etməli olduğu üç aktı önə çəkdiyini görmək olur.  Ermənistan Konstitusiyanı dəyişməlidir, Ermənistan ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir və  Ermənistan ilkin mərhələdə Qərbi Azərbaycan icması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir.
Prezident Dmitri Kiselyova müsahibəsində də bu üç məsələyə xüsusi yer verib. Rəsmi Bakı “Ermənistan Konstitusiyanı dəyişməlidir” deyərək Ermənistanın bu gün və gələcəkdə Azərbaycana ərazi iddialarının qarşısını almaq, “Ermənistan ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir” deyərək sülh danışıqlarından kənar aktorları uzaqlaşdırmaq və məsələni regional müstəvidə saxlamaq, Ermənistan Qərbi Azərbaycan icması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir” deyərək isə münaqişəni başladığı əsaslara qaytarıb bitirmək istəyir”.

Politoloqun sözlərinə görə, prezidentin müsahibəsində digər diqqətçəkən məqam isə “…hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər” sözləri olub. T. Rzayev hesab edir ki, bu gün beynəlxalq münasibətlər, beynəlxalq hüquq dediyimiz anlayışlar İkinci Dünya müharibəsi nəticəsində yaranıb:

“Yəni kifayət qədər köhnəlib və qeyri-effektiv hal alıb. Məsələn, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər, İsrail-İran gərginliyi, Tayvan, Kipr, Kəşmir, Kosova, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinin dalana dirənməsi bunu bir daha təsdiqləyir. Son illər Üçüncü Dünya müharibəsinə dair fikirlər səsləndirilir. Yəni yeni dünya nizamını qurmaq üçün mütləq yeni dünya müharibəsinə ehtiyac yoxdur. Böyük güclər bir araya gəlib nizamı reformu keçirməlidir. Əks təqdirdə yeni dünya nizamı yeni bir dünya müharibəsindən sonra tərtib edilə bilər.
Ölkə başçısının Azərbaycanın xarici siyasəti ilə bağlı dedikləri də kifayət qədər əhəmiyyətli mesaj idi. Ölkə başçısı qeyd etdi ki, xarici siyasətin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə aktor kimi qəbul edilir: “Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.
Əslində, bu, mərhum Prezident Heydər Əliyev, daha sonra Prezident İlham Əliyevin apardığı balans siyasətidir. Cənubi Qafqaz hər zaman böyük güclərin diqqətində olub. Region ölkələrinin birqütblü siyasət yürütməsinin ağır fəsadları olur. Məsələn, Gürcüstan və Ermənistan fərqli vaxtlarda həm Rusiya, həm də Qərbmeyilli siyasət yürüdüb. Nəticədə hər iki ölkədə rəngli inqilab ssenariləri, ya da Gürcüstandakı kimi separatçılığın pik həddi yaşanıb.
Azərbaycanın son 35 illik tarixinə baxdıqda isə Ayaz Mütəllibov dövründə həddən artıq Rusiyapərəst, Əbülfəz Elçibəy dövründə xaotik Türkiyəpərəst siyasət, paraleldə İrana, Rusiyaya yersiz barmaq silkələmək ölkəni siyasi böhran, işğal və parçalanma riski ilə üz-üzə qoydu.
Yuxarıda qeyd etdiyim misalları nəzərə aldıqda deyə bilərəm ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin sirri balans siyasətindədir. Prezidentin də dediyi kimi, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir”.

Избранный
36
sherg.az

1Источники