RU

Mərkəzi Asiya Fintex Assosiasiyası Azərbaycanda bir sıra sazişlər imzalamağı planlaşdırır - MÜSAHİBƏ

Mərkəzi Asiya Fintex Assosiasiyası Azərbaycanda bir sıra sazişlər imzalamağı planlaşdırır.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Asiya Fintex Assosiasiyasının sədri Otabek Nasırov VIII Beynəlxalq Bankçılıq Forumunun kuluarlarında deyib.

"Azərbaycan Banklar Assosiasiyası ilə uzunmüddətli dostluğu nəzərə alaraq, yaxın zamanda tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırıq. Oxşar bir sazişi həmçinin, Azərbaycan Fintex Assosiasiyası ilə də imzalamağa ümid edirik. Bu sazişlər fintex şirkətləri, Mərkəzi Asiya və Azərbaycanın ənənəvi bankları arasında daha fəal dialoqun qurulması üçün əsas olacaq, eləcə də təcrübə və bilik mübadiləsi üçün gözəl imkan yaradacaq. Məlum olduğu kimi, pandemiyadan sonra Mərkəzi Asiya bazarı xüsusilə fintex və elektron ticarət sahəsində sürətli inkişaf nümayiş etdirir. Mən və Azərbaycan Banklar Assosiasiyasından olan həmkarlarım əminik ki, Mərkəzi Asiyadan olan bir çox uğurlu layihələr Azərbaycanda da tətbiq edilə bilər", - deyə o bildirib.

Otabek Nasırov qeyd edib ki, ümumi əməkdaşlıq Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında iqtisadiyyatın yüksək texnologiyalı sektorlarında inteqrasiya proseslərini sürətləndirməyə, son istehlakçılara yeni imkanlar, həllər, məhsullar və xidmətlər təqdim etməyə kömək edəcək.

"Mərkəzi Asiyada fintex sənayesinin aktiv inkişafı dövlət qurumlarının dəstəyi və əlverişli tənzimləyici mühitin yaradılması ilə müşayiət olunur. Bu da yerli şirkətlərin beynəlxalq bazarlara çıxmasına və qlobal maliyyə ekosistemində mövqelərini gücləndirməsinə şərait yaradır. Yaxşı bir nümunə olaraq, fintex şirkəti "Alif"in Pakistan bazarına çıxmasını göstərmək olar. Şirkət BNPL [buy now, pay later] məhsulları, qısamüddətli kreditlər, B2B maliyyələşdirmə və pul köçürmə xidmətləri ilə fəaliyyət göstərir", - deyə o əlavə edib.

Otabek Nasırov Qafqaz və Mərkəzi Asiyada fintex bazarlarının inkişafında tənzimləyicilərin artan rolunu vurğulayıb. Onun sözlərinə görə, bu, ənənəvi olaraq innovativ iqtisadiyyat sektorlarının güclü olduğu digər regionlar üçün də xarakterikdir.

"Azərbaycanın fintex bazarının, o cümlədən ənənəvi bankları da əhatə edən maliyyə xidmətləri sektorunun inkişafında böyük perspektivlər görürəm. Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankının nümayəndəsinin tənzimləyici ödəmə xidmətləri bazarına yeni iştirakçıların cəlb edilməsini təşviq etməyə davam etməsi barədə verdiyi məlumatı oxuyub məmnun oldum. Yeni iştirakçıların hüquqlarının qorunması, bərabər şərtlərin təmin olunması və sağlam rəqabət mühitinin yaradılması Azərbaycan Mərkəzi Bankının əsas prioritetlərindən biri olacaq.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının strateji yanaşmasına uyğun olaraq, fintex şirkətləri və digər ödəmə xidmətləri təminatçılarının inteqrasiyası həyata keçirilir. Bu çərçivədə tənzimləyici onların fəaliyyətini nəzarətdə saxlayır və bazarın tələblərinə uyğun olaraq yeni məhsul və xidmətlərin təqdim olunmasını təmin edir. Xüsusi tənzimləmə rejimi çərçivəsində tənzimləyici təkcə yeni təşkilatların sistemə qoşulmasını və onların bazardakı fəaliyyətini dəstəkləmir, həm də onların inkişafını və məhsul çeşidini genişləndirməsini stimullaşdırır", - deyə o bildirib.

Otabek Nasırov qeyd edib ki, Azərbaycanda tənzimləyici maliyyə xidmətləri sektorunda yüksək rəqabətli bazarın formalaşdırılması üçün mərhələli şəkildə şərait yaradır.

"Əminəm ki, gələn il Azərbaycanın fintex bazarı üçün maraqlı olacaq və biz hamımız yeni iştirakçıların və xarici investisiyaların bazara daxil olmasının şahidi olacağıq. Öz növbəsində, Mərkəzi Asiya Fintex Assosiasiyası Azərbaycan fintex şirkətlərinə Mərkəzi Asiya ölkələrinin bazarlarını öyrənmək və orada tərəfdaşlar tapmaqda kömək etməyə hazırdır", - deyə o yekunlaşdırıb.

Избранный
15
1
day.az

2Источники