İsrail səfirliyi görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti zəif olan 4 Azərbaycan vətəndaşına innovativ “OrCam MyEye” cihazlarını hədiyyə edib.
APA xəbər verir ki, bununla bağlı səfirlik tərəfindən “Görüş işığı: İsrail texnologiyası ilə həyatları dəyişmək” adlı tədbir keçirilib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik İsrail-Azərbaycan münasibətlərindən bəhs edib: “Azərbaycan-İsrail əlaqələrinin tarixi dərindir. Əlbəttə ki, diplomatik əlaqələr çox vacibdir, ancaq xalqlar arasındakı bağlılıq daha çox vacibdir”.
“Bu gün burda təqdim etdiyimiz cihaz unikal cihaz deyil, həm də bir işıq simvoludur. İnanıram ki, bu gün 4 nəfərə təqdim ediləcək bu qurğu onların həyatında dəyişikliyə səbəb olacaq, bu cihaz iki millət arasında olan bir simvol olacaq”, - diplomat qeyd edib.
Daha sonra “OrCam MyEye” cihazının xüsusiyyətlərindən bəhs edilib.
Qeyd edilib ki, adıçəkilən cihazlar vizual süni intellekt mütəxəssisləri tərəfindən hazırlanıb. Bu müasir alət görmə məhdudiyyətləri olan şəxslərə mətn oxumaq, üzləri tanımaq və ətraf mühitdə istiqamət tapmaq üçün əhəmiyyətli dəstək verir.