RU

Türkiyə ilə İsrailin Suriyada toqquşması mümkün ehtimaldır - TƏHLİL

Ankara Təl-Əviv ilə dialoq qura bilsə, yəqin ki, ABŞ də Suriyada kürdlər məsələsində geri addım atıb, Türkiyə ilə razılaşmaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcəyini bildirib. O, bunu Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib: “Bizim prioritetimiz infrastruktur və mənzil tikintisi vasitəsilə suriyalıların gündəlik həyatını normallaşdırmaqdır, Suriyanın ərazi bütövlüyünü və unitar quruluşunu qoruyub saxlamaqdır”.
Livanın yardımından danışan Türkiyə lideri qeyd edib ki, hər iki ölkə “birgə hərəkət etməli olduqlarına razıdırlar”. "Suriyanın sabitliyi son 13 ildə Suriyada qeyri-sabitlikdən əziyyət çəkən bütün regionun sabitliyi deməkdir. Türkiyə kimi Livan da suriyalı qardaşlarımızı, qaçqınları qəbul etməkdən çəkinmədi. Həm Türkiyənin, həm də Livanın ortaq məqsədi Suriyanı dirçəltməkdir. Biz tələb olunanı etməyə davam edəcəyik. Təbii ki, bu prosesin uğurla başa çatması beynəlxalq ictimaiyyətdən güclü dəstək tələb edir” – deyə Türkiyə lideri əlavə edib.
Qeyd edək ki, Əsəd hakimiyyətinin sonu həm Suriya, həm də Yaxın Şərq üçün yeni bir dövrün başlanğıcıdır. Bəzi ekspertlər hesab edir ki, Əsədin devrilməsindən sonra yaranacaq vəziyyət, daha konkret desək, Suriyanın bölünməsi Türkiyə üçün daha böyük təhlükələr ortaya çıxaracaq. Digər kəsim isə iddia edir ki, son proseslərin əsas qalibi Türkiyədir. Rəcəb Tayyib Ərdoğan enişli-çıxışlı Suriya strategiyasında düzgün vaxt seçimi və kəskin həmlələr edərək, ölkəsi üçün əlverişli vəziyyət yarada bilib. Görünən odur ki, regionun yenidən dizayn edilməsində İranın yerini Türkiyə alacaq.
Xatırladaq ki, hadisənin ilk günlərində Suriyada baş verənlərə görə Rusiya və İrandan Türkiyəni ittiham edən açıqlamalar verildi. İran lideri Əli Xameneyi də Suriya hadisələrinə görə üstüörtülü Türkiyəni günahlandırdı və Ankaranın ABŞ və İsrail ilə birlikdə hərəkət etdiyinə eyham vurdu.
Əsəd devrildikdən dərhal sonra İsrail Ordusu həm Suriyanın cənubundakı işğalı genişləndirməyə başlayıb, həm də Suriya Ordusuna qarşı yüzlərlə aviazərbə endirib. İsrailin əsas hədəfi Dəməşqdə qurulacaq yeni hökuməti şimaldakı kürdlərə və cənubdakı dürzilərə muxtariyyət verməyə boyun əydirməkdir. İsrail birmənalı olaraq, qonşuluğunda vahid və güclü Suriya yerinə, bölünmüş və zəiflədilmiş Suriya axtarışındadır. İsrail yeni Yaxın Şərqdə kürdlərə status qazandırmaq istəyir, Türkiyə isə buna şiddətlə qarşı çıxır. 


 Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə də “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyə ilə İsrailin Suriyada toqquşması mümkün ehtimaldır. Onun sözlərinə görə, Türkiyə Suriya ilə bağlı siyasətini Astana formatı çərçivəsində dörd il ərzində planlaşdırırdı. Mövcud status - kvonun davam etməsi yeni Kürd dövlətinin yaradılmasına və ABŞ, Rusiya və İranın da maraqlarına cavab verirdi. Siyasi şərhçi bildirib ki, Türkiyənin Suriya siyasətini MİT başqanı İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan uğurlu şəkildə planlayıb:
 “Məhz “Heyəti Təhrir Əş-Şam” təşkilatının dini təşkilatdan siyasi təşkilata çevrilməsi, terror siyahısından çıxarılması Ankaranın apardığı uğurlu siyasətin tərkib hissəsidir”.

Politoloq, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrildiyini vurğulayıb: 

“Yaxın və Orta Şərqin, həmçinin Cənubi Qafqazda, Mərkəzi Asiyada aparıcı ölkəyə çevrilib. Türkiyə Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada Rusiyanın geosiyasi mövqelərinin kifayət qədər zəiflədib. Həmçinin İranın uzun illər həyata keçirdiyi “İslam İnqilabı” ideologiyasını fiaskoya uğratdı. Bundan sonra, Türkiyə Suriya siyasətini uğurla davam etdirəcək, mərkəzi hökumətin dayanıqlığını qoruyacaq. Əgər ABŞ Türkiyə qarşı PKK-YPG kartını ortaya atıb, kürd muxtariyyətini tələb edərsə, Hələb, Rakka, Menbiçi öz ərazi bütövlüyünə qatacaq. Bununla bağlı, Ərdoğan mesaj verdi”.
Ekspertin sözlərinə görə, İsrail Suriyanın cənub bölgəsinə daxil olaraq yeni ərazilər işğal edir. İsrail rəhbərliyi belə bir siyasi addım atmaqla Ankara ilə toqquşması mümkündür. İsrail Suriyada ərazilərdə möhkəmlənmək və Fələstinlə bağlı prosesləri arxa plana keçirməyə çalışır. Türkiyə İsraili Colan təpələri daxil olmaqla, Suriyadan çıxarıb, Fələstin dövlətinin tanınmasını reallaşdırmasına gedə bilər.
Türkiyə iki güclü ölkə olan Rusiya və İranı regiondan çıxartdı. ABŞ-nin 10 ildən artıqdır ki, Suriyanın şimal-şərqində dəstək verdiyi PKK-YPG terror təşkilatına qarşı əməliyyat həyata keçirir. Vaşinqton bununla razılaşmalı olub. Təbii ki, Ankara və Vaşinqton arasında Suriya ilə bağlı razılaşma var.
Göründüyü kimi, Türkiyə Rusiya, İran və ABŞ dəstəklədiyi silahlı təşkilatları sıradan çıxarır. Suriyanın şimal -şərqində PKK-YPG terror təşkilatına qarşı əməliyyatı uğurla həyata keçirtdikdən sonra, İsrailin Suriyanın cənubundan çıxarılması istiqamətində hərbi əməliyyatlar həyata keçiriləcək. Türkiyə üçün ən sərfəli çıxış yolu İsrail ilə razılaşıb, kürdləri oyundan çıxarmaqdır. Bu mənada, Ankara Təl-Əviv ilə dialoq qura bilsə, yəqin ki, ABŞ də Suriyada kürdlər məsələsində geri addım atıb, Türkiyə ilə razılaşmaya gedəcək. Təbii ki, Türkiyə ilə İsrail arasında vasitəçilikdə Azərbaycana xüsusi rol düşür və bu istiqamətdə diplomatiyanın aktivləşdiyini də görürük”.

Избранный
2
1
sherg.az

2Источники