Ramiz Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir; sabiq nazir: “Belə məmurları seçib vəzifələrə təyin edərkən...”
Beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyalar aparan Ramiz Vəliyev həbs edilib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilinir.
R.Vəliyev istintaqa ifadələrində artıq hər şeyi etiraf edib və bəlli olub ki, uzun müddət dövlətin səbrinə məhəl qoymadan onun əleyhinə fəaliyyətində heç də tək olmayıb. O və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə əsl detektiv seriallarda olduğu kimi şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq “Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb. Şəbəkə üçün çox mükəmməl təhlükəsizlik parametrləri olan internet resursu yaradılıb və onun ixtiyarına verilib, dövlətə qarşı informasiya təxribatları və istintaqla araşdırılmalı olan diversiyalar törədilib.
R.Vəliyevin fəaliyyəti kuratorları Niyaz və Toğrul adlı şəxslər tərəfindən idarə olunub. Düzdür, iz itirmək üçün Niyaz qısa zamanda işdən azad edilsə də, bu heç də onun və digər kuratorların istintaqdan yayınacağı anlamına gəlməməlidir.
Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, “mənəm-mənəmlik” sindromundan əziyyət çəkən bir qurumun rəhbərinin əmrləri ilə öz dövlətinə qarşı işləyib. Şəbəkə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin xarici işlər nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb, “diktatura” rejimini təmsil edən bu şəxsləri qəbul etməməyə çağırıb. R.Vəliyev XİN sistemində işə bərpa olunduğu üçün onun daxili materiallara çıxışı olub və ətrafına çəkdiyi mütəşəkkil dəstə vasitəsilə bu materialları aidiyyəti ünvanlara ötürüb.
Bu şəbəkənin əsas işlədiyi və məlumat ötürdüyü şəxs Azərbaycan xalqının düşməni olan Rasmus Kanbek (Rasmus Canback) olub. Bu ad Azərbaycan ictimaiyyəti üçün çox şey deməsə də, Qərbdən idarə edilən, xüsusilə erməni diasporu/lobbisi ilə bu və ya digər formada bağlı olan şəbəkənin “xaç atalarından” biridir. Ayrı-ayrı şəxslərin üzərində işləyiblər. Şəbəkə Prezident Administrasiyasını, Müdafiə Nazirliyini, Prezidentin Mühafizə Xidmətini, eyni zamanda bir gün iqtisadiyyat naziri Mikayıl Cabbarovu, daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi və digərlərini hədəfə alıb. Göründüyü kimi, həm şəbəkə, həm də onu təşkil edərək istiqamətləndirənlər artıq ifşa olunub. Diplomat necə olub ki, belə bir anti-Azərbaycan şəbəkə formalaşdırır?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov dövlət düşmənləri olan məmurları vaxtında aşkarlayıb ifşa etməyin vacibliyini vurğuladı: “Tarixdə dövlət vəzifəsində çalışan şəxslərin təsirə salınaraq nələrinsə qarşılığında öz ölkəsinə qarşı təxribatlarda iştirak etməsi halları həmişə olub. Bu sırada bizim məmurların da istisna təşkil etməsi mümkün deyil. Belə məmurları seçib vəzifələrə təyin edərkən rəhbərin də qarşısındakı insanın xislətini tam müəyyən edə bilməsi mümkün deyil. Lakin bu durumu bir qədər neytrallaşdıra biləcək işlər görmək mümkündür. Təsadüfi, sınaq yolu keçməmiş adamların vəzifələrə təyin olunmasının qarşısını almaq üçün hər bir sahədə "kadr bankı"nın yaradılması zəruridir. Kadrlar dövlətin taleyini həll edən şəxslərdir. Şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutan hər kəs bu dövlətin düşmənidir. Belələrini vaxtında aşkarlayıb ifşa etmək gərəkdir".
Keçmiş millət vəkili, siyasi təhlilçi Sona Əliyeva ifşa olunan casusun ləqəbinin onun xislətini açıq şəkildə göstərdiyini qeyd etdi: “Ramiz Vəliyev adlı şəxs hələ 90-cı illərin ortalarından Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Maraqlıdır ki, bu şəxsin diplomatlar arasında ləqəbi "Çaqqal" olub. Düşünürəm ki, belə bir şəxsin Azərbaycanın mənafelərinə zərbə vurmasında, ölkəmizin əleyhinə fəaliyyət göstərməsində təəccüblü heç nə yoxdur. Çünki bu adamın ləqəbi onun xislətindən xəbər verir. Görünür, xarici xüsusi xidmət orqanlarının təsir dairəsinə düşüb və psixoloji zəifliyi, xaraktersizliyi və ya əzikliyi onun belə bir addım atmasına gətirib çıxarıb. Livanda səfirlikdə işləmiş Ramiz Vəliyevin əlaqələrinin araşdırılması isə ayrıca bir mövzu olmalıdır. Misirdəki səfirlikdə çalışdığı dövrə gəlincə, həmin müddətdə onun fəaliyyətinin ancaq içki aludəçiliyi ilə yadda qaldığı bildirilir. Saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, Ramiz Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib. Onun belə bir siyasi keçmişinin olması onu deməyə əsas verir ki, daxildəki müəyyən qaranlıq simalardan dəstək alıb. Hüquq-mühafizə orqanları Ramizin dəstəsini ifşa etməklə kifayətlənməməli, həmin qaranlıq “donorları” da üzə çıxarmalıdır".
///“Yeni Müsavat”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта